Yaptokratların “ərəb baharı” ilə başlayan qarın ağrısı Qəzzafinin öldürülməsindən sonra daha da güclənib. Bu saat onsuz da fərli olmayan ölkə kanalizasiyası özünün ən məhsuldar günlərini yaşayır. Ölkəyə pampers gətirənlər gücləndirilmiş iş rejimində çalışır. Apteklərdə ciddi tetrasklin çatışmazlığı yaranıb.
Dünən qəzetlərdə Zahid Orucun açıqlamasına sataşdı gözüm, deyirdi ki, “Qəzzafinin amansızlıqla qətli pis bir ənənənin başlanğıcını qoyub, bu qəddarlığı görənlər artıq ona qarşı pislik edənləri məhz bu vasitəylə cəzalandıracaqlar”.
Gələcək zamanda danışmaq nə üçün, cənab Oruc? Nəğdi qoyub nisyə dalınca niyə qaçırsan? Niyə əvvəlcə özünün sevimli hakimiyyətinin Qəzzafi kimilərin qoyduğu pis ənənəni davam etdirməsini demirsən? Fərqli düşünənləri, müxalifləri, tənqidçiləri Qəzzafi, Qəzzafikimilərin qoyduğu pis ənənə ilə – sifarişli həbslərlə, sürgünlə, döyülməylə, öldürülməylə cəzalandırmağından danışmırsan?
Ümumiyyətlə, cənab yaptokratlar, soğan yeməmisiniz, içiniz niyə göynəyir? Nədən narahatsınız? Nədir bu əndişənizin, həyəcanınızın sirri? Nə vaxtdan humanist oldunuz? Bu gün Qəzzafinin öldürülməsinə görə sızlayan vicdanınız beş ay əvvəl “azadlıq” qışqıran 5 yaşlı qızcığaz sürüdülərək polis maşınına atılanda niyə susurdu? Qəzzafiyə ürəyiniz ağrıyır, amma bir baş redaktoru torbaya qoyub hansısa gölün qırağına aparanda, ölümünə döyüb sonra da ayağının üstündən maşın sürəndə hardaydı o ürək? Heç kimə kələk gələ bilməzsiniz: sizin mərhəmətiniz də deputat mandatınız kimi saxtadır.
Əlbəttə, sizi yaxşı başa düşürük: o dağa qar yağdı, bu dağa xəbərdi. Artıq dünyada öz xalqlarının hüquq və azadlıqlarını çeynəyib keçən, onun iradəsi ilə hesablaşmayan, 21-ci əsrdə krallıq qurmaq fikrinə düşən, fərqli düşüncəni, alternativ fikri nifrətlə qarşılayan, onu sevməyən hər kəsi düşmən qiyafəsində görən, korrupsiya və repressiya üzərində qurulan, yalan və yaltaqlığı idarəçilik normasına çevirən rejimlərə yer qalmadığının fərqindəsiniz. Qəddafilər, mübarəklər, bin əlilər üçün yetişən hesab gününün sizin üçün də olacağını bilirsiniz. Azərbaycan xalqının bədbəxtliyi üzərində abad olan xanimanınızın başınıza yıxılacağına az qaldığını anlayırsınız. Bu əndişəniz, narahatçılığınız ona görədir. Qoyun deyilik, başa düşürük: bu gün sizin xurcuntayınız olan Qəzzafi üçün gözyaşı tökürsünüz, amma Qəzzafi deyil qansız bir diktator, məsələn, Azərbaycanda hansısa tənqidçi jurnalist olsa idi, çoxdan başına min cür it oyunu gətirmişdiniz.
Nə isə. Söhbəti çox da uzatmayım, onsuz da özünüz öz sonunuzu bizdən daha yaxşı görürsünüz, bizdən daha yaxşı fərqindəsiniz aqibətinizin necə olacağının. Elə ikidə bir təkrarlayıb durduğunuz “Liviya baş verənlər Azərbaycanda təkrarlana bilməz” bəyanatlarınızın çürük qoz qədər dəyəri olmadığını da bizdən daha yaxşı anlayırsınz.
Zatən bu gün cavabını gözləyən sual da heç ərəb inqilablarının bizdə baş verib-verməyəcəyi deyil, hətta özünüz də bu sualın doğru cavabını ürəyinizdə çox yaxşı bilirsiniz. Əsl maraq doğuran sual budur: görəsən, gün gələcək, “Azərbaycanda baş verənlər bizdə təkrarlana bilməz” bəyanatını hansı ölkənin başdanxarab rejimi verəcək?
Mənsə yazını sizin gündən-günə güclənən qarın ağrınızla başladığım üçün, elə bu mövzuda dostların birinin ötənlərdə yazdığı maraqlı bir facebook statusu ilə də yekunlaşdırmaq istəyirəm:
“Tunisdə baş verən hadisələrin bizdə təkrarlanması mümkünsüzdür (Hüsnü Mübarək).
Misirdə baş verən hadisələr orda qaldı, burda onu görməyəcəksiniz (Müəmmər Qəzzafi).
Mən Suriyanın heç vaxt ikinci Liviya olmasına imkan verməyəcəm (Bəşər Əsəd).
Ərəb ölkələrində baş verən hadisələr spesifik bir regionun problemidir, Azərbaycan və bu ölkələr arasında heç bir oxşarlıq yoxdur (Ilham Əliyev).
Yaxşı, bəs onda niyə hamınızın eyni vaxtda qarnı ağrıyır? (Rəşadət Axundov)”.