Aydın Bəşirovla Cahangir Əsgərov İlham Əliyevin müşavirəsinə qatıla bilmədi
Oktyabrın 24-də Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə diqqət çəkən məqamlardan biri “Azal” prezidenti Cahangir Əsgərovla, Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin(XDGI) rəisi Aydın Bəşirovun tədbirdə iştirak etməməsi olub. Doğrudur, nə “Azal”, nə də XDGI birbaşa olaraq Nazirlər Kabinetinin strukturuna daxil deyil. Çünki bu qurumlar Nəqliyyat Nazirliyinin tərkibindədir. Lakin buna baxmayaraq, həm Cahangir Əsgərov, həm də Aydın Bəşirov bu vaxta kimi özlərini müstəqil aparıblar. Bu tip müşavirələrdə şəxsən iştirak ediblər. Amma bu dəfə onların rəhbərlik etdiyi sahələr barədə Ziya Məmmədov danışıb.
Bu fakt nəqliyyat nazirinin hakimiyyət daxilində daha da güclü fiqura çevrilməsini göstərir. Hər halda Ziya Məmmədov hakimiyyətdə yüksək səviyyədə himayə olunan Cahangir Əsgərovla Aydın Bəşirova yerini göstərə bilib.
Ümumiyyətlə son vaxtlar hakimiyyətdaxilində gedən savaşlarda, xüsusilə iqtisadi toqquşmalarda Ilham Əliyevin daha çox Ziya Məmmədova “stavka” etdiyi müşahidə olunur. Nümunə olaraq Bakıda yeni dəniz ticarət limanının tikintisi və gələcəkdə limana nəzarət uğrunda nəqliyyat naziri ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında 2 ildən artıq davam edən mübarizənin birincinin qələbəsi ilə başa çatdığını göstərmək olar. Artıq Ələtdə inşa olunacaq limanın tikintisi üçün Nəqliyyat Nazirliyində idarə də yaradılıb.
Dəniz limanı uğrunda iki nazirin savaşı lap əvvəldən, hələ onun Bakının mərkəzindən Ələtə köçürüləcəyi elan olunan günlərdən başlayıb. Ilk vaxtlar 3 milyard dollara başa gələcəyi deyilən limanın tikinti işlərini ələ keçirmək üçün son vaxtlara qədər “fövqəlnazir” fövqəladə imkanlarda görünürdü. Limanın yeni ünvanı Qaradağ rayonuna icra başçısı vəzifəsinə məhz Heydərovun adamı Süleyman Mikayılovun göndərilməsi, eləcə də Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin rəisi Aydın Bəşirovun ona yaxın şəxs olması bu yeni çoxmilyardlıq layihənin “fövqəlnazir”ə həvalə ediləcəyi ehtimallarını gücləndirirdi. Amma sonda Kəmaləddin Heydərovun bütün cəhdləri boşa çıxdı. “Fövqəlnazir”i yenməkdə Ziya Məmmədova Bəylər Əyyubovun yardım etdiyi bildirilir.
Informasiya şöbəsi