“GEN” MMC-nin qurbanları Prezident Aparatına yürüş etdi

Zərərçəkənlərin qarşısını polis aldı, şikayətləri dinləyən olmadı

“GEN” MMC şirkətinin aldadılan və pulunu ödədikləri mənzilləri ala bilməyən zərərçəkənlər ötən gün Prezident Administrasiyası (PA) qarşısında növbəti aksiya keçiriblər. Zərərçəkənlər Bakı Şəhər Icra Hakimiyyətinin onları yalan vədlərlə aldatmasından da şikayətçidirlər.
Təxminən 100-ə yaxın “GEN” MMC qurbanı Filarmoniya bağında toplaşıb PA-ya yürüş etmək istədilər. Ancaq Səbael rayon Polis Idarəsinin əməkdaşları onları dövrəyə aldı. Əllərində müxtəlif plakat və transparantlar tutan aksiyaçılara polis sərt şəkildə mane oldu. Hüquq-mühafizə orqanının əməkdaşları qurbanlardan yalnız 5 nəfərin PA-ya getməsinə şərait yarada biləcəyini söylədi. Bununla razılaşmayan vətəndaşlar hamılıqla PA-nın qarşısına gedib, dərdlərini demək istədiklərini bildirdilər. Ancaq polislər əvvəlki fikirlərində qaldıqlarından çarəsiz qalan qurbanlar sonda bununla razılaşdılar.
“GEN” MMC-nin qurbanları deyib ki, BŞIH başçısı Hacıbala Abutalıbov Ilham Əliyevin tapşırığını yerinə yetirmir: “”Mur-Ay” və “GEN” MMC zərərçəkənlərinə Yasamalda 20 hektar ərazi ayrılıb. Orada bizə ev tikilməlidir. Hacıbala Abutalıbov isə bizi get-gələ salıb. Şirkətin rəhbəri Elbrus Əliyev azmış kimi indi də bizi Hacıbala Abutalıbov aldadır. Ancaq məlum olur ki, həmin yeri Hacıbala Abutalıbov ayrı-ayrı iş adamlarına qanunsuz olaraq satıb. Guya həmin ərazi plana düşüb və orada ev tikmək olmaz. Indi də bizə nə ev verirlər, nə də torpaq. Halbuki məhkəmənin sonunda iki qərar qəbul olunmuşdu. Onlardan biri cinayətkarların cəzalandırılması, biri də 2006-ci ildən aldadılan insanlara ev tikmək üçün torpaq sahəsinin ayrılması idi. Biz Icra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Çünki iş onlara həvala olunub. Icra Hakimiyyətindən bizə nə vaxt ev tikiləcəyini soruşduqda konkret cavab verilmir. Istəyirik ki, dəqiq cavab verilsin. Olan-qalan pullarımızı onlara vermişik. Indi kirayələrdə ömür sürürük. Ya bizim pulumuzu versinlər, ya da evlə təmin etsinlər”.

Ramin DEKO