Neft Fondu hakim ailənin neft gəlirlərindən istədiyi kimi istifadə etməsini pərdələmək vasitəsidir…
Tarixi təcrübə göstərir ki, ölkənin zəngin təbii sərvətlərə malik olması heç də həmişə sürətli yüksəliş və inkişaf üçün yetərli olmur. Əksinə, həmin ölkələr inkişaf səviyyəsinə görə çox vaxt bu cür resurslardan məhrum olan dövlətlərdən geri qalırlar. Məsələn, hələ XVII yüzillikdə Hollandiya zəngin resurslara malik olan, xəzinəsi Yeni torpaqdakı müstəmləkələrdən qarət olunmuş qızıl-gümüşlə aşıb-daşan Ispaniyanı xeyli geridə qoya bilmişdi. XIX-XX əsrlərdə elə də böyük təbii resurslara malik olmayan Yaponiya və Isveçrə kimi ölkələr də iqtisadi güclərinə görə Rusiyanı xeyli üstələyə bilmişdilər. Hazırda isə bunun bariz nümunəsini elə də zəngin təbii sərvətlərə malik olmasa da, iqtisadi inkişaf tempinə görə, bütün dünyaya meydan oxuyan Çin nümayiş etdirir.
Tanrının “hədiyyəsi”, yoxsa “şeytanın lənəti”?
Bu baxımdan neft bir çoxlarının düşündüyü kimi, Tanrının “hədiyyəsi” olmaqdan daha çox, “şeytanın lənəti”nə bənzəyir. Hər halda, bu bir təkzibolunmaz faktdır ki, neft və digər mineral resursların bolluğu bir qayda olaraq, iqtisadi inkişafa mənfi təsir göstərir. Ilk baxışdan bu nə dərəcədə paradoksal görünsə də, amma gerçəklikdir. Təsadüfi deyil ki, indiyə qədər Afrika, Asiya və Latın Amerikasının neft çıxaran bircə ölkəsinə də dünyanın ən inkişaf etmiş dövlətləri sırasına yüksəlmək müəssər olmayıb və yaxın perspektivdə də bu, gözlənilmir.
Neft sərvətlərinin cəmiyyətin inkişafını əngəlləməsini şərtləndirən bir neçə mühüm amil var. Birinci amil dünya bazarında neftin qiymətinin qeyri-sabit olmasıyla bağlıdır ki, bu da uzunmüddətli iqtisadi inkişaf proqramları hazırlayıb, onları reallaşdırmağı mümkünsüz edir.
Ikinci mühüm amil neft çıxaran ölkələrin əksəriyyəti üçün xarakterik olan “holland xəstəliyi”dir. Neft gəlirlərinin ölkəyə axını nəticəsində milli valyutanın möhkəmlənməsi və bu səbəbdən də qeyri-neft sektorunun təmamilə çökməsi, yaxud da son dərəcə zəifləməsi bu xəstəliyin əsas təzahürləridir. Çünki milli valyutanın yüksək məzənnəsi yerli istehsalçıların ucuz xarici mallarla rəqabət aparmaq imkanlarını minimuma endirir.
Bundan başqa, ölkənin malik olduğu təbii resurslar cəmiyyətin iqtisadi və siyasi institutlarının tərəqqisi yolunda keçilməz maneələr yaradır. Məsələn, neft resursları açıq bazar iqtisadiyyatının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən institut və dəyərlərin – vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi prinsiplərinin bərqərar olunması, sıravi vətəndaşların siyasi qərarların qəbulunda real iştirakının təmin olunması mexanizmlərinin yaradılmasının qarşısını alır.
Neftlə zəngin ölkələrin əksəriyyəti üçün siyasi və iqtisadi institutların zəif inkişafı xarakterikdir. Belə bir vəziyyətdə isə neftdən gələn gəlirlərin ixtiyarı məhdud bir qrupun – hakim elita nümayəndələrinin əlində cəmlənir ki, onlar da faktiki, dövləti “özəlləşdirərək”, onun təsisatlarını öz maraqlarının təmin olunması istiqamətinə yönəldirlər. Bu isə hakimiyyətdən sui-istifadə hallarının artmasına, əhalinin geniş təbəqələrinin tələb və ehtiyaclarına etinasız yanaşılmasına gətirib çıxarır.
Fəaliyyətinin səmərəliliyi sıfra bərabər olan qurum
Təəssüf ki, neft gəlirlərinin xərclənməsi ixtiyarının tamamilə hakim ailənin əlində cəmləşdiyi və hökumətin fəaliyyəti üzərində heç bir real ictimai nəzarətin olmadığı Azərbaycan da bu cür təhlükələrdən yan keçə bilməyib. “Newsweek” dərgisinin tanınmış şərhçisi Fərid Zəkəriyyə məhz Azərbaycan kimi neft çıxaran ölkələri nəzərdə tutaraq yazır ki, bu dövlətlərdə mütəmadi olaraq seçkilər keçirilsə də, onlar formal xarakter daşıyır. O, qeyd edir ki, bu tip ölkələrdə dövlət şəxsiyyətin azadlığı və mülkiyyət hüququnu qorumaq əvəzinə, onu pozmaqla məşğuldur.
Şərhçinin fikrincə, neft hakimiyyət sistemindəki disbalansı daha da dərinləşdirərək, neft gəlirləri üzərində tam və qeyri-məhdud nəzarətə malik olan iqtidar nümayəndələrinə əlavə üstünlüklər verir, eləcə də korrupsiyanı stimullaşdırır.
Doğrudur, bir sıra digər neft çıxaran ölkələrdə olduğu kimi, Azərbaycanda da Neft Fondu fəaliyyət göstərir və onun əsas funksiyalarından biri neft gəlirlərinin səmərəli xərclənməsinə, bu zaman şəffaflığın təmin olunmasına nəzarət etməkdir. Lakin bu fondun indiyəqədərki fəaliyyətinin yekunları nikbinliyə əsas vermir. Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminin ildən-ilə artması belə deməyə əsas verir ki, Azərbaycan reallıqları çərçivəsində belə bir qurumun fəaliyyətinin səmərəliliyi sıfra bərabərdir.
Neft gəlirlərindən reallıq hissini itirənlərin absurd layihələri
Ümumiyyətlə, güclü dövlət institutlarına və inkişaf etmiş demokratik ənənələrə malik olan Norveç istisna olmaqla, Neft Fondunun yaradılması dünyanın heç bir ölkəsində özünü doğrultmayıb. Bu qurum neft gəlirlərinin hakim elita tərəfindən tar-mar edilməsinin qarşısını ala bilməyib. Azərbaycanda da bu qurum hakim ailənin neft gəlirlərindən istədiyi kimi istifadə etməsini pərdələmək vasitəsindən başqa bir şey deyildir.
Dövlətin neft gəlirlərinin xərclənməsi sahəsində istədiyi kimi “əl-qol açmasını” məhdudlaşdıran mexanizmlərdən biri də neft sektorunun özəlləşdirilməsidir. Lakin neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması və onlardan bütün əhalinin bəhrələnməsi üçün əlverişli şəraitin yaradılması baxımından bu variant da Azərbaycan üçün məqbul sayıla bilməz. Rusiya təcrübəsi göstərir ki, demokratik təsisatların zəif olduğu ölkələrdə özəlləşdirmə prosesi neft aktivlərinin hakim siyasi elitaya yaxın oliqarxların əlində cəmlənməsinə və vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarır. Çünki oliqarxik kapitalizm qanunun aliliyi və mülkiyyətin toxunulmazlığı prinsiplərinin bərqərar olmasını əngəlləyərək, həqiqi bazar iqtisadiyyatının formalaşmasını daha mümkünsüz edir. Bu baxımdan Azərbaycanın neft sənayesinin özəlləşdirilməsi heç şübhəsiz ki, problemin həllini daha da çətinləşdirərdi.
Azərbaycan üçün daha cəlbedici olan üçüncü variant isə neft gəlirlərinin, daha doğrusu, onlardan gələn faizlərin birbaşa əhali arasında bölüşdürülməsidir. Bu variantın tətbiqi zamanı istisnasız olaraq, bütün ölkə vətəndaşları arasında bölüşdürülmüş həmin faizlərdən xüsusi vergi ödənilir və həmin vergilər tam həcmdə dövlət büdcəsinə yönəldilir. Dövlət qurumları məhz həmin vəsait üzərində sərəncam vermək hüququna malik olurlar. Neft gəlirlərinin əsas hisəsi isə toxunulmaz olaraq qalır və ilbəil artır.
Doğrudur, bu sistem hələlik dünyada geniş yayılmayıb və yalnız ABŞ-ın Alyaska ştatı və Kanadanın Alberta əyalətində tətbiq olunur. Həmin sistemin əsas üstünlüyü ondadır ki, neft gəlirləri birdəfəlik dövlət məmurlarının nəzarətindən çıxarılır. Bu isə korrupsiya və neft vəsaitlərinin məmurlar tərəfindən səmərəsiz istifadə imkanlarını minimuma endirməyə, eləcə də onların gələcək nəsillər üçün qorunub saxlanması problemini həll etməyə imkan verir.
Halbuki demokratik təsisatların zəif, dövlət strukturları üzərində ictimai nəzarətin isə ümumiyyətlə, mövcud olmadığı Azərbaycan kimi dövlətlərdə neft gəlirlərinin ölkəyə axınından reallıq hissini itirən hökumətlər bir qayda olaraq, absurd layihələrin gerçəkləşməsinə çalışırlar. Məsələn, Indoneziya hökumətinin ölkədə aviasiya sənayesinin yaradılması barədə qərarı bu tip absurd layihələrdəndir. Milyardlarla vəsait xərclənib, ancaq üstündən xeyli müddətin keçməsinə baxmayaraq, səmalarda indiyədək hələ də bircə Indoneziya təyyarəsini görən olmayıb. Azərbaycan hökumətinin ölkədə kosmik və hərbi sənaye yaratmaq planlarını da yəqin ki, eyni aqibət gözləyir.
Hökumətin məhz belə ağılsız hərəkətlərinin qarşısını almaq baxımından üçüncü variant – yəni, neft gəlirlərinin əsas hissəsinin toxunulmaz saxlanılaraq, onun faizlərinin vətəndaşlar arasında bölüşdürülməsi Azərbaycan üçün də məqbuldur. Hərçənd, etiraf olunmalıdır ki, bugünkü reallıqlar çərçivəsində bu sistemin Azərbaycanda həyata keçirilməsi ehtimalı sıfra bərabərdir. Çünki hazırda neft gəlirləri üzərində tam və qeyd-şərtsiz nəzarətə malik olmaqla, onlardan öz ehtiyaclarının təmin olunması üçün gen-bol bəhrələnən hakim ailə üzvləri və onlara yaxın oliqarxlar mövcud status-kvonun qorunub saxlanmasında maraqlıdırlar.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı


