Sufi fəlsəfəsinin mistik ocağı – Diri Baba türbəsi

Gözəl memarlıq nümunəsi…

Şamaxı şəhərindən bir neçə kilometr aralıda yerləşən Mərəzə kəndində çox maraqlı bir memarlıq abidəsi var. Bir çox insanların ziyarətgah kimi üz tutduğu bu abidə Islam tarixi ilə bağlı olan Diri Baba türbəsidir. Bəzi araşdırmaçılar bu abidəni sufi fəlsəfəsinin önəmli ocaqlarından biri hesab edirlər. Diri Baba türbəsi dağın döşündə inşa edilmiş ikimərtəbəli tikilidir. Quruluşca baxsaq, birinci mərtəbədə iki otaq olduğunu görərik. Bu otaqdakı çatmatağlı çıxış yolu ikinci mərtəbəyə aparan pilləkənlərə çıxır.
Ikinci mərtəbə bir geniş mərkəzli günbəzli otaqdan ibarətdir. Bu otaq aşağıdakı iki otağın sahəsi ölçüsündədir. Otaq xaricdən sferik formalı günbəzlə örtülmüşdür. Günbəzin dayağı olan künc trompları daş üzərində oyma nəbati naxışlarla bəzədilmişdir.
Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiətlə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur.
Bu binada memarın bir sıra maraqlı yaradıcılıq xüsusiyyətləri nəzərə çarpır. Onlardan fəza boşluğunun plastik formalarla həllinin gözəl mənzərəli təbiətlə əlaqələndirilməsi, qarmaqarışıq təbiət mənzərəsində memarlıq kütlələrinin ciddiliyini qeyd etməsi, daxili fəza boşluqlarının düzgün təşkili, daxili həcmlərin tapılmış nisbətləri, dekorativ oymaların gözəlliyi və s. göstərmək olar.
Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805-ci (miladi 1402) il kimi göstərilmişdir.
Günbəzli salonun tromplarının hörmə naxışları öz gözəlliyi və məharətlə işlənməsi Şirvanşahlar saray kompleksinin eyni tipli dekorativ işləri səviyyəsindədir. Bu trompların birində həkk edilmiş yazıya görə bu türbə ustad Hacının oğlu tərəfindən tikilmişdir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır.
Türbə özünün fövqəladə görkəmi və plan quruluşuna görə hələ XVII-XIX əsrlərdə Azərbaycanda olmuş səyyah və memarların diqqətini özünə cəlb etmişdir.
1636-cı il dekabrın 30-dan 1637-ci il martın 27-nə qədər Şamaxıda olmuş Holştiniya hersoqluğunun elçisi və səyyah Adam Oleari Diri Baba türbəsi haqqında qısa, lakin dəyərli məlumat verir. O hətta türbənin qapısı üzərində olan kitabənin oxunmasına cəhd belə göstərmiş, lakin onu düzgün oxuya bilməmişdi.
Xarici səyyah və memarların diqqətində…
XIX əsrin 60-cı illərində Azərbaycanda olan Peterburq Universitetinin şərq fakültəsinin professoru, məşhur şərqşünas B.Dorn də burada olarkən həmin türbə ilə maraqlanmışdır. Çünki bu abidə istər inşa edildiyi mövqe, istərsə də özünün tip xüsusiyyətləri və memarlıq xüsusiyyəti etibarilə nadir təsadüf edilən abidədir.
Bu, qayada qurulmuş nəhəng qartal yuvasına bənzəyən abidə ağ ahəng daşından tikilmişdir və qəribə, qeyri-adi və cazibədar memarlıq gözəlliyi var. Türbəyə getmək üçün dərədən keçmək və düz divar kimi yüksəyə dırmaşmaq lazımdır. Memar abidəni yerləşdirmək üçün dərənin kənarındakı qayada süni mağara açmış və abidə onun içində inşa olunmuşdur. Məhz buna görə də, abidənin yalnız bir fasadı var, qalan tərəfləri isə qayanın içərisindədir.
Türbə haqqında bır sıra rəvayətlər var. Rəvayətə görə, 1918-ci ildə ermənilər bölgədə qırğınlar törədən zaman üç qadın qucağında körpəsi ilə son ümid yeri kimi Diri Baba türbəsində gizlənib. Ermənilər onları təqib etsələr də, türbənin içərisində tapa bilməyərək, daha doğrusu, onları görməyərək geri qayıdıblar.
Qeyd edək ki, abidədə ötən əsrin 70-ci illərində bərpa işləri aparılıb, bununla yanaşı, burada yeni bərpa işlərinə ehtiyac var.
Istər-istəməz ortaya maraqlı bir sual da çıxır. Diri Baba kimdir? Bəzi mənbələrə görə, Diri Baba dövrünün böyük sufi övliyalarından olan Seyid Ibrahim nəslinin nümayəndələrindən olub. Tanınmış Osmanlı səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində türbənin içərisində səcdə anında vəfat etmiş bir övliyanı gördüyünü yazır: “Mən türbədə olduğum zaman bir övliyanın səcdəyə getdiyini gördüm. Daha sonra sufi müridlərindən öyrəndim ki, mənim gördüyüm övliya bir neçə il əvvəl dünyasını dəyişib”.
“Səyahətnamə” əsərindən irəli gələn faktlar səbəbindən həmin sufi aliminin Diri Baba olduğu barədə məlumatlar yayılıb. Bundan başqa, Diri Baba haqqında məlumatlar avropalı səyyahların da əsərində yer alıb.
Azərbaycnlı alim Seyid Rəşid Bakuvi isə Diri Baba türbəsi haqqında verdiyi məlumatlarda göstərib ki, bu böyük Islam aliminin məzarı Şirvandakı əsas sufi ocaqlarından biri olub. Sufilik cərəyanının tarixən bu ərazidə geniş yayılması faktını nəzərə alsaq, deyilənlərin həqiqətə yaxın olduğu qənaətinə gələ bilərik.
Sufi dərvişlərinin ibadətgahı
Diri Baba XV əsrdə yaşasa da, sonrakı dövrlərdə də bu böyük mütəfəkkirin türbəsi sufi dərvişlərin ibadətgah yerinə çevrilib. Türbə ətrafında yerləşən sufi mağaraları bunun bariz nümunəsidir. Tarixi mənbələr göstərir ki, ərazidə sufizmin başqa qolları da mövcuddur. Aparılan araşdırmalara görə, sufizmin xəlvətilik təriqətinin də böyük alimləri burada yetişib.
Xəlvətilik Islamda ən geniş yayılan sufi təriqətlərindən biridir. X əsrdə Əbdülqahir Sührəverdidən etibarən təşəkkülə başlayan xəlvətilik sufi məktəbinin əsası lənkəranlı Ibrahim Gilani və şirvanlı Ömər Xəlvəti tərəfindən qoyulub.
Azərbaycanda təsəvvüf sahəsində yetişən görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olub və müsəlman aləmində geniş şəkildə yayılıb. Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi Seyid Yəhya Bakuvi ətrafa mürşidlər göndərməklə, məhəlli bir təriqət olma xarakterindən çıxarıb, Şirvan xaricinə yayıb. Xəlvətilik hələ Seyid Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə, xüsusilə Şamaxı, Bakı və Təbrizdə, Iranda və Osmanlı dövlətində yayılıb. Seyid Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Şimali Afrika, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi 20-yə yaxın qola, yüzlərlə təkyə və yüz minlərlə müridə sahib olub. Daha sonralar qol və şöbələrinin sayı 40-ı keçib.
Zaman-zaman abidə üzərində aparılan qeyri-peşəkar təmir işləri türbənin görkəminə zərər vurub. Şübhəsiz, belə unikal memarlıq nümunələrinin bərpası üçün xüsusi plan və peşəkar mütəxəssis qrupunun işinə ehtiyac duyulur. Buna görə də, yaxın zamanlarda abidənin yenidən əsaslı şəkildə bərpa olunması və qeyd edilən nöqsanların aradan qaldırılması barədə qərar verilib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir