Diktatorların riyaziyyatı

Bilmirəm, siz də fikir vermisiniz ya yox, amma mən fikir də vermişəm, hətta eninə-uzununa araşdırmışam da: despotizm bina oldu olalı, dünya tarixində heç bir diktator “seçki” adı ilə qurduğu şouda özünə 100 faiz səs yazmadı. 70 faiz yazan oldu, 80 faiz yazan oldu, 90 faiz yazan oldu. Ki, zatən bizim kral da sonuncu “prezidentlik seçkisi”ndə özünə bu qədər səs yazmışdı.

Canım sizə desin, 95 faiz yazan oldu. 97 faiz, 98 faiz, hətta 99 faiz yazan oldu. Amma heç bir diktator indiyədək özünə 100 faiz səs yazmadı, özünə 100 faiz səs yazmağa heç birinin ürəyi yetmədi. Ya ürəyi yetmədi, ya da bütün diktatorlarda utanmaq, ağ eləməmək hissi sadəcə, özlərinə 100 faiz səs yazıb-yazmamaq məsələsi ortaya çıxanda işə düşür.
Ancaq bu da dəyişməz həqiqətdir ki, özünə nə qədər səs yazmasından asılı olmayaraq, onların hamısı eyni aqibəti yaşadı, eyni taleyi bölüşdü. Yəni, ya gec, ya tez – günlərin birində xalq onları əzərək keçdi, xanimanlarını yerbəyer etdi, qol və pul gücünə abad olan saraylarının daşını daş üstə qoymadı.
Demək ki, nəymiş? Diktatorun özünə yazacağı səs uzaqbaşı 99 faizdir, amma bir gün taxtının başına yıxılacağı, sarayının təpəsinə uçacağı, xanimanının yerləbir olacağı, kələklə gəldiyi üçün küləklə də gedəcəyi – 100 faiz!
Biriləri tarixdən dərs almasa belə, inanıram ki, heç olmasa riyaziyyatdan dərsini babat almışdır.
Əks halda, növbəti yazıda tibb elmini köməyə çağırmalı olacam.
Diktatorların cəzalarının dozası niyə artır?
Bu bir həqiqətdir ki, Qəzzafinin linç edilməsi onun özünün qansızlıqlarını, amansızlıqlarını arxa plana keçirdi. Bu gün müzakirə mövzusu Qəzzafinin cinayətləri, qəddarlıqları, cəlladlıqları olmalı ikən hər kəs Qəzzafinin bir amansızlıq qurbanı olmasından danışır və dartışır.
Dünənki yazımda bu barədə düşüncələrimi yazmışdım. Maraqlananlar təkrar oxuya bilərlər.
Bu gün yenidən həmin mövzuya dönməyimin səbəbi var. Bəli, mən də düşünürəm ki, Qəzzafinin o cür amansız şəkildə öldürülməsinə imkan verməmək də olardı. Ən azı, bu insanlıq düşməninin, bu bəbək qatilinin həbs ssenarisini elə həyata keçirmək olardı ki, onu gözünü qan örtmüş kütlələrin linçindən uzaq tutmaq mümkün olsun.
Bəs niyə etmədilər bunu?
Fikrimcə, Qəzzafinin bu cür cəzalandırılması yerdə qalan tiranlara, despotlara, xalqını əzən, onunla güc, zülm ilə danışan rejimlərə açıq bir mesajdır. Mesajdır ki, onlar öz zorakı, talançı hakimiyyətlərini qorumağa davam etdikcə, öz ədalətsiz, oğru rejimlərindən vaz keçmədikcə cəzanın ağırlıq dərəcəsi də artır.
Səddam Hüseyn – asıldı, bundan ibrət götürən olmadı.
Hüsnü Mübarəki heyvan qəfəsinə saldılar – yerdə qalanlar gərəkən dərsi çıxarmadı.
Fil Dişi diktatorunu arvadının yanından qaldırıb paltarsız qandalladılar, yenə başqalarına görk olmadı.
Yəmən diktatorunu sarayındaca güllələdilər, yarımcan elədilər – nəticə sıfır.
Indi də Qəzzafini bu cür linç etməklə bütün anti-xalq, anti-demokratik rejimlərin başçılarına mesaj verilir ki, siz tutduğunuz yoldan dönmədikcə, öz vəziyyətinizi ağırlaşdırırsınız, nə qədər gec deyil, ağlınızı başınıza yığın və rədd olub gedin. Xalqın, demokratiyanın önünü açın.
Başa düşmürəm, bunu başa düşmək o qədərmi çətindir?