Berlində şeytanla savaş

FACE-nin Berlin forumu sübut etdi ki, Azərbaycan gəncliyinin Azərbaycanı idarə etmək üçün kadr potensialı var

Hollandiyadan Əsəd bəylə yola çıxmışdıq. Tərs kimi evdən Berlindəki otelə qədər olan məsafəni naviqator 666 kilometr göstərirdi. Şeytanın rəmzi olan bu rəqəmlərlə göstərilən yolu qət etməliydik. Qət etməliydik ki, Azərbaycanı şeytanlardan təmizləmək üçün aparılacaq müzakirələrə qatılaq.
Berlində bizi Qurban Ələkbərov, Faxrəddin Hacıbəyli, Həbib Müntəzir və digər dostlar qarşıladılar. Həmin gün başdan-başa qonaq qarşılamağa həsr olunmuşdu. Gecənin lap gec saatlarına qədər bu “əməliyyat” davam etdi.
Səhər saat 10-da Bundestaqın binasında ilk toplantı başlandı. “Alman-Azərbaycan münasibətləri və Azərbaycan Respublikasında demokratikləşmə prosesləri” mövzusunda keçirilən ilk iclasda AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, Almaniya Bundestaqının deputatı Kristof Ştrasser Azərbaycan hakimiyyətinin mahiyyətini o qədər dəqiqliklə açdı ki, onun dediklərini xüsusi olaraq qeyd edib ayrıca müsahibə etməli oldum. Çünki cənab Ştrasserin dedikləri Azərbaycan adına utanc olmaqla yanaşı, Azərbaycan hakimiyyətinin nə qədər çirkin olduğunu bir daha ortaya qoydu.

Hazırda Londonda yaşayan keçmiş və indiki siyasi məhbus (Onun üzərində hələ də şərti cəza var – F.H.) Emin Millinin toplantıda çıxışı da foruma əlavə rəng qatdı. Toplantıda hiss etdim ki, uzun illər xaricdə təhsil almış bu 20-30 yaşlı gənc fəalların ölkəmizdə baş verən reallıqlardan bir o qədər də xəbərləri yoxdur. Yəni, onlar doğrudan da təsəvvür edə bilmirlər ki, Azərbaycanda yalnız mövqeyini ifadə etdiyinə görə insanlar ağır işgəncələrə məruz qalır, yeri gələndə Elmar Hüseynov kimi qətlə yetirilə bilirlər. O üzdən də təşkilatçılarla razılaşdıq ki, heç bir əlavə etmədən mən öz jurnalistika fəaliyyətimdən və nədən gəlib Hollandiyada yaşadığımdan danışım. Avropalı diplomatların və jurnalistlərin iştirak etdiyi “Söz azadlığı və müstəqil jurnalistikaya maneələr, jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunması” adlı toplantıda mən sadəcə öz jurnalistika həyatımdan bəhs etdim. Zaman az olduğundan çalışdım ki, maksimum qısa danışım. Və mən danışdıqdan sonra zaldakı insanların necə dəhşətə gəldiklərini gördüm. Sonradan dostlardan bəziləri açıq etiraf etdilər ki, onlar Azərbaycanda jurnalistlərin bu cür ağır şərtlər altında çalışdıqlarını təsəvvür etmirdilər.
Toplantıda içtirak edən Sərhədsiz Repartyorlar Təşkilatının Almaniya təmsilçisi Gemma Pörzgen mühacirətdə yaşayan jurnalistlərin öz şəbəkələrini yaratmalarının və mübarizəni davam etdirməyin lazım olduğunu dedi. Buna misal kimi söylədi ki, təkcə Zimbavbedən Almaniyada 50 mühacir jurnalist yaşayır və onlar öz fəaliyyətlərini dayandırmayıblar.
Növbəti toplantıda isə Almaniyanın insan hüquqları üzrə ombudsmanı, Bundestaqın deputatı cənab Markus Löninq ətraflı məruzə ilə çıxış etdi. Onun dediklərini də xüsusi olaraq qeyd edib “Azadlıq”ın oxucularına təqdim edəcəyəm. Hələliksə yalnız bunu bildirə bilərəm: cənab Löninq açıq dedi ki, proseslər bu cür inkişaf edə bilməz, azad cəmiyyətdə yaşayan avropalılar vicdanlarının səsinə qulaq asaraq Azərbaycanda demokratikləşmə prosesinə dəstək verəcəklər.
Ümumiyyətlə, forumda çox məqamlara toxunuldu. Səmimi olaraq qeyd edim ki, bu cür potensiallı Azərbaycan gəncliyi gözləmirdim. İstanbuldan toplantıya qatılmış Arzu Qeybullayeva, Londonda yaşayan Murad Həsənli, “Azadlıq”ın qurucusu Nəcəf Nəcəfovun qızı Leyla Nəcəfli mənim üçün xüsusi tapıntı idilər. Bu siyahıda həmin gənclərin hamısının adını çəkə bilərəm. Lakin ondan çəkinirəm ki, Azərbaycan hakimiyyəti ölkəmizin hazır kadr potensialı olan bu gəncləri də Bəxtiyar Hacıyev, Cabbar Savalan, Elnur Məcidli, Tural Abbaslı və digərləri kimi saxta ittihamlarla həbs edər, sonra da Emin Milli, Adnan Hacızadə kimi şərti azadlığa buraxıb fəaliyyət imkanlarını məhdudlaşdırar. Bu üzdən siyahını uzatmadan deyə bilərəm ki, Berlində gördüyüm mənzərə bu inamımı gücləndirdi: Azərbaycan çox keçmədən demokratik insanların idarəçiliyinə keçəcək. Çünki bu potensialın qarşısında durmaq mümkünsüzdür.