“BMT TŞ-ə üzvlüyün çətinlikləri çox olacaq”

Amerikalı ekspert Azərbaycanın yeni statusu haqda nələr deyir?

“Bu üzvlük Azərbaycanın daxili siyasətini beynəlxalq gündəmə gətirəcək”

 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvlük səsverməsində əsas rəqibi Sloveniyanı 40 səs geridə qoyub və Şuraya iki illik qeyri-daimi üzvü seçilib. Beləliklə, Azərbaycan 2012-ci ilin yanvarından Şərqi Avropa regionunu Təhlükəsizlik Şurasında təmsil edəcək. Vaşinqtonda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülənt Əlirza bununla bağlı “Azadlıq” radiosunun suallarını cavablandırıb. Müsahibəni ixtisarla təqdim edirik.

–   Azərbaycanın  BMT Təhlükəsizlik  Şurasına qeyri-daimi üzv seçilməsi nə qədər önəmli hadisədir ölkə üçün?
–  Müstəqilliyin 20-ci ilində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi iftixarvericidir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu qaldıracaq.
Qeyd edim ki, Türkiyə Cumhuriyyəti həmin yerə sahib olmaq üçün 50 il gözləməli və seçilməyə cəmi iki il əvvəl nail ola bilmişıdi. Türkiyə o vaxt  bunu diplomatiyasının çox ciddi uğuru kimi təqdim etmişdi. Azərbaycan indi dünya əhəmiyyətli qərarların qəbulunda müəyyən qədər iştirak edəcək.
Bu da ölkə üçün həm fəxrdir, həm də məsuliyyət. Bu statusun Azərbaycan üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər.

– Qeyri-daimi üzvlüyə seçim vaxtı ölkələrin hansı göstəricilərinə üstünlük verilir?
– Adətən qonşularıyla ciddi problemləri olan ölkələr kənarda qalırlar. Həm də  seçilmək üçün ciddi lobbiçilik etməyə ehtiyac var. Bu baxımdan, ciddi uğurdur, amma o qədər də şişirtməmək lazımdır, çünki çətinliklər də çox olacaq.

– Daha spesifik desək, bu postda olmaq Azərbaycana hansı üstünlükləri verəcək?
– Qeyri-daimi üzvlər Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı istədikləri vaxt  söz alıb çıxış edə bilərlər. Qeyri-daimi üzv olmayanlar isə çıxış etmək üçün sədrə müraciət edib müəyyən prosedur keçməlidirlər. İndi Azərbaycan istədiyi mövzuya istədiyi vaxt münasibət bildirə biləcək.
Bundan başqa, qeyri-daimi üzvlər də daxil olmaqla 15 üzv ölkənin hər biri rotasiya qaydasında bir ay müddətinə Şuraya sədrlik edir. Sədr ölkə toplantının gündəliyini müəyyən edir, kimin çıxış edəcəyi barədə qərar verir. Bu baxımdan, Azərbaycanın nüfuzu daha da artacaq və digər ölkələr Azərbaycanla yaxşı münasibətlər qurmağa çalışacaqlar. Qeyri-daimi üzvlərlə yaxşı münasibətlər qurmaq üçün adətən ölkələr ciddi lobbiçilik edirlər.

– Bəs, səsvermə prosesində Azərbaycanın hansı səlahiyyətləri var?
–  Bir qeyri-daimi üzv olaraq Azərbaycan da səsvermədə iştirak edəcək və bu da o deməkdir ki, səs çoxluğuna təsir edəcək. Prosedura görə, qeyri-daimi üzv neytral da qala bilər. Amma əlbəttə ki, daimi üzvlərdən fərqli olaraq qeyri-daimi üzvlərin veto hüququ yoxdur və bu da o deməkdir ki, bütün ölkələr səs versə, Azərbaycan səs verməsə belə sənəd qəbul olunacaq. Yəni, Azərbaycanın səlahiyyətləri müəyyən sərhədlər daxilində olacaq.

– Səsvermədə iştirak yəqin ki, Azərbaycanı üçün həm də ölkələr arasında seçim etmək və bu ölkələrlə sonrakı münasibətlər baxımından çətinliyə salacaq.
– Əlbəttə belədir. İndiyə qədər Azərbaycan həmişə həm İsraillə, həm də Fələstinlə yaxşı münasibət saxlayıb. Yaxın günlərdə BMT-də Fələstinin dövlət kimi tanınması məsələsi gündəmə qalacaq. Bu zaman Azərbaycan seçim qarşısında olacaq, o, mövqeyini bildirməlidir.
Ümumiyyətlə, Azərbaycan əvvəllər neytral qaldığı məsələlərdə  indi mövqe bildirməli olacaq, bu da onun üçün bəzən mənfi, bəzən də müsbət nəticələnə bilər.  Nəticədə Azərbaycan diplomatiyası həm çətin günlər yaşayacaq, həm də daha da aktivləşəcək.
Məsələn, keçən il İran məsələsi gündəmə gəlmişdi və ABŞ Türkiyənin İrana yeni embarqo qoyulması ilə bağlı təklifi dəstəkləməsini istəmişdi, amma Türkiyə buna razı olmamışdı. Bu da ABŞ Türkiyə münasibətlərinə mənfi təsir etmişdi. Buna bənzər bir vəziyyət də qarşıdakı iki il də Azərbaycan üçün yarana bilər. 

– Bu üzvlük Azərbaycanda demokratik islahatlara hansısa təsir göstərə bilərmi?
– İndiyə qədərki təcrübə göstərib ki, qeyri-daimi üzvlərə demokratiya ilə bağlı heç bir təzyiq edilmir. Onlar bu posta qeyri-demokratik gəlib, qeyri-demokratik gediblər.
O baxımdan, Təhlükəsizlik Şurasında üzvlüyə görə Azərbaycanda demokratiya ilə bağlı ciddi islahatlar gözləmək doğru olmazdı. Amma bu üzvlük Azərbaycanın daxili siyasətini beynəlxalq gündəmə gətirəcək, beynəlxalq medianın diqqətini bu ölkəyə yönəldəcək. Bu da, xüsusilə də Ərəb baharından sonra Azərbaycandakı demokratik qüvvələri həvəsləndirə bilər.