Əbülfəz Qurbanlı: «Türkiyənin kədəri Azərbaycanın kədəridir»
Səxavət Soltanlı: «Hər zaman qardaş ölkə Türkiyənin yanındayıq»
AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə dünən Müsavat, ADP, VHP, AZAD Gənclik Təşkilatı, NIDA və başqa gənclər təşkilatlarının aktiv fəalları Türkiyənin ölkəmizdəki səfirliyinin önündəki Atatürk parkına yığışaraq son günlər Türkiyədə baş verən PKK terrorunu lənətlədiklərini bildirdilər. Gənclər hər zaman qardaş Türkiyənin yanında olduqlarını və onlara həmişə dəstək verəcəklərini qeyd etdilər.
Ilk çıxışçı AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı oldu. O, PKK-nın törətdikləri terroru lənətlədiklərini dedi: “Biz həmişə Türkiyənin yanında olmuşuq. Türkiyənin kədəri Azərbaycanın kədəridir. Düşünürük ki, Azərbaycan hakimiyyəti də öz manefələri naminə çıxış etməli deyil. Biz heç zaman Türkiyə ilə soyuq münasibətlərin tərəfdarı olmamışıq və bundan sonra da olmayacağıq. Türkiyə həmişə Azərbaycanın yanında olub və gələcəkdə də belə olacaq. Azərbaycan hökuməti isə Türkiyəyə münasibəti dəyişməli, PKK-nı rəsmi bəyanatlarında səsləndirdiyi kimi reallıqda da terrorçu təşkilat kimi tanımalıdır”.
Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı çıxışında bildirdi ki, ölkədəki aktiv gənclər təşkilatlarının fəallarının bura yığışmasının ən böyük səbəbi Türkiyədəki PKK terrorunu lənətləməkdir: “Hamıya məlumdur ki, ötən günlərdə xain PKK hücumu zamanı qardaş ölkə Türkiyə bir gündə 24 şəhid verdi. Terror aktları, demək olar, hər gün davam edir. Üstəlik, Vanda baş verən zəlzələdə 400-dən çox insan həyatını itirib. Bu gün biz bura toplaşaraq bütün dünyaya çatdırmaq istədik ki, hər zaman Türkiyənin yanındayıq. Biz gənclər təşkilatlarının fəalları olaraq Türkiyəyə əlimizdən gələn yardımı və dəstəyi verməyə hazırıq və verəcəyik də”.
Daha sonra gənclər əllərində Azərbaycan, Türkiyə bayraqları, Atatürkün rəsmləri ilə Parka doğru yürüş etdilər. Polis aksiyaya heç bir müdaxilə etmədi.
Ramin