Qəzzafinin özünü məhkəməsiz qoyması

Qəzzafinin öldürülmə səhnəsi insanlıq adına əlbəttə, içacıdıcı idi. Ürəkağrıdıcı idi. Heç bir hüquqsuzluq başqa bir hüquqsuzluq yolu ilə aradan qaldırıla bilməz və qaldırılmamalıdır. Kim olur olsun, nə qədər dəhşətli bir suç işlətmiş olur olsun, bir canlının bu şəkildə məhv edilməsinə bəraət qazandırmaq çətindir. Ən qatı cinayətkarın, terrorçunun belə, adil şəkildə mühakimə haqqı var. Qəzzafiyə də bu imkanı tanımaq lazım idi – tökdüyü bütün qanlara, aldığı bütün canlara, verdiyi bütün dəhşətli, allahsız və amansız işgəncələrə, zülmlərə rəğmən!

Amma sevgili dostlar, Qəzzafini o cür dəhşətli şəkildə öldürülməsinin suçlusu da yenə Qəzzafinin özündən başqası deyil axı! Bu dəhşətli, qorxunc, tükürpədən sonluğu özü üçün elə Qəzzafinin özü hazırlamamışdımı?
Yox, yox, mən əsla onu demək istəmirəm ki, külək əkən fırtına biçər.
Mən demək istəmirəm ki, nə tökərsən aşına, o da çıxar qaşığına.
Mən heç onu da demək istəmirəm ki, zülmün, işgəncənin çubuq kimi iki başı var – bir başı günahsız, məsum insanları tutursa, digər başı da əvvəl axır o işgəncə, zülm sahiblərinin özünə dəyir.
Mənim demək istədiyim çox sadədir: Qəzzafiyə ədalətli mühakimə tələb edənlər bilirlərmi ki, Qəzzafi Liviyada başından bəri məhz ədalətli mühakiməyə qarşı oldu. Ölkədə hüquq və hüququn vazkeçilməzliyi, aliliyi adına heç nə etmədi. Bütün gücü ilə adil məhkəmələrin yaranmasına müqavimət göstərdi.
Soruşmaq ayıb olmasın, indi durub “Qəzzafi məhkəmə yolu ilə öz cəzasını almalı idi” deyənlər cavab verə bilərlərmi, bir halda ki, onun özü Liviyada hüququn başına daş salmışdı, sivil, modern qanunçuluğu kökündən qazımışdı, normal məhkəmə sisteminin yaranmasına imkan verməmişdi, o zaman Qəzzafini kim yarğılayacaqdı, kim mühakimə edəcəkdi?
“Qəzzafi mütləq məhkəmə yolu ilə cəzalandırılmalı idi” deyənlər, deyə bilərsinizmi, Qəzzafi hansı məhkəmədə almalı idi cəzasını? O, nə vaxt Liviyada məhkəmə sistemi yaratdı ki, indi də onu həmin məhkəmənin qarşısına çıxaraydılar? 
Bir halda ki, onun 42 ilik hakimiyyəti ədalət, hüquq anlayışını inkar edirdi…
Bir halda ki, onun 42 illik hakimiyyəti sadəcə, törə qanunlarına söykənirdi, Qəzzafinin o şəkildə linç edilməsinə niyə heyrətlənirsiniz ki? Axı Qəzzafini elə onun özünün yaratdığı cəza metodları ilə cəzalandırdılar. Qəzzafi liviyalılara 42 il ərzində hansı cəza mədəniyəti aşılamışdısa, onları hansı qanunlarla tərbiyələndirmişdisə, o cəza mədəniyyətinin, o tərbiyələndirmənin də qurbanı oldu.
Bəli, biz gecə-gündüz bu ölkədə hüquq istəyəndə, hüququn üstünlüyünü istəyəndə, ədalət istəyəndə, qanunların aliliyini istəyəndə, adil məhkəmə sistemi istəyəndə Ilham Əliyev və ətrafındakılar anlamır. Anlamağa çalışmırlar ki, əslində, bütün bunlar əvvəlcə onun və əyanlarının özləri üçün lazımdır. Anlamır, anlamaq istəmirlər ki, sabah, birigün hüququn üstünlüyünə, qanunların aliliyinə, məhkəmələrin müstəqilliyinə və ədalətliliyinə ən birinci Ilham Əliyev və ətrafının ehtiyacı olacaq. Onlar bu millətin və dövlətin başına gətirdiklərinin haqq-hesabı sorulanda başa düşəcəklər Azərbaycanda hüquqi nihilizmə qaz verib, məhkəmə sistemini sifarişli, asılı bir mühakimə orqanına çevirməyin nə qədər fəlakətli bir iş olduğunu!
Qəzzafi də əslində, bunu həyatının son dəqiqələrində anladı. Bütün hakimiyyəti boyunca hüquqa, ədalətə qarşı dayanmasının bədəlini canıyla ödəyəcəyini anladı. Anladı anlamasına da, amma artıq gec idi. Onunla onun öz cəza dilində danışdılar. 
Bu bizim yapokratik rejim üçün də bir siqnaldır, xəbərdarlıqdır. Xəbərdarlıqdır ki, əl çəkin hüquqa qarşı basqınlardan… Vaz keçin məhkəmələri oyuncağa, məzhəkəyə çevirməkdən… Yığışdırın insanları ağa kefi ilə yarğılamağı, cəzalandırmağı…
Əks halda, gün gələcək, hüquqa ən böyük ehtiyacı olan elə siz özünüz olacaqsınız!
Gün gələcək, sizin də gözünüz ədalətli məhkəmə axtaracaq, amma baxıb görəcəksiniz ki, onu elə özünüz öz əlinizlə dəfn etmisiniz.
Bax onda, bax onda çox gec olacaq.