“Bu cəmiyyətə təsadüfi gəlib düşmüşəm”

«Mənə olan təkliflər heç kimə olmayıb»

Mehman Əliyev: «Falçı dedi, çox gözəl qocalığın olacaq»

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin bu gün 54 yaşı tamam olur. Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Azərbaycan mətbuatının tək-tük simvollarından, əyilməzlik simvollarından biri, birincisidir. Keçdiyi yol çoxlarına örnək olası yoldur. Fürsətdən istifadə edib onunla bu mövzuda söhbətləşmək, keçdiyi yola bir daha nəzər salmaq istədik.

– 54 yaşınız tamam olur. Bu münasibətilə Sizi təbrik edirik. Adətən ad gününüzü necə, hansı şəraitdə qeyd edirsiniz?
– Işdə ənənədir, kiminsə ad günü olursa, tort, çay süfrəsi ilə qeyd edirik. Mən istisna deyiləm. Bu, çoxdan qoyulmuş qaydadır. Evdə də ev qaydasında olur.

– Iki yubileyiniz, 45-50 yaşınız bu hakimiyyətin dövründə olub. Ölkənin tanınmış jurnalistlərindənsiniz. Rəsmi səviyyədə hər hansı təbrik eşitmək ürəyinizdən keçibmi və belə bir təklif olubmu?
– Özümü tanınmış sima saymıram. O barədə heç fikirləşmirəm də. Ancaq ehtiyac da görmürəm, istəmirəm. Bu, şəxsi məsələdir, buna rəsmiyyətin heç bir aidiyyəti yoxdur.

“Məni “KQB”yə işə  dəvət edirdilər”

– Mətbuata gəlişiniz necə olub?
– Tam təsadüfi gəlib düşmüşəm. Mən, ümumiyyətlə, bu cəmiyyətə də təsadüfi gəlib düşmüşəm. Bu yaxınlarda Eynulla Fətullayevlə bir söhbətimiz oldu. O soruşdu ki, Qənimət qayıdacaqmı? Dedim qayıdar, orda qalmaz. Ailəsin yerləşdirib gələr, çünki orda yaşaya bilməz. Eynulla qayıdıb dedi ki, mən də orda qala bilməzdim. Mən də qayıdıb Eynullaya dedim ki, mən isə qala bilərdim. Eynulla təəccüblə baxdı. Dedim çünki mən bu cəmiyyətə gəlib təsadüfən düşmüşəm. Ona görə də bu mənada jurnalistikaya da tam təsadüfən gəlmişəm. Tamam başqa planlarım var idi. BDU-nun üçüncü kursunda oxuyurdum, qiyabiyə keçmək istəyirdim. Açığı deyim, məni “KQB”yə işə dəvət edirdilər. Getmək də istəyirdim. Qiyabiyə keçib işə getməli idim. Birdən dekan dedi ki, səni Moskvaya, jurnalistika fakültəsinə oxumağa göndəririk. Dedim nə Moskva, nə jurnalistika, mənim başqa planlarım var. Sinif nümayəndəsiydim, hər dəfə jurnalı təhvil verəndə dekan soruşurdu ki, sənədlərini yığdın, ya yox. Ora getmək istəyən çox idi. Evdə dedim ki, mənə belə deyirlər. Valideynlərim dedi get. Çünki o vaxt oxuyanda da işləyirdim, həmişə özüm özümü dolandırırdım. Prinsipim belə idi. Dedilər get, o barədə fikirləşmə, maliyyə məsələləri problem olmayacaq. Mən də razılaşdım. Beləcə getdim jurnalistika fakültəsinə.

“Mənim savaşım  bu hakimiyyətlədir”

– Sonradan peşmançılıq olmadı?
– Yox, olmayıb. Mənim prinsiplərimlə bu cəmiyyətdə yaşamaq kifayət qədər ağırdı. Mövcud cəmiyyətdə jurnalistikada bu prinsipləri qoruyub saxlamaq çox ağırdı. Ancaq hesab edirəm ki, maraqlıdır. Böyüklərlə savaşmaqdan xoşum gəlir. Burda söhbət hakimiyyətdən gedir. Mənim savaşım bu hakimiyyətlədir. Çünki bu cəmiyyətdə bərqərar olan prinsiplər var ki, mən onları qəbul etmirəm. Onlar anticəmiyyət prinsipləridir. Ona görə də bu mənada mənim üçün öz prinsiplərimi və mövqeyimi müdafiə etmək, savaşımı aparmaq maraqlıdı, vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, cəmiyyətdə nəyinsə baş verməsi, cəmiyyətin başqa istiqamətə getməsi üçün böyük olmasa da, heç olmasa bir töhfə verə bilərəm. Söhbət ondan gedir ki, dünyəvi, demokratik, azad insanlardan ibarət, ədalətli cəmiyyət qurulsun. Onun üçün yaşayıram, vuruşuram. O günü də görmək istəyirəm. Inşallah, o gün gəlib çıxacaq. Buna inanıram.

“Müstəqil mövqe saxlamaq həmişə  çətin olub”

– Uzun müddətdi mətbuatdasınız. Mətbuat üçün ən yaxşı dövr hansı idi?
– Ən yaxşı dövr 1992-1997-ci illər, 1998-ci ilə qədər olub. Həqiqətən də jurnalistika inkişaf edirdi, azad rəqabət var idi. Düzdür, o rəqabətdə də müəyyən nasazlıq var idi. Kiməsə şərait yaradılırdı. Ancaq bütövlükdə mübarizə aparmaq da olurdu, özünü təsdiq etmək də asan idi. Bacarıqlı jurnalistlər öz yerini tuturdu. Qəzetlərin tirajına, onların durumuna da baxsaq, bunu görərik. Müstəqil medianın fəaliyyəti təsirli idi. Mətbuatın cəmiyyətə də təsiri çox böyük idi. 1998-ci ildən vəziyyət pisləşməyə başladı. O vaxtdan çox pisləşib. Ancaq bütövlükdə baxanda, müstəqil mövqe saxlamaq həmişə çətin olub. “Turan” 1990-cı ildə yaranıb, o vaxtdan da həmişə əzab-əziyyət içindədi. Yəni həmişə çətin olub. Bu yaxınlarda da geriyə nəzər saldım. Demək olar ki, həmişə mübarizə vəziyyətində, ölüm-dirim vəziyyətində olub. 21 ildir belə davam edir.

– Xəbərin içindəsiniz. Elə xəbər kateqoriyası var ki, o xəbərlər tez-tez olur, ancaq Sizdə ikrah hissi yaradır, yəni elə xəbərlərin çox olmasını istəməzdiniz?
– Məsələn, dünən xəbər gəldi ki, Naxçıvanda 20 gündü bir bloger oğurlanıb. Heç kimin də xəbəri yoxdu. Belə xəbərlər çox pis təsir edir. Ölkədə insan oğurlanıb. Nə hüquq müdafiəçilərinin, nə jurnalist təşkilatlarının reaksiyasını görürəm. Hökumətin reaksiyası yoxdu. Bu da çox pis təsir edir. O gün Gəncə şəhərində Media Hüququ Institutunun tədbirini keçirməyə imkan verməyiblər. Belə məlumatlar çox pis təsir edir.

“Dövlət çevrilişi xəbəri çox pis təsir etmişdi”

– “Turan”ın tarixində ən pis və ən yaxşı xəbər hansılar olub?
– Xoş xəbərlər olub. Ancaq ən yaxşı hansı olub, bunu xatırlamaq bir az çətindi. Pis xəbərlərə gəldikdə, məsələn, Şuşanın işğalı çox pis xəbər oldu. Ümumiyyətlə, bütün rayonların işğalı, dövlət çevrilişi çox pis təsir etdi. Əksinə, müharibədəki uğurlar xoş xəbər olub.

“Fikirləşmirdim ki, bizdə belə bir rejim yaranacaq”

– “Turan” agentliyinin Azərbaycan mətbuatında xüsusi yeri var. Ilk müstəqil agentlikdir. Nə vaxtsa yerləşdiyi binadan çıxarılıb kiçik yerdə fəaliyyət göstərəcəyini ağlınıza gətirə bilərdiniz?
– Fikirləşmirdim ki, bizdə belə bir rejim yaranacaq. Özü də 21-ci əsrdə belə bir rejimdə yaşayacağımızı heç ağlıma gətirməzdim, bunu gözləmirdim.

“Mediaya qarşı belə qəddar siyasət gözləməzdim”

– Normal ölkələrdə “Turan”, “Azadlıq” kimi media qurumları 20 il müddətinə holdinq səviyyəsinə çatır. Azərbaycanda buna nə mane oldu?
– Azad rəqabət çərçivəsində, normal şəraitdə, azad iqtisadiyyatda əlbəttə, belə fikrimiz var idi. 1997-ci ildə bizdə cəmi 12 nəfər işləyirdi. 1997-ci ildən sonra çoxaltmağa, artıq bölmələr yaratmağa başladım. Hətta bizdə müstəqil bölmələr, “Turan-ekonomiks”, “Turan-politiks” yaranıb. Bunlar ayrı agentliklər kimi formalaşmalı idi. Telekanal barədə düşünürdük. Təxminən 1998-1999-cu illərdə qəzetə keçmək istəyirdim. Çünki o zaman qəzetə gələn reklam kifayət qədər yaxşı idi. Yaxşı reklam qazana bilərdik. Ona görə də işçilərin sayı təxminən üç dəfə artırıldı. Imkanlar da var idi, pul da qazanırdıq. 1998-ci ildə böhran başladı, xüsusi siyasət həyata keçirildi. O zaman qəzetlərdə çoxlu ixtisarlar oldu. Bəzi qəzetlər bağlandı, parçalandı. Qəzetlərdə aylarla maaşlar verilmirdi. “Turan”da belə bir proses heç vaxt olmayıb. O vaxtı jurnalistlərə dedim ki, prinsipcə bazar qaydalarına görə mən indi gərək təzədən işçilərin heç olmasa yarısını ixtisara salım. Ancaq başqa variant da var. Biz gərək daha da yaxşı, daha güclü işləyək. Heç olmasa əldə etdiyimiz nailiyyətləri itirməyək. Bilirəm ki, hər biri “Turan”a töhfə verib. Ona görə belə eləmək istəmirəm. Ancaq elə eləyək ki, işimizi saxlayaq. Fikirləşdim ki, təxminən 2004-2005-ci ilə qədər böhran olacaq. Sonra hesabladım ki, böyük neft gələcək. Ancaq hakimiyyətin mediaya, cəmiyyətə qarşı bu cür qəddar siyasət aparmasını qətiyyən gözləməzdim.

“Mətbuatın iqtisadi dayaqlarını dağıtdılar”

– 1992-1997-ci illərdə ölkədə kifayət qədər müstəqil jurnalistlər, qəzetlər olub. Ancaq onların bir çoxu gözlənilmədən mövqeyindən döndü. Sizin üçün də bu, gözlənilməz idi, yoxsa təəccüblü olmadı?
– Buna iqtisadi durum məcbur elədi. Iqtisadi senzura tətbiq olundu. Rəsmilərdən biri bir dəfə mənə dedi ki, biz mətbuatın iqtisadi dayaqlarını dağıdacağıq. Ona görə deyirəm ki, bu, siyasətdir. Bunu Prezident Administrasiyasının rəsmi nümayəndəsi o zaman senzura götürüləndə mənə deyib. Bunlar başa düşürdülər ki, əgər media iqtisadi baxımdan azaddırsa, deməli, onun yaradıcı azadlığı da təmin olunur. Əgər iqtisadi dayaqları vurub dağıdılırsa, iqtisadi baxımdan özünü dolandıra bilmirsə, asılı vəziyyətə düşürsə, deməli, hakimiyətdən asılı vəziyyətdə olacaq. Çünki bütün maliyyə resursları hakimiyyətdədir. Hər şey nəzarətdədir. Onlar bunu hesabladılar və həyata da keçirdilər. Ona görə də müstəqil olan, özünü saxlayan qəzetlər ya mediadan tam getməyə məcbur oldu, ya da ki, hakimiyyətə tabe oldu.

“Hakimiyyətin təklifləri qəbuledilməzdir”

– Ancaq “Turan”ın da maliyyə problemləri olub. Sizə təkliflər olubmu və nə vaxtsa belə təkliflərə razılıq verəcəyini təsəvvür edirsiniz?
– Mənə olan təkliflər heç kimə olmayıb. Nəinki mediada, başqa sahələri də götürsək, heç kəsin o təkliflər heç yuxusuna da girə bilməz. O baxımdan təkliflər olsa da, bu, qəbulolunmazdı. Əksinə, təklifləri qəbul etməkdənsə, bağlayıb getməyə razıyam. Bu, mənim prinsipimdir. Bu prinsipdən də heç vaxt geri dönməyəcəm. Artıq bu yaşa qədər gəlmişəmsə, bundan sonra da belə gedəcəm. Başqa variant ola bilməz. Məni maddi durum maraqlandırsaydı, onda bu yolu niyə gedirdim?! Ümumiyyətlə, əgər Azərbaycanda uğurlu biznes qurmaq istəyirsənsə, hakimiyyətlə işləməlisən. Müəyyən dərəcədə möcüzədir ki, sən pul da qazanasan, hələ hökuməti də tənqid edəsən. Baxmaq istərdim ki, hansı uğurla biznesmen pul da qazansın, hələ hökuməti də tənqid etsin. Azərbaycanda bu mümkün deyil. Biz isə bunu edə bildik və bu da böyük məsələdir.

– 55 illiyinizi hansı Azərbaycanda keçirmək istərdiniz və görmək istədiyiniz Azərbaycan yaxındadırmı?
– Növbəti yaşım bu Azərbaycanda olacaq. Hesab edirəm ki, gələn ilə heç nə dəyişməyəcək. Ancaq vaxtilə Bakıda məşhur falçı var idi. O falçı Heydər Əliyevin də falına baxırdı. SSRI-də məşhur idi. Rus qadın idi, Leninqradın blokadası vaxtı uşaq evinə köçürmüşdülər, burda da qalmışdı. Yayda Zuğulbaya gəlirdi, yer təşkil edirdik, qalırdı orda. Onda mənim təxminən 14-15 yaşım var idi. Bir dəfə üstünə düşdük ki, bizim falımıza bax. Dedi uşaqların falına baxmaq olmaz. Ora-bura dartdım, əl çəkmədim. Kartı açıb falıma baxdı, dedi sənin çox gözəl qocalığın olacaq. Ona görə hələ qabaqda vaxt var.

Fizzə Heydərli