İlham Əliyevə məktub

Yaxın bir adamım institutu bitirib müəllimlik fəaliyyətinə harda başlayacağını, azad təyinatmı, yoxsa konkret bir yerə təyinat almaq gərəkdiyini götür-qoy eləyəndə qarşıya bir düjün problem çıxdı. Aydın oldu ki, azad təyinat heç cür sərf eləmir, çünki o təyinatla hansısa məktəbdə iş almaq üçün bir neçə min manat tapmaq lazım gələcək. Halbuki, hələ institutu bitirəndə gələcək Azərbaycan müəllimi 1000 manat borcun altında itib-batmışdı. Bu məbləğ dövlət imtahanı və diplom müdafiəsini uğurla sovuşdurmaq üçün alınmış borcdan yaranmışdı. Onu da deyim ki, hələ rektorun ən yaxın, ev adamı olan çox əziz bir dostun sayəsində mümkün olmuşdu, yoxsa borcun iki mislini ödəmək lazım gələcəkdi.

Gələcək müəllim ağıllı çıxdı. Hardasa iş almaq və ona veriləcək cüzi dərs saatından o borcların altından çıxa bilməyəcəyini əsas gətirərək dekanlarının ona verdiyi məsləhətin daha sərfəli olduğunu bildirdi və ucqar dağ rayonlarından birinə təyinat alacağını, tezliklə borcdan çıxıb rahat nəfəs dərəcəyini söylədi. Deyəsən, hələ Sovet dönəmindən belə qayda varmış. O cür yerlərə təyinat alanların xüsusi imtiyazları olurmuş. Üstəlik, ona bələdiyyədən torpaq sahəsi də ayrılacaqmış. Həmin rayonun təyinat alınmış həmin kəndinin indi sanatoriya tipli bir yer olduğunu, hakimiyyətin bütün bərkgedənlərinin o məşhur kənddə villalarının yerləşdiyini nəzərə alsaq, alınacaq 6 sot torpaq payı qətiyyən maraqsız görünmürdü.
Gənc adam üç illik əzab-əziyyəti, yad bir yerdə, soyuq iqlimdə, özgə evlərdə keçirəcəyi zamanı bu iki səbəbə görə (Dövlətin onu zorən yüklədiyi para borcu və torpaq həvəsi) qəbul elədi və həmin rayona yollanıb kəndinə yetişdi.
Doğrusu deyilərsə, bir dərs ilində adam borcdan qurtuldu. Ancaq yerli bələdiyyəyə get-gəllərin bir xeyri olmadı. Gah vədlər aldı, gah gedişlərində başqanı yerində tapa bilmədi. Qapıdan girdi, başqan bacadan qaçdı, bacadan girdi – qapıdan. Dostumuz mənə üz tutdu. Mən də ölkənin bütün gerçəkliklərini nəzərə alıb, məsələn, Əli Həsənovun, Kəmaləddinin, Ziyanın villa tikdiyi bir yerdə ona torpaq almağın mümkünsüzlüyünü bildiyimdən sadəcə, gələcək üçün qanuni tutacaqlar qoymanın vacibliyini anlatmağa çalışdım. Yəni indi özünü şəhid eləməyin xeyri yoxdu, heç olmasa, bandanın hegemonluğunun başa çatdığı xoş bir gündə məhkəməyə ağız açmağa əsas olsun deyə, bələdiyyə başqanına rəsmi məktubla müraciət etməyi, məktubunu qeydiyyatdan keçirməyi məsləhət gördüm. Torpaq əldə eləyə bilmək üçün yox a, sadəcə tarix üçün.
Hə, sözümün canı o torpaqda deyil. Bizim Redaktorlar Birliyinn Ilham Əliyevə məktub ünvanlandığı haqda xəbəri oxuyanda bu məsələni xatırladım.
Aydın məsələdi, bizim sayğılı redaktorlar yaxşı bilir ki, onların haqqında məlumat verdiyi mətbuat yayımı ilə bağlı biabırçı durum məhz elə dövlət başçısının apardığı siyasətin, yanaşmanın məhsuludu. Ola bilər ki, tutalım, Əliyev bilmir harda neçə ədəd köşkü yığışdırıblar, hər neçə min oxucuya neçə qəzet köşkü düşmək yerinə neçəsi düşür, neçə kənddə ümumiyyətlə köşk yoxdu və s. Ancaq ümumi mənzərə sirr deyil. Əsas olan odu ki, bu ölkədə qəzet oxunmasın. Çünki hakimiyyətin öz kurasiyasında olan qəzetlərin satışı onlar üçün maraqlı deyil, bunun daha yaxşısı, televiziyalar var. Ancaq yayım işi qaydasında olsa, iki-üç qəzet ki var, dövlət başçısının onlardan ilanın yarpızdan zəhləsi gedən kimi zəhləsi gedir, onları xalq oxuyar və ağlı başına gələr.
Nə isə, xalqın ağlı başına nə vaxt gələcək bilmirəm, ancaq bu məktub Ilham Əliyevə yox, gələcəyə yazılıb. Düşünəndə adamı zəhm basır: Ilahi, gələcək üçün nə qədər şey yazılıb. Həmin o gələcək gün, onları həll eləməyə nə qədər zaman lazım gələcək!!!