Gözəl obrazlar ifaçısı Nəcibə Məlikova
Azərbaycan səhnəsində bir-birindən gözəl obrazlar yaratmış qadın sənətçilərimiz sırasında Nəcibə Məlikovanın adı böyük məhəbbətlə çəkilir. 30-cu illər repressiyalarından nəsibini almış bir ailədə boya-başa çatan, bu damğa üzündən bir çox arzuları ürəyində qalan gənc Nəcibə nə zamansa milyonların könlünə yol tapacağını düşünməmişdi hər halda.
O, 1921-ci il oktyabrın 25-də Buzovnada dünyaya göz açmışdı. Atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri idi. Anası Xoşsima komsomolçu fəallardan olsa da, 1938-ci ilin yayında repressiya olunmuş qardaşı Ruhulla Axundov (Sidqi Ruhulla) tutulandan sonra onun da ictimai həyatına son qoyuldu. Məlikovlar ailəsinə isə “xalq düşməninin ailəsi” adı verdilər.
Nəcibə xanımın uşaqlıqdan böyük bir arzusu vardı. Məktəbi bitirdikdən sonra həkim olacaqdı. Ancaq arzusu ürəyində qaldı. Xalq düşməninin bacısı qızını kim idi Tibb Institutuna qəbul edən?! Ancaq atası Haşim bəy Saqibin ziyalı olması, sənəti sevməsi və yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək etdi. Beləliklə, Nəcibə Məlikova həyatını aktyorluqla bağlamaq qərarına gəldi. 10-cu sinfi qurtarandan sonra sənədlərini könülsüz bir halda Teatr Institutuna verdi və Fatma Qədrinin sinfinə qəbul oldu. Lakin burada oxuduğu müddətdə sənətə elə bağlandı ki, ömrü boyu oradan ayrıla bilmədi.ÿ
“Tez-tez hamımız yığışıb onların doğma kəndi Buzovnaya gedərdik. Orda onların ata mülkləri var. Qohumların da çoxu elə bu kənddə yaşayır. Bəli, o mənim ögey anam idi. O vaxt mən Tovuzdan Gəncəyə gələndə, onunla yola getməyən Xanım nənəm bunu tez-tez deyib ona çatdırardı: ”Ögey anasan, ona görə ürəyin yanmır”. Onun yerinə kim olsaydı, doğmalıq nədi, tamamilə bizdən üz çevirib yalnız öz uşağıyla məşğul olardı. O isə bütün bunlara dözüb, tab gətirib analığını göstərə bildi. Mən bunları danışdıqca, yəqin, tanış gəlir sizə. Tamamilə doğrudur, “Ögey ana” filmindəki vəziyyət. Burada heç bir təsadüfdən söhbət getmir. Hər şeyi necə varsa, eləcə köçürüblər filmə. Çox cüzi dəyişikliklərlə. Hadisə belə olmuşdu: görkəmli rejissorumuz Adil Isgəndərov ailəmizə yaxın olduğundan, Gəncədə olanda bizim evə gəlib-gedərdi. Hər dəfə də nənəmlə Nəcibənin bu dartışmasına tənə edib deyərdi: “Əşşi, bəsdirin, sizinki oldu kino, gərək deyim, bir film çəksinlər sizdən”. Sən demə, bu sözü Adil müəllim elə-belə, söz xatirinə deməyib. Həqiqətən də filmin ideyasını Həbib Ismayılova o danışıb. Az sonra bizim ailədəki münasibətlər haqda yazılan ssenari əsasında kinorejissor Həbib Ismayılov “Ögey ana” filmini çəkdi. Mən deyərdim, filmdə Nəcibə Məlikova baş rolda yox, özünü oynayıb”( Fuad Əsədov).
Həyatı da bir filmi xatırladır
O, 1943-cü ildə institutu bitirəndən sonra təyinatla Gəncə Dram Teatrına göndərilir. Orada çalışdığı müddət Nəcibə Məlikovanın həyatının ən unudulmaz, ən xoş və ən kədərli anları ilə yadda qalır. Gəncənin tanınmış adamlarından olan Nəsrəddin Nəcibəni tamaşaların birində görür və heyran qalır…
Xeyli çək-çevirdən sonra Nəcibə Məlikova Nəsrəddinlə ailə qurmağa razılıq verir. Baxmayaraq ki, Nəsrəddin artıq bir dəfə evlənmişdi və Fuad adlı oğlu vardı. Nəcibə xanımın isə bu evlilikdən Saqib adlı bir oğlu dünyaya gəlir. O, hər iki uşağa eyni ana qayğısıyla yanaşır, onları bir-birindən ayırmamağa çalışır. Ancaq buna baxmayaraq, qaynanası onu qətiyyən sevmir və qəbul etmir. Bu problemlə yanaşı çox sevdiyi həyat yoldaşı Nəsrəddin də onun teatrda işləməsini istəmirdi. “Səhnədən ayrılmalısan” kimi bu və başqa sərt tələblər irəli sürürdü. Nəcibə isə bu istəklərlə, tələblərlə razılaşa bilmir. Çünki sənət onun üçün hər şey demək idi. Səhnəsiz yaşaya bilmirdi. Nəhayət, bütün tərəddüdlərdən sonra bu 5 illik ailənin həyatına son qoyulur. Nəcibə Məlikova həyat yoldaşından ayrılır, Bakıya qayıdır. Keçmiş həyat yoldaşının da ömrü uzun olmur, 30-31 yaşında dünyasını dəyişir. Nəcibə Məlikova isə bir daha ailə həyatı qurmur.
Nəcibə Məlikova Bakıya qayıdandan sonra Milli Dram Teatrında çalışmağa başlayır. Müxtəlif illərdə “Nişanlı qız”, “Şöhrət və ya unudulan adam”, “Vaqif”, “Qəribə oğlan”, “Ümid”, “Müsyo Jordan və dərviş Məstəli şah”, “Əks səda”, “Cehizsiz qız”, “Qılınc və qələm”, “Büllur sarayda” və digər tamaşalarda özünəməxsus, unudulmaz obrazlar yaradır. Səhnə həyatında da çox çətinliklərdən keçməli olur.
Dayısı Ruhulla Axundov bəraət qazanandan sonra Nəcibə Məlikovanın səhnə həyatında da yaşıl işıq yanır. 1958-ci ildə “Ögey ana” filminə çəkilir. Daha doğrusu, bu filmdə öz obrazını, öz həyatını canlandırır. Filmin ssenarisi, müəyyən detallar dəyişdirilərək məxsusi olaraq Nəcibə Məlikovanın həyatı üzərində qurulmuşdu. Rejissor Həbib Ismayılov isə bu ssenari əsasında “Ögey ana” filmini çəkir. Film ekrana çıxandan sonra Nəcibə Məlikova daha da uğur qazanır, hər yerdə tanınmağa, sevilməyə başlayır. Özünün də ən sevdiyi rol Dilarə olur.
“Ögey ana”ya uzaqdan məktublar
50-ci illərin sonuydu. “Ögey ana” filmiylə bağlı Rusiyanın Kemerovsk vilayətindən bir qız ona məktub yazmışdı. Qızın 13 yaşı var idi. Amma məktubla tanış olanda deməzdin bunu uşaq yazıb. Həyat ona çox ağır dərs vermişdi… “Doroqaya maçexa” müraciətiylə başlayan bu məktubda deyilirdi: “Anam yoxdur. Atamın həyat yoldaşına ”ana” deyə bilmədiyim üçün fikir eləyirəm. Siz də ögey oğlunuzdan “ana” sözünü eşitmədiyiniz üçün fikir edirsiniz. Biz sizinlə eyni dərdin sahibləriyik. Amma sizdən fərqli olaraq, məni üzən daha bir səbəb var – ağrı. Ögey anam mənə nifrət edir. Məni zirzəmiyə salıb günlərlə orda bağlı saxlayır. Hər dəfə məni ora salanda, nə vaxt çıxaracağını bilmirəm. Mən onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya yalvarıram ki, məni ora salmasın. Bu, onların məni döyməsindən daha işgəncəlidir. …Ana deyib çağırmağa, kömək istəməyə kimsəm yoxdur. Sizin kimi ögey anaya mən dönə-dönə “əziz ana” deyib qucaqlar, onun istisinə sığınardım. Amma siz bu filmdə öz oyununuzla bizə doğrumu deyirsiniz? Doğrudanmı, belə ögey analar olur? Xahiş edirəm, məni aldatmayın. Məni yalançı ümidlə yaşamağa məcbur etməyin”.
Nəcibə xanım bu məktubu bir neçə günün ərzində təkrar-təkrar oxuyur, ağlayır və öz rolunu şübhəylə yada salırdı. “Bəlkə mən doğrudan da həyatda olmayanı yaratmışam?”.
“Ögey ana”dan sonra “Aygün” filmində baş rola çəkilir. Aygün obrazı da aktrisanın sevimli, özünə yaxın bildiyi qəhrəmanları sırasında durur.ÿ
1963-cü ildə Adil Isgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır” filmində Nərgiz xala rolunu yaradır. Filmin çəkilişləri zamanı Nəcibə Məlikovaya maşın sürməyi öyrədirlər. Maşına oturanda qorxudan nəyisə qarışıq salır. Qaza basanda maşın qabağa-arxaya getməyə başlayır. Bu zaman bir nəfər kabinəyə tullanıb maşını saxlayır. Buna görə Nəcibə xanım çox hirslənir, “niyə gəldiniz, özüm hamısını edəcəkdim”, – deyir və gedir.
1965-ci ildə Nəcibə Məlikova “Arşın mal alan”da Cahan xala obrazını yaradır. Onun Milli Dram Teatrının səhnəsində oynadığı son tamaşa isə “Tənha iydə ağacı” olur. O zaman Nəcibə xanım artıq xəstə idi, özünü pis hiss edirdi. Şəkər xəstəliyinə görə isə gözləri də zəifləmişdi. Ona görə də səhnəyə çıxanda bir az ehtiyat edirdi ki, nəsə olar. Tamaşada belə bir yer vardı ki, pilləkənlərdən tez-tez aşağı düşməli idi. O, çox həyəcan keçirirdi, deyirdi “qorxuram, birdən gözüm görməz, yıxılaram yerə. Buna heç vaxt dözmərəm, utandığımdan yerdən qalxmaram”. Amma həmişəki kimi gözəl çıxış etdi, tamaşa uğurlu alındı. Bu, onun son tamaşası idi. O vaxtdan səhhəti pisləşməyə başladı.ÿ
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə Xalq artisti fəxri adlarını alıb.
1992-ci ilin 6 iyulunda Bakıda vəfat edən Nəcibə Məlikova ikinci Fəxri Xiyabanda dəfn olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir