Diktaturaları darmadağın dönəmi

Bin Əli, Mübarək, Qəzzafi… sırada Antibəşər, Saleh. Sonra gəlir bizim region – “bizimkilər”, bir satqın müxalifət liderinin dililə desək, “bizim milli diktatorlar”. Bu bir yalan idi; o adam xalqı aldadırdı – dünya praktikası göstərir: diktatorların millisi, milli diktator olmur. Diktator bütün çağlarda, hər yerdə antimilli olur. Ərəb ölkələrində, bugünkü Iranda, Azərbaycanda olduğu kimi.

Bu gün bir çoxları Ərəb ölkələrini bürüyən demokratikləşmə proseslərini əski çağların Xaçlı yürüşlərinə bənzədir, xristian dünyasının müsəlmanlıq üzərinə hücuma keçdiyindən danışırlar. Sən demə, Səddam Hüseyn, Qəzzafi kimi qaniçənlərin öldürülməsi müsəlmanlığa zərbə vurmaqdan ötrüymüş. Belələri gerçəyi görmək istəməyən allahsız adamlardır. Belələri öz ölkəsindəki diktatura vəhşiliklərinə, diktator mənəmliyinə biryolluq boyun əyən kölə xarakterli, mənliksiz kimsələrdir. Batı (xristian dünyası) əl qatmasaydı, Səddam hələ də xalqdan oğurladıqları milyardlar üzərində kef çəkib, xalqın qanını tökəcəkdi. Onun 30 illik qanlı ağalığına göz yuman islam dünyası 100 il də qalsaydı, elə eləcə göz yumacaqdı.
Batıdan xalqa kömək gəlməsəydi, Benqazi üzərinə yürüşdə dediyi kimi, Qəzzafi xalqı bir-bir güllələyəcəkdi. 42 illik hakimiyyət, hakimiyyəti boyunca xalqdan oğurladığı 168 milyard dollarlıq var-yatır Qəzzafiyə az görünürdü, çox az. Bütün başqa diktatorlar kimi onun da özü, ailəsi ilə bağlı planları vardı, axı. O, özünün düşkün düşüncəsinə uyğun olaraq, oğurladığı milyardları durmadan artırmalı, ölüncə hakimiyyət başında qalmalı, öləndə hakimiyyəti oğluna ötürməli idi. Islam liderləri, Islam Konfransı Təşkilatı, başqa bu sayaq qurumlar onu uğurlayacaq, 100 il də keçsəydi, gözgörəti allahsızlıq dilə gətirilməyəcəkdi…
Saleh Yəməndə, Antibəşər Suriyada xalqı qırdıqca qırdırır. Suriyada ölü sayı 3 mini keçib. “Iran Islam Respublikası” adlanan dövlətdə bircə ildə 100 uşağa oğurluq üstündə, qadınlara “zinaya” görə ölüm cəzası verilir. Iranın yüksək din lideri Seyid Əli Xameneinin Avropa banklarındakı 67 milyard dollar pulu nə oğurluq sayılır, nə zina. Xalqdan milyardlar oğurlayan dövlət başçısı cəzasız qalan yerdə uşaqları xırda oğurluğa görə ölümlə, qadınları zinaya görə daşqalaqla cəzalandırmaq ən böyük allahsızlıq deyilmi?
Amerika boyda dövlətin başında duran Barak Obamanın bütün pullarını, var-yatırın bir yerə yığsan, bizdəki bir icra başçısının, bir hakimin pullarına, var-yatırına çatmaz. O boyda Amerikanın 200 illik prezidentlərinin hamısının pulunu, var-yatırını bir yerə yığsan, bapbalaca Azərbaycanın prezidenti olan ata-oğul Əliyevlərin 18 ildə yiyələndiklərinin yanında qəpikcə olar. Ata-oğul Əliyevlərin 1993-dən bu yana yiyələndikləri var-yatırın dəyərinin 100 milyard dollara yaxınlaşdığı bildirilir. Bir belə var-yatıra yiyələnəndən sonra da Ilham Əliyev bu xalqı soymağa son qoymur. Ərəb ölkələrində baş verənlərin qorxusundan ilin başlanğıcında antikorrupsiya kampaniyasına start verən I.Əliyev aradan üç ay keçməmiş kampaniyanı durdurdu – hər gün milyonların ardıcıl axınla artım yaratdığı AILƏ büdcəsində artımın azalmasına, tempin aşağı düşməsinə görə!
Sonra nə oldu? Ölkədə rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq ikiqat, üçqat artırıldı. Sözsüz, bundan sonra AILƏ-BÜDCƏ sayğacı aşırı hava vurmaqla evlərə verilən qaz, su sayğacı sayaq, reaktiv fırlanış itiliyi qazandı. Beləliklə, bir göz qırpımında bazarda ət; aptekdə dərman;  universitetlərdə, kolleclərdə imtahan; orta oxullarda süpürgə bahalaşdı. AILƏ-BÜDCƏ sayğacının reaktiv fırlanışı üçün I.Əliyev dış kompaniyanın 1,5 milyon dollara görəcəyi yol işini 23 milyon dollara başa gətirən Ziya Məmmədova gördürür. Sözsüz, Z.Məmmədov görəni dış kompaniya görə bilməz. Z.Məmmədov sayğacı görür, dış kompaniya görmür…