Azərbaycansayağı islahat

Ölkədə ciddi islahat gedir. Düzdür, ağrısız keçmir. Qanun pozuntusuna yol verənlərin cəzalandırılmasının tez-tez şahidi oluruq. Əsas pozuntu məkanlarından birinin məhkəmələr olduğunu artıq yuxarılarda da dərk etməyə başlayıblar. Görünür, Avropa Məhkəməsində Azərbaycan dövlətinin cərimələnməsi halları artdığından və bu gedişlə daha da artacağından narahat olan hökumətimiz o məkana müraciətlərin qarşısını almaq fikrindədir.

Yol da bəllidir: Məhkəmə-Hüquq Şurası. Bu qurum qanun və qanunçuluğun keşiyindədir və yol verə bilməz ki, hədlər aşılsın. Bugünlərdə Şura çox mühüm qərarlar qəbul edib. Şübhə yoxdur ki, Məhkəmə-Hüquq Şurasının son qərarı Azərbaycanın məhkəmə sistemində çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bu da o anlama gəlir ki, Avropa Məhkəməsinə müraciətlərin sayı azalacaq və dövlətimiz daha ziyan çəkməyəcək. Açığı, bu qərarı oxyandan məndə məhkəmə sistemimizə cox ciddi inam yaranıb. Buyurun siz də həmin qərarla bağlı yayılan informasiyanın bir hissəsi ilə tanış olun. Yerimiz az olduğundan qərarın tam mətnini burda dərc edə bilmirik. Amma bu hissə də məncə, yetərlidir.
“Hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları, süründürməçilik və digər korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyevə töhmət verilib, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Tahir Ismayılova və Hacıqabul rayon məhkəməsinin hakimi Malik Qarayevə irad tutulub…”.
Ilahi, bunlar nə qədər qəddar adamlardır. O iradlardan sonra hakimlərin hansı hisslər keçirdiyini, mantiyanın altında hansı hala düşdüyünü təsəvvür etmək çətin deyil. Allah qalan hakimlərimizi hifz eləsin…
***
Ölkədə islahatlara məni AzTV-də gedən bir süjet də hədsiz inandırıb. Bu süjetə baxandan özümü çox qınayıram, kanaldan üz döndərməyimə peşman olduğumu da etiraf edirəm. Sən demə, sadəcə bütün verilişlərə diqqətlə baxmaq yetərliymiş. Nə qədər həqiqətlər sətiraltı bizə çatdırılırmış… Ibrahim müəllimin “Həftə”sinin bu baxımdan əvəzi yoxdur. Sonuncu “Həftə”də Ermənistanla bağlı ilginc məlumatlar Azərbaycan tamaşaçısına təqdim olundu. Bu ölkənin ordusunda gündən-günə artan ölüm halları, korrupsiya, yeyinti, dedovşina, əsgərlərin komandirlər üçün işləməsi və s. geniş miqyas alıb. Qulaq asdıqca dərhal adamın yadına Azərbaycan ordusunda baş verənlər düşür. Süjet boyu Ermənistanın adının az çəkilməsi adamda elə təəssürat yaradır ki, söhbət elə Azərbaycandan gedir. Bu ölkənin ordusunda baş verənlər Azərbaycan tamaşaçısına tam çılpaqlığıyla, özününkü kimi çatdırılır. Adamları qınamaq yox, əksinə alqışlamaq gərəkdir ki, jurnalist peşəkarlığıyla, sətiraltı sözlərlə, böyük ustalıqla xalqın dərdlərini ona anladır. Yaxşı priyomdur. Halal olsun…
***
Dünən Nazirlər Kabinetində 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Yığıncağa ənənəvi olaraq Ilham Əliyev sədrlik edib. Ənənəvi olaraq da ancaq uğurlardan danışıb. Sən demə, son 9 ayda 74 min yeni iş yeri açılıb ki, bununla da son 8 ildə yeni açılan iş yerlərinin sayı 950 minə çatıb. Görəsən Ilham Əliyev özü dediklərinə inanırmı? Elə bu yaxınlarda Zülfüqarlı qardaşları ilə bağlı qəzetimizdə yazı getmişdi. O yazıdan bəlli olurdu ki, bu qardaşların zavodlarını Ilham Əliyev hakimiyyəti heç bir qanun gözləmədən, daha doğrusu bütün qanunları ayaqaltı edərək əllərindən alıb və yüzlərlə Azərbaycan vətəndaşı işsiz qalıb…
Bu yığıncaqda danışılanlarla bağlı yayılan informasiyanı diqqətlə oxudum, çoxlu rəqəmlər sadalanır, amma mən orda Ilham Əliyevin dilindən çıxan yalnız bir sözə inandım: “Ermənistan-Azərbaycan münaqişəsində hələ ki, ciddi nəticəyə nail olunmayıb”. Elə bu cümlə yetərlidir. Bundan qabaq və sonra danışılanlar, Elnur demişkən, filfilodu, filfilo…