Zakir Qaralov niyə əməliyyatçı saxlamaq istəyir?

Aslan Ismayılov: «Bu, daxildəki qanunsuzluqları, cinayətləri ört-basdır etməyə yol açacaq»

“Milli Məclisin ”Prokurorluq haqqında” qanuna etdiyi dəyişikliklərin arxasında korrupsiya maraqları dayanır”. Bu sözləri “Azadlıq”a tanınmış vəkil Aslan Ismayılov deyib. Qeyd edək ki, dəyişikliklərə əsasən qanuna prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun əməliyyat-axtarış tədbirləri həyata keçirmək də salınıb.
Beləliklə prokurorluq orqanları da artıq DIN və MTN kimi əməliyyat-axtarış tədbirləri həyata keçirə biləcək.

Aslan Ismayılov isə bunu yarıtmaz siyasətin nəticəsi hesab edir. Onun fikrincə, istintaqa nəzarət orqanı olan prokurorluğun da bundan sonra DIN və MTN-nin səlahiyyətlərinə malik olması daxildə olan korrupsiya faktlarını və qanunsuzluqları ört-basdır etmək üçün düşünülmüş addımdır: “Bütün bunların bir qurumda olması doğru deyil. Sabah Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi də bu səlahiyyətlərə malik olmaq istəyəcək. Bu isə daxildəki qanunsuzluqları, cinayətləri ört-basdır etməyə yol açacaq. Hesab edirəm ki, Nazirlər Kabinetinin tərkibində vahid istintaq komitəsi yaradılmalıdır. Bu zaman isitintaq hərəkətlərinin ədalətli aparılmasını təmin etmək olar”.

Digər ekspertlər də Aslan Ismayılovun fikirlərini bölüşür. Həmçinin onların fikrincə, əslində prokurorluğun da əməliyyatçı saxlaması korrupsiyaya qarşı mübarizə şousundan sonra gündəmə gəlib. Bu, prokurorluğun digər qurumların məsələləri “yerində həll etməsinin” qarşısını almağa hesablana bilər.

Informasiya şöbəsi