“Əsəd rejiminin devrilməsi qaçılmazdır”

Fransa rəsmisi Suriyada hakimiyyət dəyişikliyinin zaman alacağını bildirdi; ordudan qaçan əsgərlər hökumət qüvvələrinə hücum etdi

Suriyada gərginlik davam edir. Etirazçılara atəş açmaq əmrini yerinə yetirməyərək ordudan qaçan və müxaliflərin tərəfinə keçən əsgərlər hökumət qüvvələrinə hücum edib. Tərəflər arasında yaşanan silahlı qarşıdurma nəticəsində, ən azı 10 nəfər həyatını itirib, onlarla yaralı var.
“Əl Ərəbiyyə” kanalının məlumatına görə, Suriya ordusundan qaçan əsgərlər kiçik qruplar təşkil edərək hökumət qüvvələrinə müxtəlif istiqamətlərdən hücum edib. Suriya ordusuna aid CIP, hərbi avtobus və antiterror əməliyyatları zamanı istifadə olunan zirehli texnikanın olduğu karvana hücum zamanı şiddətli döyüşlər gedib. Hadisə Idlib şəhərinə bağlı Numan kəndi yaxınlığında baş verib. Mərkəzi ofisi Londonda yerləşən Suriya Insan Haqları Izləmə Təşkilatı öldürülən şəxslərin 7-nin kəşfiyyat işçisi və 1 zabit olduğunu açıqlayıb.
Bu arada Ərəb Birliyi Suriyadakı böhranın aradan qaldırılması məqsədi ilə hökumət-müxalifət dialoqunun başlanmasına yardımçı olmaq üçün Dəməşqə xüsusi heyət göndərib. Səfərin məqsədi istefası tələb olunan Bəşər Əsədlə Suriya müxalifətinin rəhbərlərinin dialoqunun baş tutmasına çalışmaqdır.
Liviyada Qəzzafi rejiminin devrilməsində və bu ölkədə NATO əməliyyatlarının keçirilməsində fəallıq göstərən Fransanın xarici işlər naziri Alan Jupe Suriyada Bəşər Əsəd hakimiyyətinin istefaya getməsinin qaçılmaz olduğunu söyləyib. Nazirin sözlərinə görə, ərəb ölkələri Suriyaya hərbi müdaxilənin tərəfdarı olmasa da, Türkiyə Suriya məsələsində Qərb dünyasının yanında yer alıb.
“France inter” radio kanalına açıqlama verən Alan Jupe bildirib ki, Suriyadakı vəziyyət və beynəlxalq şərtlər səbəbindən Bəşər Əsəd rejiminin devrilməsi zaman alacaq: “Hakimiyyət dəyişikliyi baş verəcək. Bu, qaçılmazdır. Ancaq təəssüf ki, bu, zaman almalı olacaq. Suriyadakı hazırkı durum çox qarışıqdır. Ölkədə vətəndaş müharibəsinin şiddətlənməsi istisna olunmur. Suriyaya qonşu ərəb ölkələri vəziyyətə bizim müdaxilə etməyimizi istəmir. Ancaq belə davam edərsə, vəziyyət daha da pisləşəcək”.