Vüqar Bayramov: «2010-2012-ci illər arasında 31,6 milyard ABŞ dolları məbləğində transfertlər həyata keçirilib»
«Fantastik transfertlər göstərir ki, bütün neft gəlirləri yaxın 4 ildə xərclənəcək»
2012-ci ildə Neft Fondundan dövlət büdcəsinə 9,905 milyard AZN (12,538 milyard ABŞ dollar) və ya ümumi büdcə gəlirlərinin 60,3% həcmində vəsait transfert ediləcək. Bununla da gələn il Azərbaycan Dövlət Neft Fondunun büdcə xərcləri demək olar ki, büdcə gəlirlərinə bərabər olacaq.
Transfertlərin həcminin ildən-ilə artırılmasına münasibət bildirən Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov vəsaitlərin istehlak iştahasından qorunmasının çətin olduğunu deyir: “Neft Fondundan büdcəyə transfertlər 2007-ci ildəki 686 milyon ABŞ dollarından, 2011-ci ildə 11,64 milyard ABŞ dollarına qədər artıb. 2012-ci ildə transfertlərin 12,538 milyard ABŞ dollarına kimi artırılması qərara alınıb. Bu o deməkdir ki, 2011-ci ildə fonddan büdcəyə transfertlər 2007-ci illə müqayisədə 18 dəfə artıb. Hansı ki, buna heç bir neft ölkəsinin təcrübəsində rast gəlmək mümkün deyil”. V.Bayramov bildirir ki, yalnız son 2 ildə büdcəyə (2010/2011) 19,0 milyard ABŞ dollarından artıq, 2010-2012-ci illər arasında isə 31,6 milyard ABŞ dolları məbləğində transfertlər həyata keçirilib. Bu da Dövlət Neft Fondunun ümumi aktivlərindən çoxdur: “Fondun hazırkı aktivləri 30 milyard ABŞ dollarından bir az artıqdır. Mərkəzin hesablamaları göstərir ki, əgər hökumət fonddan büdcəyə transfertləri bu həcmdə saxlasa, 2015-ci ildə Neft Fondunun büdcəsi sıfıra bərabər olacaq. Bu sahədəki qiymətləndirmələrimizdə neft hasilatında azalma tendensiyası da nəzərə alınır.
Belə ki, Dövlət Neft Şirkəti 2010-cu ildə 50 milyon ton neft hasil edib. 2011-ci il üçün isə şirkət keçən ilki hasilat göstəricisindən 4 milyon ton az – 46 milyon neft çıxarmağı planlaşdırır”.
Bu arada, son ehtimallar 2015-ci ildə neft istehsalının 35 milyon tona kimi azalacağını təsdiqləyir. Iqtisadçının qənaətinə görə, transfertlər hazırkı səviyyədə saxlanılarsa, hətta dünya bazarındakı bugünkü qiymətlərlə belə, fondun vəsaitləri büdcənin xətti ilə tamamilə xərclənmiş olacaq: “Fantastik transfertlərin bu səviyyədə saxlanılması bir neçə ildən sonra maliyyə resurslarının çatışmamazlığı ucbatından büdcə xərclərinin azaldılması kimi neqativ nəticələrə gətirib çıxara bilər. Neft pullarının idarə olunması üzrə hazırkı siyasət faktiki özünü doğrultmur. Vəsaitlərin effektiv və etik idarəetməsi üçün yeni siyasətin işlənməsinə, həyata keçirilməsinə ehtiyac var”.
Hikmət