Dərhal mətləbə keçək. Xaricdən idxal olunan malların bizim gömrük orqanlarında gizlədilməsi faktları təzə xəbər deyil. Müxtəlif ölkələrin Azərbaycana ixrac etdiyi məhsulların həcmi və dəyəri bizə gələndə kəskin şəkildə “azalır”. Səbəbi də çox sadədir. O malların bir hissəsi rəsmiləşdirilir, qalanını ölkəyə sənədləşdirmədən buraxırlar və onlara görə alınan dövlət rüsumu yeyilir. Yəni sahibkarlardan rəsmi ödəmələrdən əlavə alınan rüşvət bəs etmir, üstəlik, dövlətin rüsumu da mənimsənilir. Bu haqda çox araşdırmalar olub və bəlli olur ki, son illərdə bu cür oğurluq hesabına ölkənin azı 10 milyard manatı oğurlanıb. Dövlət orqanları özləri dövlətimizi – yəni, bizi talamaqdan əl çəkmir.
Buyurun, daha bir faktı nəzərinizə çatdırım. Iqtisadçı ekspertlər Rövşən Ağayev və Cavid Xəlilovun hazırladığı “Hökumətin aqrar siyasətinin effektivliyinin qiymətləndirilməsi” adlı tədqiqatın köməyi ilə Azərbaycan kəndinin dərdləri barədə yazı hazırlamaqdayam. Bu sənəddə çox maraqlı bir fakta rast gəldim. Deməli, Azərbaycanın gömrük statistikasının məlumatına görə, 2009-cu ildə Gürcüstandan ölkəmizə ümumilikdə 10,8 min ton sitrus meyvələri idxal olunub. Lakin Gürcüstandakı rəqəmlər tamam fərqlidir. Buyurun, diqqət yetirin. Bu ölkənin inzibati ərazisinə daxil olan Acarıstan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Acarıstan MR-da aqrar sektorun stiuativ analizi” adlı hesabatından aydın olur ki, təkcə Gürcüstanın bir inzibati ərazisindən 2009-cu ildə Azərbaycana 31,7 min ton sitrus meyvələri ixrac olunub (Bax:Http://www.moa.ge/uploads/Strategic%20plan %20for%20regional%20agro-sector%20develop ment%202010.pdf )
Bu, Azərbaycanın gömrük statistikasında göstərilən rəqəmdən təxminən 3 dəfə çoxdur.
Hələ Gürcüstanın başqa bölgələri də var. Görün nə böyüklükdə cinayətə əl atırlar. Ölkəyə daxil olan malların ən azı yarıdan çoxu, bəlkə də 90 faizi rəsmiləşdirilmir və buna görə ödənilən gömrük haqqı gizlədilir. Və yeyilir. Dəyərli oxucular, yada salım ki, bunlar sizin pullardır…
Illər öncə mən banan idxalı ilə bağlı jurnalist araşdırması aparırdım və yenə də təzadlı gömrük rəqəmləri ilə üzləşdim. Rəsmi sənədlərə görə, 2008-ci ildə Azərbaycan 9,4 min ton banan idxal edib. Bu çoxdur, yoxsa az? Maraqlıdır ki, əhalisi bizdən iki dəfə az olan Ermənistan həmin il 18,2 min ton banan idxal edib. Bu, miqdar baxımından bizdəkindən iki dəfə çox edir, əhalinin sayı nisbətində isə 4 dəfə çoxdur. Ekspertlərə görə, 9,4 min ton banan təkcə şirə zavodlarının damlalarına, yəni bu zavodların tələbatına bəs edərdi. Əslində, bu miqdar gömrükdə tam sənədləşdirilməyən banan idxalının yalnız cüzi bir hissəsidir. Malın qalan hissəsi sənədləşdirilmədən ölkəyə buraxılıb. Nəzərə alaq ki, elə Ermənistanda da gömrük maxinasiyaları var, onda ölkəyə daxil olan bananın daha böyük hissəsinin gömrük rüsumundan yayındırıldığı məlum olur. 9,4 min ton banan idxalı o deməkdir ki, Azərbaycanda ildə adambaşına 1 kq banan yeyilir. Halbuki bu göstərici Rusiyada 6,6, Türkiyədə 5, Rumıniyada 6, Əlcəzairdə 4-dür. Avropa ölkələrində isə 10-dan yuxarıdır. Ukrayna 2008-ci ildə 297 min ton banan idxal edib. Ukraynanın əhalisi bizdən təxminən 5 dəfə çoxdur. Həmin nisbəti götürdükdə biz 60 min ton banan idxal etməli idik. Amma, guya, biz 10 min tona da ehtiyac duymamışıq.
Necə bəyəm? Faktın və cinayətin buynuzu olur bəlkə?