Orucovların faciəvi ailə dramı
O, Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərində yaşayırdı. 1992-ci il fevral ayının 26-da erməni qəsbkarları tərəfindən törədilən Xocalı soyqırımını eşidib, Vətənə döndü. Əmisi oğlunun, qızının, gəlininin, nəvəsinin ermənilər tərəfindən qətlə yetirildiyini eşidib, sürdüyü xoşbəxt ailə həyatını taleyin ümidinə buraxdı…
Vəzir Surxay oğlu Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdu. Orta təhsilini buradakı orta məktəbdə almışdı. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş və bir ildən sonra hərbi xidmətə çağırılmışdı. 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış təhsilini davam etdirmişdi. V.Orucov ilk əmək fəaliyyətinə Tərtər Çörək Zavodunda başlamışdı. 1984-cü ildə Rusiyanın Arxangelsk vilayətinə köçmüşdü. 1992-ci ildə doğma torpağında gedən döyüşlərdə iştirak etmək üçün Vətənə dönmüşdü.
Vəzir Azərbaycana gələndə Xocalı faciəsində öldürülən 16 yaşlı əmisi qızının acı hekayətini eşitdi. Ermənilər hətta onun ölüsünü belə, “həyətdə basdırmayın, oraları əkib-becərəcəyik!” – deyə, yol kənarında basdırmağa məcbur etmişdilər yaxınlarını.
Qohumlarının, doğmalarının danışdığı dəhşət dolu anları dişini-dişinə sıxıb dinləyən bu gənc sonradan qəhrəmanlığı dillər əzbəri olan Vəzir Orucov idi…
Bütün bunları eşidən Vəzir gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx (Marquşevan) istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Polisin isə silahdan nigaran qalmaması üçün öz pasportunu çıxarıb ona verir və deyir ki, axşam avtomatı qaytaracaq. Həmin axşam da bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir. Və anasına deyir ki, daha onun yolunu gözləməsin.
Həmin gündən etibarən Tərtər rayonunun o vaxtkı icra başçısı Sərdar Həmidovun rəhbərlik etdiyi özünümüdafiə batalyonunda döyüşməyə başlayır. Sıravi döyüşçü kimi mübarizəyə başlayan Vəzir batalyon komandirinin müavini vəzifəsinədək yüksəlmişdi. O, batalyonun kəşfiyyat bölməsinin rəhbərliyini öz üzərinə götürmüşdü. Batalyonun başlayacağı bütün döyüş əməliyyatlarından azı bir gün əvvəl özünün seçdiyi bir qrup döyüşçü ilə düşmən arxasına keçir, onların canlı qüvvəsi, texnikası barədə dəqiq məlumatlar gətirirdi. Onun həmişə uğurla keçən əməliyyatları döyüş yoldaşlarını ruhlandırır, onları qələbəyə səsləyirdi.
Qisas naminə qaynar döyüş nöqtələrində…
1992-ci ilin sentyabrında iki erməni maşınını vurmuşdu. Onların arxasınca gələn düşmən tankını da vurmaq istəyərkən yaralanmış və paytaxtdakı hərbi hospitallardan birində müalicə olunmuşdu. Amma sonradan ona demişdilər ki, onu yaralayan güllə arxadan atılıb. Surət Hüseynovun tabeçiliyində olan hərbçilər qəsdən onu xəstəxanaya gec çatdırıblar ki, Vəzir qanaxmadan yolda keçinsin. Hətta ona ilkin tibbi yardım da göstərilməmişdi. Amma öz əsgərlərinin canfəşanlığı sayəsində ağır vəziyyətdə həkimə çatdırılan qəhrəmanı xilas etmək mümkün olur. O vaxt daxili işlər naziri olan Isgəndər Həmidov Vəzirin paytaxta aparılması üçün Tərtərə tibb vertolyotu göndərir. Amma həmin vaxt artıq yaralı qəhrəmanı yoldaşları maşınla yola salmışdı.
Hospitaldan çıxmağına bir-iki gün qalmış qardaşı Əliyar yaralanır. Tale elə gətirir ki, qardaşlar eyni palataya yerləşdirilirlər. Axşamın qaranlığında palataya gətirilən Əliyarın çarpayısını elə qoyurlar ki, Vəzir onu tanımasın. Amma qardaşını tanıyan Vəzir yanında qalan həm dayısı oğlu, həm də yeznəsinə qarşı tərəfdə yatan yaralının Əliyar olduğunu deyir. Çarəsiz qalan doğmalar həqiqəti açıb söyləyirlər. Vəzirsə qardaşına “Çox qabağa gedirdin döyüşdə, salamat qalmağına inana bilmirəm” – deyir.
Hospitaldan çıxıb 1992-ci il dekabrın 11-ni – öz ad gününü Rusiyada yaşayan ailəsilə birgə keçirmək üçün Arxangelskə gedir. Bir müddət sonra 7 yaşı tamam olmamış bircə oğlunu da götürüb, ömür-gün yoldaşını tək-tənha qoyub geri qayıdır. Amma bilmirdi ki, onunla sonuncu dəfə özünün əbədiyyət yolunun üstündəki vida mərasimində görüşəcəklər. Geri – Tərtərə qayıdıb, ölümlə dəfələrlə üz-üzə gəldiyi cığırları yenidən adlayıb keçməli olur Vəzir. Ağdərə rayonunda “Qlobus” adlanan yüksəklik istiqamətində yüksək çinli azərbaycanlının hava rabitəsi vasitəsilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və ona bunun cəzasını alacağını bildirir…
Daha sonra isə bir zabitin Canyataq-Gülyataq kəndləri yaxınlığında ermənilərlə kabab yediyinin şahidi olan Vəzir qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun, düşmənə strateji döyüş üstünlüyü yaradan “Qlobus”u ələ keçirsin. Amma bu, onun son döyüşü olur…
1993-cü il mart ayının 22-də öz adını əbədiyyət tarixinə yazır qəhrəmanımız. Onu böyük bir qələbəlik əbədi məkanına – Şəhidlər Xiyabanına yola salır.
Şəhid köynəyi geyinən iki qardaş
Qardaşından sonra hospitalda xeyli qalan Əliyar Orucov döyüşə yollanır və qardaşının həlak olmasından bir neçə gün əvvəl yenidən yaralanır. Müalicə üçün Irana getməli olur. Amma aeroportda uçuşdan əvvəl radiodan eşitdiyi qara xəbər onu yolundan döndərir. Geri qayıdıb, qardaşının yas mərasiminə qatılır. Qırx mərasimindən sonra Irana gedib müalicə alır. Artıq iki dəfə yaralanmasına baxmayaraq, qardaş qisası Əliyarı yenidən səngərə çəkib gətirir. Bu dəfə o lap ağır yaralanır. Aldığı qəlpə yarasına həkimlər 13 tikiş vururlar. Cəmi üç gündən sonra heç kimin təkidinə baxmadan yenidən döyüşə gedir.
Növbəti döyüşlərin birində kürəyinə vurulmuş tikişlər partlayır. Bununla belə, o, yenə geri dönmür. Bir neçə gündən sonra məlum olur ki, yaranın açıq hissəsindən çölə çıxan sümüklərdə quruma gedir. Yolu daha bir dəfə xəstəxanadan düşür. Sağalır və dördüncü dəfə Vətənə qulluq göstərməyə yollanır. Və bu dəfə də evlərinə yox, bədənində mərmi qəlpələrilə hospitala dönür. Az sonra atəşkəs haqda razılıq əldə olunur. Bununla da onun döyüş yolu tükənir. Cəmi 12 bahardan sonra, 2006-cı il may ayının 5-də həyata “əlvida” deyir.
Əliyar ailə qurmayıb. Vəzir isə son döyüşə gedəndə gözünün ağı-qarası bircə oğlunu bacısına əmanət verib gedir. Bacısı ərə getmir və bütün ömrünü qardaşının balasına həsr edir…
Vəzir Orucov Marquşevan, Levonarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Drombon, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə şəxsi şücaət göstərərək, düşmənin neçə-neçə planını puça çıxarmışdı. O, cəsur bir döyüşçü kimi həmişə döyüş əməliyyatlarının önündə gedirdi. Yoldaşları onu əfsanəvi qəhrəman kimi tanıyırdılar.
27 mart 1993-cü ildə Orucov Vəzir Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ağdərə və Tərtər döyüşlərində böyük şücaət göstərmiş Milli Qəhrəman Vəzir Orucovun döyüş yolundan bəhs edən film də çəkilib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir