Azərbaycan BMT TŞ-ə üzv oldu; Avropa İttifaqı etiraz etdi

Avropalı diplomat: «Etiraz Azərbaycanın sabit olmayan xarici siyasi kursu və demokratiyadan uzaq düşməsi ilə bağlıdır»

Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu barədə ITAR-TASS məlumat verib. Bazar ertəsi BMT Baş Assambleyasının keçirdiyi səsvermədə Azərbaycan 155 səs və 193 dövlətin üzv olduğu Baş Assambleyanın iştirak edən və səs verən nümayəndələrinin üçdə ikisindən çoxunun səsini qazanıb.
Bu yer uğrunda rəqabət aparan Şərqi Avropa ölkələrindən Sloveniya səsvermənin 16-cı raundundan sonra öz namizədliyini geri götürüb. TŞ-nin qeyri-daimi üzvü seçkisinə oktyabrın 21-də Baş Assambleyada başlayıb. Lakin nümayəndə heyətləri həmin gün qeyri-daimi üzvlərdən yalnız beşini seçə biliblər. Onlar Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz edəcəklər. Bu ölkələrin səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də bitir. Seçilən ölkələr Qvatemala, Mərakeş, Pakistan və Toqodur. Şərqi Avropa ölkələri qrupundan vakant yer qalıb ki, buna da Bakı və Lyublyana iddia ediblər.
Cümə günü 9 raund səsvermə keçirilsə də, nə Azərbaycan, nə də Sloveniya nümayəndə heyətləri lazımi sayda səs toplaya bilib. Lakin Bakının ləng olsa da,  yuxarıya doğru irəlilədiyi nəzərə çarpıb. Belə ki, 9-cu raundda Azərbaycan 113, Sloveniya 7 səs toplayıb. Azərbaycan nümayəndə heyəti seçkinin davam etdirilməsini istəyirdi. Sloveniya və bu ölkənin seçilməsi ilə Avropa Ittifaqının TŞ-də təmsilçiliyinin genişlənəcəyinə ümid edən Fransa buna mane olmağa çalışırdı. Nəhayət, Baş Assambleyanın 66-cı sessiyasının sədri Naser Abdel Əziz (Qətər) gec olduğuna görə iclası bağlı elan edib və seçkinin davamını bazar ertəsinə təyin edib.
Namizədlər regional qruplar tərəfindən irəli sürülür. Seçkilər gizli səsvermə yolu ilə seçilir.
Beləliklə, 17 uğursuz cəhddən sonra Sloveniyanın BMT Baş Assambleyasında TŞ-yə seçim qaydalarını şübhəyə alaraq səsvermədən çəkilməsi Şuranın qapılarını Azərbaycanın üzünə maneəsiz açıb. Buna baxmayaraq, nizamnaməsinə uyğun olaraq Baş Assambleyanın spikeri yeganə namizədi sonuncu dəfə səsə qoyub. Elə əsl ziddiyyət də sonuncu formal səsvermədə özünü göstərib. Belə ki, hətta rəqabətsiz şəraitdə Baş Assambleyanın 193 üzvündən 24-ü Azərbaycanın əleyhinə səs verib, daha 13 ölkə isə seçimə daha aidiyyatı olmayan digər yarışmaçıların adından israr ediblər.
“Şübhə yoxdur ki, əleyhdarlar əsasən Avropa Ittifaqına üzv dövlətlər idilər, lakin onların sayı cəmi 27-dir, Azərbaycanı isə 38 ölkə dəstəkləməyib. Bu, doğrudan da BMT tarixində analoqu olmayan səsvermə olub”, – Qərb diplomatlarından biri bildirib.
Nə üçün AI Azərbaycanı TŞ-də görmək istəmirdi? Avropalı bir diplomat “Turan”ın müxbiri ilə söhbətində bunu aşağıdakı kimi izah edib: “Əvvəla, bu, Azərbaycanın beynəlxalq diplomatiyada o qədər də sabit olmayan xarici siyasi kursu və demokratiyadan uzaq düşməsi ilə birbaşa əlaqədardır.
Qərb növbəti il TŞ-də Şərqi Avropa simasında ikinci Pakistan görmək istəməzdi”.
“TŞ-də mandat qazanmaq Azərbaycan kimi çevik olmayan diplomatiya tərəfdarlarına nə üçün lazım idi? Məsələn, qarşıdakı aylarda TŞ Fələstin mövzusunu müzakirə etdikdə Bakı hansı mövqeni ortaya qoyacaq?”, – mənbə sual edib.
Eyni sualı elə BMT-də akkreditə olunmuş jurnalistlər TŞ-də səsvermə başa çatdıqdan dəhral sonra Azərbaycan adına təbrikləri qəbul edən XIN başçısı Elmar Məmmədyarova da ünvanlayıblar. “Ümid edirik ki, gələn il TŞ-də fəaliyyətə başlayacağımız vaxta qədər Şura üzvləri Fələstin mövzusunun müzakirəsini bitirəcəklər”, – nazir hər kəsi təəccübləndirib və əlavə edib ki, Azərbaycan belə məsələlərdə əvvəlcə islam ölkələri təşkilatı ilə məsləhətləşəcək.
Məmmədyarov 24 ölkənin Azərbaycan əleyhinə səs verməsini şərh etməyib. “Bəs Azərbaycan BMT TŞ tribunasından Qarabağ problemi üçün yararlana bilərmi?”. Nyu Yorkdakı diplomatların bu suala cavabı mənfidir. Elə Məmmədyarov isə suala belə cavab verib. “Bu, təkcə bizdən deyil, həm də həmsədr ölkələrdən də asılı olacaq”.