Əhalinin pul gəlirləri artmayıb, azalıb

Məhəmməd Talıblı: «Işlə təmin olunanların əldə etdiyi gəlirlilik səviyyəsi minimum istehlak səbətindən aşağıdır»

Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident Ilham Əliyev yekun nitqi söyləyib. Ölkə başçısı ilin sonuna qədər makroiqtisadi vəziyyətin daha da sabit qalacağına əminliyini bildirib. Buna əsas kimi o, ilin 9 ayında  inflyasiyanın cəmi 8,4 faiz olduğunu deyib. Inflyasiyanın bir rəqəmli olduğunu söyləyən dövlət başçısı onun ilin sonuna qədər qala biləcəyinə ümidini də dilə gətirib. Əhalinin pul gəlirlərinin bu il 19 faiz artdığını deyən I.Əliyev bu gəlirlərin inflyasiyanı iki dəfədən çox üstələdiyini bildirib. Eyni zamanda əhalinin pul gəlirlərinin inflyasiyanı hər il iki dəfədən də çox həcmdə üstələdiyini vurğulayıb.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, əhalinin pul gəlirləri nominal pul gəlirlərinə daxildir. Yoxsulluğun səviyyəsinə diqqəti çəkən ekspert, onun 9 faizə qədər endirilməsinə baxmayaraq, normal vəziyyəti əks etdirmədiyini ölkə başçısının belə, etiraf etdiyini bildirib: “Hesablamalara özlərinin də kifayət qədər şübhələri var, çünki bilirlər ki, bu, real vəziyyəti əks etdirmir. Işlə təmin olunanların əldə etdiyi gəlirlilik səviyyəsi bir çox hallarda əhalinin minimum istehlak səbətindən də aşağı olur. Çünki 130 mindən çox şəxsə ünvanlı sosial yardım verilir ki,  bir adam orta hesabla hər ay 102 manat yardım alır. Işə təminat səviyyəsi yüksək olarsa, təbii ki, büdcədən ünvanlı sosial yardım, müavinət alanların sayı azalacaq. Lakin hazırda belə yardım alanların sayı çoxdur və əhali üçün yeni iş yerlərinin açılması faktı da reallığa uyğun deyil. Pensiyaların artmasının fonunda, bu artım əksəriyyət üçün 40-50 manat deyil, 8 manat həddində oldu. Yüksək əməkhaqqı ilə pensiyaya çıxanlar, dövlət qulluqçularının pensiyasında əhəmiyyətli dərəcədə artım özünü göstərib, lakin 85 manat pensiya alanların təqaüdündə ciddi dəyişiklik olmayıb. Müxtəlif metodologiya ilə hesablamalardan görürük ki, əhali pensiyasının artımından yetərincə faydalana bilməyib”.

Nigar