İllik büdcəsi 50 milyon manatı ötmüş telekanalda əməkdaşların yalnız 10 faizi əmək haqqı alır
Maliyyə saxtakarlığı, özbaşınalıq, rüşvətxorluq və korrupsiya isə adi hala çevrilib
Gələn həftə teleradio işçiləri günü qeyd olunacaq, amma AzTV-nin muzdlu mirzələri indidən fərsiz təbliğat kampaniyasına başlayıblar: car çəkirlər ki, sən demə AzTV MDB məkanının ən yaxşı telekanalıymış və bir az da çalışsa, təxminən BBC və ya CNN kimi dünya televiziyası olacaqmış… Əslində isə bu bayağı təbliğatın arxasında konkret məqsəd dayanır: ölkənin ən böyük telekanalında getdikcə kəskinləşən kriminal durumu, büdcə pullarının mənimsənilməsini, yaradıcılıqda və idarəçilikdəki qeyri-peşəkarlığı ört-basdır etmək. Indi yalanlar vasitəsilə gözə kül üfürmək çoxlarının həyat tərzinə çevrilib, o cümlədən AzTV-nin mühasib sədrinin də. Doğrudanmı bu telekanal, onun süfrəsinin qırıntılarından bəhrələnən adamların təqdim etdiyi kimi, çox cazibədardır və tamaşaçıların əksəriyyətinin rəğbətini qazanıb? Həqiqətənmi, AzTV tamaşaçıların zövqünü oxşayan maraqlı verilişlər hazırlayır? Belə verilişlər varsa adları nədir, harada və nə zaman göstərilir, onlara kimlər baxır? Təbii ki, belə proqramlar yoxdur, amma əvəzində deməyə başqa mətləblər var.
AzTV – bir əyalət kanalı…
Bərpasının 20 illiyi qeyd olunan (həm də biabırcasına) müstəqilliyimizin havası ilk dövrlərdə AzTV-ni də diqqət mərkəzinə çəkərək, onu cəmiyyət üçün vacib bir quruma çevirmişdi. Lakin 90-cı illərin ortalarından başlayaraq bu TV yenidən öz kölə libasını geyinməyə, əski sovet dönəmlərinin havasına oynamağa başladı. 2006-cı ildən sonra vəziyyət daha da pisləşdi. Həmin dövrədək teleşirkətdə şübhəli keçmişilə tanınan, çoxsaylı saxta maliyyə pozuntularında adı hallanan, haqqında bir neçə dəfə cinayət işi başlanmış, hətta 1996-cı ildə həbs təhlükəsi ilə üzləşmiş mühasib Arif Alışanovun sədr təyin edilməsi bu qurumu ideoloji mərkəzdən yeyinti sexinə çevirdi. Adi dünyagörüşü və elementar savadı olmayan, həqiqi idarəçilikdən uzaq, yalnız alış-veriş adamı kimi ad çıxarmış mühasib AzTV-nin yeni “statusuna” çox uyğun gəlirdi… Yeni sexdə peşəkarlara ehtiyac qalmırdı, əvəzində üzüyola, “sədaqətli” və susqun adamlar üçün meydan açılırdı. Ortada qalmış tək-tük yaradıcı (və vicdanlı) şəxslər isə ucuz təbliğat işində kara gəlir.
Ona görə də bu gün AzTV-nin getdikcə cılızlaşması, bəsitləşməsi, məzmunca daha da sönükləşməsi, bir yaradıcı qurum kimi mahiyyətini itirməsi çox “təbii” qarşılanmalıdır. Burada yaradıcılıq söhbətləri mühasib sədri hər şeydən çox qıcıqlandırır.
Bəzi zahiri effektlərə baxmayaraq, AzTV mahiyyət etibarilə əvvəlki illərdən daha çox əyalət ruhludur. Rəsmi məclislərdə özünün iri planda göstərilməsinə adət etməsinə, ziyafətlərdə “baboçka” ilə görünməsinə baxmayaraq, Alışanov hələ əməkdaşlarla nəzakətli davranışı öyrənə bilməyib (öyrənəcəkmi?). Sədrin bəsit düşüncəsi və kobud davranışları ilə bağlı teleşirkətdə dolaşan lətifələr çox şeylərdən xəbər verir.
Solğun ekran hekayəti
Hər il dövlət büdcəsindən milyon manatlarla vəsait ayrılsa da, AzTV heç on il əvvəlki səviyyəsini də bərpa edə bilmir. Əvəzində ekranlardan ötən əsrin 60-70-ci illərinin havası gəlir. Bəli, texnika yeniləşib, müasir çəkiliş və montaj avadanlığı alınıb işlənir, yaxşı effektlərdən istifadə olunur, amma yaradıcılıq tərzi, mövzulara yanaşmada düşüncə və təfəkkürün səviyyəsi, proqram tərtibatı və yayımın idarəçiliyi əsl sovet dövrünü xatırladır.
Xəbər proqramı bəzəkli studiyası, həmçinin Rafiq Həşimovu, Nailə Zəkiyevası, Dilarə Səlimovası ilə birlikdə başdan-ayağa təbliğat-təşviqat məntəqəsidir. Verilişlərin dinamikası, peşəkarlıq səviyyəsi, temporitmi və faydası haqqında isə danışmağa dəyməz. Pullu AzTV özəl televiziyaların proqram formatını yamsılamaqdan (bəzən oğurlamaqdan) çəkinmir, düşük mövzularda verilişlər verir, o cümlədən vəzifəli və pullu adamların ölüb-itənləri barədə portret “filmlər” göstərir. Orijinal veriliş, tamaşa və film istehsalı minimuma enib, ekranda musiqidən başqa heç bir mövzu müzakirə olunmur, efir təkrarların və xüsusən xarici filmlərin hesabına doldurulur.
Milli dəyərlərə sayğıdan danışmağı sevən AzTV məddahlarının dediyinin əksinə olaraq, bu qurumun sahib olduğu üç kanalın hamısında tamaşaçılara Avropa mədəniyyətinin keyfiyyətli nümunələri deyil, daha çox sovetizm ruhlu və aşağı səviyyəli rus filmləri sırınır. Təkcə sentyabr-oktyabr aylarında bu kanallarda üst-üstə 24 rus filminin göstərilməsi elə-belə deyil. AzTV kanallarında gündəlik efir vaxtının 8-11 saatının (təxminən 35 faizinin) xarici filmlərə verilməsi çox anlaşılmazdır.
Məhz bu səbəblərdən telekanalın reytinqi çox aşağıdır, gün ərzində “Azərbaycan” nəşriyyatında telefonla və üzbəüz rəyini soruşduğumuz 122 nəfərdən yalnız 17-si ara-sıra AzTV-yə baxdığını dedi. Biz bu telekanalın xeyli bahalı kağızda çap olunan “TV plyus” jurnalının ölkədə guya hamının Alışanov TV-sinin “vurğunu” olması barədə növbəti uydurma sorğularına heç inanmadıq…
Qığılcımlar arxasında miskinlik
Ekranda hərdənbir nəzərə çarpan parıltını da danmaq olmaz. Bu gün AzTV-də səhər-axşam fırladılan köhnəlmiş videoçarxların parıltısı bəzən göz qamaşdırır, amma çoxları bu parıltı arxasında ört-basdır edilmiş fəlakəti və üzücü miskinliyi görmür. Vaxtilə böyük mədəniyyət qurumu olmuş dövlət TV-si faktiki dağıdılıb, idarəçilik mexanizmi pozulub, yaradıcılığa deyil, pul yığmağa xidmət edən əcaib struktur formalaşdırılıb, yayım siyasəti və məqsədlər dəyişərək açıq kommersiyaya tabe edilib. Telejurnalistikada tanınmış peşəkarlar işdən uzaqlaşdırılıb, seçmə rejissorlar qoz qabığına salınıb. Əməkdaşlar arasında ruh düşgünlüyü, qorxu, inamsızlıq və sabaha ümidsizlik artıb. Yaradıcılıq işindən büsbütün uzaq olan Alışanov əxlaqının tirajlanması şirkətdə mənəvi deqradasiyanı gücləndirib, kollektivdə yaltaqlığı, rəzilliyi, mənəvi miskinliyi artırıb.
Indi AzTV-çilərin mətbuata ayağı açılıb, zəng edənlər, gəlib-gedənlər sədr Alışanovun əməlləri ilə bağlı dəhşətli faktlar söyləyirlər. Rüşvətin miqyasca genişlənməsi, alınmış rüşvət pullarının “xəyanətə yol vermədən” rəhbərliyə dəqiq çatdırılması barədə toplantılarda açıq xəbərdarlıqların səslənməsi, rüşvət piramidasına sədrin özünün nəzarət etməsi indi əməkdaşlar arasında çəkinmədən danışılan mövzudur.
AzTV-nin kriminal sifəti
Bu günlər “Gen” MMC-nin aldatdığı şikayətçilər Prezident sarayına yürüş edərək haqlarını tələb ediblər. Halbuki həmin qurumu ən çox təbliğ edən AzTV idi və bu xidməti müqabilində şirkət telekanala 50 min manat ödəmişdi, amma yoxlamalar zamanı məlum oldu ki, Alışanov bu pulları qeydiyyata almadan, heç bir vergi ödəmədən həzm-rabedən keçirib. Təbii ki, AzTV üçün bu, yeganə fakt deyil, burada hər gün belə hallar baş verir. Lap bu yaxınlarda Bəylər Əyyubova aid olduğu iddia edilən “Koroğlu” şirkəti haqqında efirə verilmiş tərifli süjetə görə rüşvət qoparılması, ondan əvvəl isə Alışanovun Idman kanalının keçmiş əməkdaşlarından birindən üst-üstə 600 min manat rüşvət alması, futbolun translyasiyası üçün klublardan rüşvət tələb edilməsi də üzdə olan faktlar sırasındadır.
Bütün bunlar onu göstərir ki, Alışanov TV-si, sözün əsl mənasında, öz tarixinin kriminogen mərhələsinə qədəm qoyub. Qanunsuzluğun baş alıb getdiyi bir şəraitdə əməkdaşların maaşları mənimsənilir, təmir işləri və texnika alqı-satqısı adı altında külli miqdarda pullar yeyilir, saxta maliyyə hesabatları ilə cinayətlərin izləri itirilir. Pullar təkcə büdcədən sorulmur, həm də reklam və sponsor gəlirlərindən, efirə verilən çoxsaylı süjetlərdən, imkanlı adamlar haqqında çəkilən verilişlərdən və s. qazanılır. Bu kanalın proqramlarına, xüsusən “Xəbərlər”ə 5-10 dəqiqə baxmaq kifayətdir ki, AzTV-nin kriminal sifətini görəsən.
Yeri gəlmişkən deyək ki, “Xəbərlər”in rəhbəri Faiq Hüsiyev müsahib-sədrin ən “parlaq” və etibarlı kadrıdır. Amma etibarlılıq məsələsində Alışanov yanıla da bilər, çünki F.Hüsiyev əlinə xeyli səlahiyyətlər toplayandan sonra artıq sədrin əcaib tapşırıqları barədə kinayə ilə danışır, onun işbilməzliyinə və savadsızlığına açıq işarələr vurur (guya özünün savadı varmış). AzTV-dəki mənbənin bildirdiyinə görə, F.Hüsiyev Prezident Administrasiyasında yaxşı nüfuzu olduğunu, hər kəsin onu gələcək sədr kimi gördüyünü dilə gətirməkdən də çəkinmir. O, yaxın vaxtlarda BDU-da dissertasiya müdafiə edib alim olacağını, sədrlik üçün şansının daha da artacağını gizlətmir, “ac” universitet müəllimlərinin ona necə yaltaqlandığından, Cahangir Məmmədlinin prorektorun otağında (?) ondan ixtisas imtahanı götürərkən necə təriflər yağdırdığından ləzzətlə danışır…
Alışanovun “təmir sindromu”
Bu gün “təmir və Alışanov” anlayışlarını bir-birindən ayırmaq mümkün deyil, artıq 5 ildir ki, AzTV toz-duman içindədir, təmir-tikinti işləri ara vermir, hər gün harasa sökülür, hardansa qapı açılır, haranınsa qapısını bağlayırlar. Yox, heç nə planlı deyil, hər şey mühasib-sədrin pulqazanma instinkti ilə bağlıdır. Bir məqam da var: sədrin hansı redaksiyaya və ya şəxsə acığı tutsa, onu otağından çıxarıb təmirə başlayır. Lap çox qəzəblənsə, adamı öz otağına qaytarmır, yaxud otağın təyinatını dəyişir. Məsələn, bir ay əvvəl sədrin ədalətsizliyinə etiraz etdiyi üçün video sexinin rəisi Natiq Səfərovun otağı əlindən alınaraq yerində ayaqyolu tikilib. Artıq aztvçilər Alışanovun belə cəza metodlarına alışıblar. Amma bütün hallarda sədrin təmir cəbhəsini genişləndirməkdə də əsas məqsədi pul qazanmaqdır və insafən deyək ki, “zəngin” təcrübəsi olan maliyyəçi kimi o, belə işlərdə ciddi uğur qazana bilir..
Bəzən yeni təmir olunmuş bir yerdə də 2-3 aydan sonra yenidən işlər başlanır. Bu məsələdə Alışanovun öz metodikası var, bir də görürsən ki, salamat divarda böyük bir çapıq yaradıb, yaxud bir daş sökürlər, ora təxminən bir-iki həftə eybəcər vəziyyətdə qalır. Bax, bu sökmələr “iri miqyaslı” və bahalı təmirə başlamağa işarədir və AzTV-də buna “Alışanov metodu” deyirlər. Həmin metod bu gün də davam edir…
Azad Akifoğlu