Türkiyə ordusu 270 terrorçunu məhv edib

Ordu Şimali Iraqdan geri çəkilir

Türkiyə ordusunun PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam edir. Hakkarinin Çukurca bölgəsində davam edən əməliyyatlarda daha 15 terrorçu öldürülüb.
Qeyd edək ki, hərbi əməliyyatlar Türkiyənin daxilində və Iraqın şimalında aparılır. Əməliyyatlara 10 minə yaxın əsgər cəlb olunub. Silahlı Qüvvələrin baş qərargah rəisi Nejdet Özəl əməliyyatla bağlı açıqlama verib. Generalın sözlərinə görə, əməliyyatlar başlayandan bəri 270 terrorçu məhv edilib.
“Hürriyyət” qəzetinin yazdığına görə, oktyabrın 19-da terrorçuların Hakkarinin Çukurca bölgəsində 24 əsgərin şəhid olmasıyla nəticələnən hücumundan sonra Hakkarinin Keklikkaya bölgəsində və Şimali Iraqda Kazan vadisində aparılan əməliyyatlarda iştirak etmiş əsgərlər artıq hərbi hissələrə qayıtmağa başlayıb. 5 gün davam edən və baş qərargah rəisi Nejdet Özəlin şəxsən rəhbərlik etdiyi əməliyyata qatılan əsgərlər hərbi vertolyotlarla Çukurcadakı 20-ci Sərhəd Jandarma Diviziyası və Hakkari Cağ və Komando Diviziyasına daşınırlar.