1. Rəfiqə Kamalqızı, “Səs” qəzetinin “Tərəqqi” medallı yazarı: “Əgər doğrudan da Cəlal Tomayev həqiqətən də rayon icra başçısının əmisi oğludursa, bəs onda niyə Cəlalın soyadı Tomayevdir?”
…Yazının “Bir düşüyün ”manifesti”(!) başlığı ilə getməsi, Cəlal adının 2 dəfə təkrarlanması və yazarın ixtisasca ədəbiyyatçı olması, iqtidaryönlü nəşrin birinci xanıma “münasibəti” kimi yozula bilər.
2. Əli Həsənov PA şöbə müdiri: “Həştərxanın mərkəzində yeni açılan Heydər Əliyev adına bu məktəb, Rusiyanın bu regionunda Azərbaycanın milli dəyərlərinin təmsilçisi olacaqdır”.
Indi isə həmin məktəbin direktoru Tatyana Tixomirovanı dinləyək: “Məktəbimizin gələn il 75 yaşı tamam olur və məktəb binasının əsaslı təmiri bizim üçün əsl hədiyyə olmuşdur. Şadam ki, beynəlxalq layihə üçün məhz bizim 11 nömrəli məktəbimiz seçilmişdir”.
Daban-dabana zidd açıqlamalar burada da korrupsiyanı, özü də Tatyana xanımın bundan xəbərsiz olmasını göstərir.
3. Adil Əliyev, MM-in deputatı: “Ümumiyyətlə, yerlibazlıq hissləri 1992-93-cü ildən sonra sıradan çıxmağa başlayıb və hazırda nə icraedici strukturlarda, nə də parlamentdə yerlibazlıqdan danışmaq olar”.
Əgər jurnalist korrupsiya haqqında sual versəydi, yəqin ki, Elçibəyin Dubay villaları haqda “həqiqət”in şahidi olacaqdıq.
4. Abdulla Abdullayev, A.M.A.Y.-ın sahibi: “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevin eyni zamanda Baş Prokurorluqda mətbuat xidmətinin rəhbəri olduğunu bilmirdim”.
Şərhə ehtiyac yoxdur, fikrimizcə…
5. D.Medvedev, Rusiya prezidenti: “Əliyevin də, Sərkisyanın da ətrafındakı insanlar asanlıqla Azərbaycan dilindən erməni dilinə, erməni dilindən isə Azərbaycan dilinə keçirdilər…
Heç olmasa bundan sonra, 1992-1993 illərdə erməni ilə türk dilində danışanlara qara yaxmayın…
6. Əli Hüseynli, MM-in dövlət və hüquq quruculuğu komissiyasının sədri: “Norveç televiziyasının məlumatına görə, ikili terror aktı törətməkdə ittiham olunan Anders Bjevik əməlləri ilə cəmiyyəti dəyişmək niyyətində olduğunu söyləmişdir. Bjevikin vəkilinə görə, o, cəmiyyətdə dəyişikliklər etmək istəyirdi. Norveçin bu meyarlarını özlərinə tətbiq etsək, xoşagəlməz situasiya yarana bilər”.
Təsəvvür edirsinizmi, dövlətin hüquq siyasətinə cavabdeh insanın sözlərinə! 2 aprel məhbuslarının siyasi məhbus adlandırılmaması üçün hədəyə baxın – biz də 86 insanı qətlə yetirən bir türk düşmənini siyasi məhbus elan edərik, özü də onun sərsəm vəkilinin iddialarına əsasən(?!). Bir neçə “azadlıq” və “demokratiya” şüarları səsləndirən insanların bəşəri qatillə müqayisəsini məhz bu insandan eşitmək faciədir.
7. Çingiz Qənizadə, deputat: “O, iki ildən artıqdır məruzəçi təyin olunub, amma bir dəfə də olsun Azərbaycana gəlməyib. O hər dəfə bizə deyirdi, 4 aya, nə bilim neçə aya Azərbaycana gələcək…”.
Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvinə rəhmət oxuyaraq indi də səbəbkarı, yəni siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasseri dinləyək: “Azərbaycan hökuməti bu dəfə də mənə viza verməsə, noyabrın 16-da Parisdə məsələyə dair dinləmə keçirəcəm. Ola bilsin ki, Azərbaycana faktaraşdırıcı missiya baş tutmadan hesabat hazırlansın”.
8. Əvəz Zeynallı, “Xural”ın baş redaktoru: “Amerika Birləşmiş Ştatlarından 19 min manat borc istəyirik!”.
Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun, borcun veriləcəyi təqdirdə, ABŞ prezidentləri haqda nələr yazacağını təsəvvür edəndə adamın tükləri biz-biz durur.
9. Etibar Hüseynov, təyin olunmuş deputat: “Mən də jurnalist fəaliyyətim dövründə Ayaz Mutəllibov və Elcibəy haqda tənqidi fikirlər söyləmişəm”.
Burada “kiçik” bir düzəlişə ehtiyac var, bu iki eks-prezident yalnız hakimiyyətdən gedəndən sonra həmin zat onları tənqid edib.
10. Kamran Həsənli, teleməkanın ən şit şoumeni: “Şəxsən mən şou-biznesdə elə birini tanımıram ki, oturub onunla 1-2 saat intellektual söhbət edim”.
Maraqlı olan isə müsahibənin sonudur: “Erotika da incəsənətin bir növüdür”. Bərəkallah belə intellektə…