38,5 milyon dollara özəl reaktiv təyyarə alan bu şəxs sonradan reper xanım Eve ilə evlənib və arvadının gözündə “səxavətli” görünmək üçün 700 min dollara superyaxta kirayələyib.
Bununla da kifayətlənməyərək ABŞ-ın Malibu kurortunda 30 milyona villa, daha sonra da 10 milyon dollar ödəyərək 24 lüks maşın alıb.
Söhbət dünyanın ən yoxsul ölkələrindən biri, əhalisinin tam əksəriyyəti səfillikdə yaşayan Ekvatorial Qvineyanın prezidenti Teodoro Obiang Nguema Mbasogonun oğlu Manqedən gedir.
Milli.Az xəbər portalı “Africa Times”ə istinadən bildirir ki, afrikalı diktatorun 39 yaşlı oğlu indi axtarışdadır. O, dövlət büdcəsindən 70 milyon dollara yaxın vəsaiti dəbdəbəli həyatının təminatına xərcləyib və ABŞ-da cinayətkar sayılır.
Hazırda Malibuda yaşayan Manqu mərhum pop-kralı Maykl Ceksonun məşhur büllurlu əlcəyini də hərracda 3 milyon dollara satın almışdı. Manqu ilə bağlı Los-Anceles və Vaşinqton şəhər məhkəmələrində iddia qaldırılıb.
Ilkin məlumatlara görə, Ekvatorial Qvineyanın meşə təsərrüfatı naziri olan Manqunun dövlət büdcəsindən mənimsədiyi maliyyə vəsaitinin həcmi 100 milyon dollardan çoxdur. Ötən ay Ekvatorial Qvineyanın prezidenti və onun ailə üzvlərinə məxsus 11 bahalı avtomobil Fransada müsadirə olunub. Ailənin Ispaniyanın paytaxtı Madrid ilə yanaşı, Kanar adalarındakı Las-Palmasdakı villalarını da müsadirə gözləyir. 680 min əhalisi olan Ekvatorial Qvineya neft, təbii qaz və odun ixracı ilə məşğul olur. Ölkə ixracdan milyardlarla dollar qazansa da, əhalinin tam əksəriyyətinin gəliri gündə 1 dollardan artıq deyil. Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nqema Mbasoqo hakimiyyəti 1979-cu ildə ələ keçirib. O, sabiq dövlət başçısı olan doğma əmisini cadugərlik və quru insan kəllələri toplamaqda suçlamışdı.