Özü bilmir, amma müavini bilir…

Bilmirsən bəzi adamları necə anlayasan. Liviya xalqı öz hakimiyyətini dəyişir, kimlərsə Azərbaycanda oturub bunu səhv sayır. Sənin dərdin nədir, qardaşım? O xalq belə istəyir. O xalq Qəzzafini istəmir. Dünyanın düz vaxtı Qəzzafinin bir gecədə yüzlərlə etirazçı tələbəni öldürtməsi də bir yana qalsın, oğurladığı milyardlar da, amma birdəfəlik anlayın ki, yükün ağırlığını çiynində daşıyan hamıdan yaxşı bilir. Bu yükü daşıyanlar istəmədilər onu. Xalqların istəyindən artıq qərar varmı?!

Istək məsələsindən söz düşmüşkən, bu arada mətbuatımız yazmağa başladı ki, Ilham Əliyev 2013-cü il seçkilərində prezidentliyə namizəd olmaq istəmir. Çünki Ilham Əliyev Liviya tərəflərdən olan bir televiziya kanalına müsahibə verərək demişdi ki, o hələ seçkidə iştirak etməyə qərar verməyib.  Başladı şərhlər. Dedilər ki, bu dəfə iqtidarın başqa namizədi var, Rusiya variantı ola bilər (Putin-Medvedyev oyunu- red.) və s. Hamı da bilir ki, Ilham Əliyev nə cür deməsindən asılı olmayaraq, namizəd olmaqdan qətiyyən imtina etməz. Bunun üçün, hətta bizim Konstitusiyamız dəyişdirilərək, yararlı və yaralı hala salınıb.  Amma bizim mətbuat nəzəri də olsa, kef eləmək və bu mövzuda sərbəst xəyallar qurmaq istəyinə düşdü. Mən bunu yaxşı başa düşürəm. Bizim də hərdən normal ölkələrdəki kimi, ayrı bir prezident təsəvvür etmək, mövcud olanın bu istəkdən əl çəkməsini düşünmək haqqımız var. Özümüzü normal siyasi mühiti olan bir ölkədə hiss edib, prezidentin artıq prezident olmaq istəməməsindən yazmaq istəyirik. Lakin bu xəyalı da bizə qısqanırlar.
Budur, Ilham Əliyev özü hələ prezident seçkilərinə qərar vermədiyini dediyi halda, YAP-ın icra katibi Əli Əhmədov “Mediaforum” saytına açıqlamasında onun növbəti seçkilərdə namizəd olacağını söyləyib. Bu nə deməkdir, Ilham Əliyevin əvəzinə Əli Əhmədovmu qərar verir? Yoxsa bu da Liviya xalqının əvəzinə Qəddafini hakimiyyətdə görmək məsələsidir?
Mən Ilham Əliyevin “Əl-Cəzirə” kanalına verdiyi müsahibədən sonra  Fəzail Ağamalının çıxışını görmüşdüm. Həyəcanla deyirdi ki, ölkəmizdə Ilham Əliyevdən başqa prezidentliyə layiq namizəd yoxdur və ola da bilməz. Təsəvvür etdim ki, Ilham Əliyev ikicə dəfə də prezident seçkilərinə qatılacağına qərar vermədiyini desə, bir çoxlarının halı çox qarışıq olar. Bu adamlar xəyallarına belə gətirmir dəyişikliyi, həmçinin başqalarının da dəyişiklik barədə xəyalına dözə bilmirlər.
Odur ki, Əli Əhmədov mətbuatda gedən yazı və şərhlərə dözmədi, Ilham Əliyevin yerinə onun seçkilərdə iştirak edəcəyini bəyan etdi.
Maraqlıdır ki, bizim ölkədə istək və xəyal işi də artıq rəvan bir hala gəlib. Mən dünən bələdiyyələrdəki boş yerlərə seçkilərdə namizəd olan adamların siyasi mənsubiyyətini təhlil edərkən də bunu gördüm. Qeydə alınan 1365 namizəd arasında siyasi mənsubiyyəti olanların bölgüsü aşağıdakı kimidir: 
YAP – 702, BAXCP – 20, Ana Vətən – 10, Böyük Quruluş – 10, Sosial Rifah – 8, Ümid – 4, Vətəndaş Həmrəyliyi – 3, Demokratik Islahatlar – 1, Vətəndaş Birliyi – 1.
Amma orada 1 nəfər də Müsavat və AXCP üzvü yoxdur, baxmayaraq, bunu anlamaq çətin deyil.  Çünki bu partiyalardan bələdiyyə üzvü olmağa 1 nəfər də layiqli namizəd yoxdur, elə deyilmi, Fəzail müəllim!