Azərbaycanın avtoritar rəhbəri öz istəkləri əleyhinə addımlar atmağa başladı
Dövlət başçısı Ilham Əliyevin Türkiyəyə səfəri diqqətləri xeyli çəkdi. Azərbaycan rəhbərinin ciddi-cəhdlə Türkiyə ilə yanaşı görünməmək çabaları göstərdiyini biz çox oxumuş və görmüşük. Hətta bu münasibət o qədər pis idi ki, neft gəlirlərinin pik həddə çatdığı daxili siyasi vəziyyətin ən ölü zamanında Ilham Əliyev nəyəsə arxayın olaraq, Türkiyə əleyhinə açıq danışmışdı. Əliyev ABŞ diplomatlarına demişdi ki, Türkiyənin regionda güclənməsini və enerji mərkəzinə çevrilməsini istəmir.
Əliyevin qardaş ölkəyə səfəri məhz ona görə marağa səbəb olub ki, yuxarıda qeyd etdiyimiz açıqlamanın müəllifi indi Türkiyə ilə qaz sazişinə girib. Yeri gəlmişkən, “WikiLeaks”in açıqladığı teleqramlardan görünürdü ki, Ilham Əliyev Rusiyaya qaz satmaq istəyini Ankaradansa Kremlin daha məqsədəuyğun olmasıyla əsaslandırıb. Indi isə Türkiyə ilə sözügedən qaz sazişi imzalandı. Bu vəziyyət isə başqa bir sual yaratdı.
Iham Əliyevin istəyi dəyişdimi?
Yəqin, hörmətli oxucumuz da bizimlə razılaşar ki, Ilham Əliyevin Türkiyə ilə qaz sazişi imzalaması Azərbaycanın dövlət başçısının istəklərində fundamental fərq yaranmasıyla əlaqəli deyil. Yəni, Ilham Əliyevin Türkiyəni regionun enerji mərkəzi kimi görməsindən və ya bunu arzulamasından danışmaq olmaz. Elə isə Ilham Əliyevin öz istəyinin əleyhinə getməyə nə vadar edib?
Görünür ki, son bir ildə dünyada baş verən hadisələr və diktatorların sürətlə sıradan çıxması, həmçinin Ilham Əliyevin özünün də Qərb mətbuatında arzuolunmaz siyasi rəhbərlər sırasında hədəfə alınması, Avroatlantik dünya ilə münasibətlərinin kəskin pisləşməsi Azərbaycan rəhbərini özünə nəfəslik axtarmağa məcbur edib.
Əliyevin bu addımını “prinsipial şəkildə geriçəkilmə” kimi qiymətləndirmək həm də ona görə mümkündür ki, onun digər açıqlamaları baş verən olaylara adekvat deyil. Əliyev bu proseslərdə açıq şəkildə könülsüz və əlacsız iştirakçı kimi görünür. Ilham Əliyevin “NABUCCO” ilə bağlı suala cavabı bizim üçün çox ciddi əsasdır.
Kim mane olur?
Bu sualı “Xəzər” telekanalının müxbiri verdi: “NABUCCO” layihəsinə hansı ölkələr və ya qüvvələr mane olur?”.
Ilham Əliyev isə bu suala cavab vermədi. Sadəcə, dedi ki, Azərbaycan bu layihəyə töhfə verib, boru xətləri çəkib.
Bugünlərdə Türkmənistan Xarici Işlər Nazirliyinin bəyanatı yayılmışdı və sənəddə deyilirdi ki, Rusiya “NABUCCO” layihəsinin həyata keçirilməsinə mane olur. Ilham Əliyev isə bu barədə bir kəlmə də demədi. Əksinə, o, bir neçə gün əvvəl eyni məsələ ilə bağlı Avstriya və Fransa prezidentlərinə mənfi cavablar vermişdi.
Göründüyü kimi, Ilham Əliyev Türkiyə ilə qaz müqaviləsini həm də “NABUCCO” məsələsində özünə qarşı təzyiqləri azaltmaq məqsədi ilə imzalayıb. Amma unudub ki, Türkiyə Qərbin müttəfiqlərindən biridir, özü deyil. “NABUCCO” məsələsinə münasibətdə yumşalma üçün Azərbaycan rəhbəri öz aləmində “Şahdəniz” layihəsi üzrə sazişi “peşkəş verib”.
Bu məsələdə əlbəttə ki, Azərbaycan dövlətçiliyi və Türkiyə qalibdir. Şərtlər necə olursa olsun, fakt xeyli sevindiricidir. Biz isə bu məcburiyyətin daha nələrə səbəb olacağı sualını araşdıracağıq.
Seymur Həzi


