Cümşüd Nuriyevin Sarkozini asıb-kəsməsinin kökündə hakimiyyətdaxili ziddiyyətlər dayanır
Politoloq Cümşüd Nuriyev Fransa prezidenti Nikola Sarkozini sərt şəkildə tənqid edib. O, “Olaylar” qəzetinə müsahibəsində deyib ki, Sarkozinin Azərbaycana səfərinin ölkəmiz üçün hansısa bir uğur gətirəcəyindən danışmaq siyasi korluqdur: “Bu səfər konkret olaraq Azərbaycana heç bir uğur gətirmədi. Ümumiyyətlə, Fransanın bir dövlət kimi öz mövqeyi də yoxdur. Nikola Sarkozinin hakimiyyətə gəlişindən sonra isə Fransa Avropada ikinci, üçüncü qrup dövlətlər sırasına düşüb. Ona görə də Sarkozinin regiona, o cümlədən Azərbaycana səfərindən nəsə gözləmək sadəlövhlükdür”.
Azərbaycan hakimiyyətinin, Əliyevlər ailəsinin Fransaya xüsusi rəğbətinin olması sirr deyil. Hətta Sarkozinin səfəri ərəfəsində Ilham Əliyevin xanımı Mehriban Əliyeva Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupundan Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna transfer edib. Elə bu rəğbətə görə Nikola Sarkozi Azərbaycana səfər edərək ölkəsinin ali mükafatı ilə Mehriban Əliyevanı şəxsən təltif etdi. Bu təltifetmə Fransa hakimiyyətinin Paşayevlərə siyasi jesti kimi dəyərləndirildi. Və hakimiyyətdəki Paşayevlərə rəqib qruplaşmaların Fransa prezidentinə hücumlarına rəvac verdi. Cümşüd Nuriyevin fikirlərini bu hücumların tərkib hissəsi hesab etmək olar. Politoloq fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. “Fövqəlnazir” isə Naxçıvan klanını təmsil edən və Paşayevlərin 2013-cü illə bağlı iddialarına qarşı çıxan məmurlardan biridir.
Cümşüd Nuriyevin hakim ailənin dost hesab etdiyi bir şəxsi özbaşına tənqid atəşinə tutması inandırıcı görünmür. Ona görə də düşünmək olar ki, politoloq şefindən aldığı sifarişi yerinə yetirib.
Azad