ilham-ramiz

İlham Əliyevə yenə xəbərdarlıq edildi

Naxçıvan və Qərbi Azərbaycan klanı ölkə başçısına yenidən namizəd olmaq ultimatumu göndərdi

Hakimiyyət daxilində 2013-cü il prezident seçkisi ilə bağlı ziddiyyətlər davam edir. Iqtidardakı Naxçıvan və Qərbi Azərbaycan klanı növbəti prezident seçkisində YAP-ın namizədi kimi Ilham Əliyevi görmək istəyir. Və bu istəyi açıq-aydın şəkildə bəyan edir. Naxçıvan və Qərbi Azərbaycan klanının Ilham Əliyevin üzərində dayanması heç də ona sevgi və sədaqətdən irəli gəlmir. Ilham Əliyevi yenidən prezident postuna əyləşdirmək klana hakimiyyətə nəzarət imkanlarını əldə saxlamaq üçün lazımdır.
“Naxçıvan klanı” çox yaxşı anlayır ki, başqa bir qrupun -xüsusilə Paşayevlərin lokomotivi olduğu Bakı-Şirvan klanının hakimiyyəti ələ keçirməsi onların intiharı demək olacaq. Paşayevlər isə hələ 2008-ci il prezident seçkisindən sonra belə bir plan üzərində işləyirlər. Ilham Əliyev ikinci dəfə prezident postuna yiyələndikdən sonra onlar 2013-cü ildə Mehriban Əliyevanın növbəti seçkidə iştirakını gündəmə gətirdilər. Naxçıvan və Qərbi Azərbaycan klanı bu planı referendumla pozmağa çalışdı. Konstitusiyada bir nəfərin dalbadal iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa ləğv edildi.
Bununla belə son proseslər, xüsusilə Sarkozinin Azərbaycana səfəri zamanı məxsusi olaraq Mehriban Əliyevanı təltif etməsi, bundan sonra Ilham Əliyevin “Əl Cəzirə” telekanalına müsahibəsi zamanı 2013-cü il prezident seçkisində namizəd olub-olmayacağı barədə tərəddüdlər danışması Naxçıvan və Qərbi Azərbaycan klanının narahatlığına səbəb olub. Hətta o səviyyədə ki, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun timsalında Naxçıvan klanını təmsil edən və münasibətlərində sərinlik olan bu iki məmurun bir araya gəldiyi deyilir. Məşhur Qəbələ səfəri də məhz bu cür yozuldu. 
Bununla kifayətlənməyən Naxçıvan və Qərbi Azərbaycan klanı Ilham Əliyevə ultimatumlar göndərməyə də başlayıb. YAP-ın icra katibi Əli Əhmədovun 2013-cü ildə hakim partiyanın namizədinin məhz Ilham Əliyev olacağı barədə söylədiyi fikirlər dediklərimizə misal ola bilər. Ölkə başçısının “Əl-Cəzirə”yə müsahibəsində üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürməklə bağlı hələ qərar vermədiyini söyləməsinə baxmayaraq, Əli Əhmədov 2013-də onun namizəd olacağından danışır. “2013-cü ildə keçiriləcək prezident seçkisində, inşallah, Ilham Əliyev yenidən namizədliyini irəli sürəcək”, – deyə YAP rəsmisi “Mediaforum”a açıqlamasında bildirib.
Əli Əhmədovdan əvvəl YAP-çı deputat Eldar Ibrahimov da oxşar bəyanatla çıxış etmişdi. Naxçıvan və Qərbi Azərbaycan klanı bu vasitə ilə Ilham Əliyevə təzyiq edərək onun 2013-cü il prezident seçkisində iştirakına nail olmaq istəyir. Ölkə başçısının bu ultimatumlar qarşısında geri çəkilib-çəkilməyəcəyini isə zaman göstərəcək.

Analitik şöbə