
Azərbaycanda hərbi təlim zamanı silahlı insident baş verib. APA-nın məlumatına görə, hadisə Müşfiq qəsəbəsi ərazisində yerləşən Atəş Təlim Mərkəzində qeydə alınıb. Daxili Qoşunların əsgəri 19 yaşlı Elxan Şərifxan oğlu Əliyev təlim zamanı xidməti silahı ilə özünü vurub.
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova da faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Çiynindən güllə yarası alan əsgər hospitala yerləşdirilib, vəziyyəti stabildir. Qeyd edək ki, Elxan Əliyev 2010-cu ildə Siyəzən Rayon hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.


