Suriyaya qarşı hərbi müdaxilə realdır

Vəfa Quluzadə: «Dünyada demokratikləşmə dalğası gedir, kim bu proseslərlə ayaqlaşmayacaqsa, ayaqlar altında qalacaq»

Qəzzafinin öldürülməsindən sonra Suriyada Əsəd rejiminə qarşı eyni ssenarinin təkrarlanması gündəmə gəlib. Iordaniyada keçirilən Dünya Iqtisadi Forumunda çıxış edən amerikalı senator Con Makkeyn Suriyaya hərbi müdaxilənin qaçılmaz olduğunu söyləyib. Baş verənlərin real ola biləcəyinə ABŞ-ın Suriyadakı səfiri Robert Fordu geri çağırması da işarədir.
Politoloq Vəfa Quluzadənin fikrincə, hazırda Suriyadakı vəziyyətin davam etməsinə nə NATO, nə də ərəb ölkələri razıdır. Ona görə Suriyadakı rejimin artıq son günlərini yaşadığını düşünən V.Quluzadə hesab edir ki, Əsəd rejiminin bundan sonra hakimiyyəti saxlayaraq beynəlxalq aləmə açılması real deyil. Bu baxımdan Suriyaya hərbi müdaxilənin də mümkün olduğunu söyləyən V.Quluzadə əlavə etdi ki, Bəşər Əsəd illərdir atasının xalqa qarşı apardığı kəskin siyasəti davam etdirəcəyini düşünürdü. Amma bu real deyil: “Artıq dünya dəyişib. Əgər Əsəd rejiminin əvvəllər xalqa qarşı apardığı azğın siyasətə göz yumulurdusa, bundan sonra belə olmayacaq. Dünyada demokratikləşmə dalğası gedir, kim bu proseslərlə ayaqlaşmayacaqsa, ayaqlar altında qalacaq”.

Xəyal