Indiyədək binanın təmirinə 30 milyon manat pul xərclənib
Hazırda təmir-bərpası və restavrasiyası davam edən “Səadət” Sarayının 2011-ci ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə sarayın təmirini həyata keçirən “Creacon Construction” şirkətinin prezidenti, arxitektor Deyan Çvetkoviç bildirib(APA). Sarayda aparılan əsaslı təmirlə bağlı jurnalistlər üçün təşkil olunan baxışda D.Çvetkoviç bildirib ki, binanın əsaslı təmiri üçün ayrılmış 30 milyon manat vəsait istifadə olunub:”Bu binada 60-70 faiz yeni elementlərdən istifadə olunub. Digər tərəfdən, əvvəllər birinci mərtəbədə yerləşən xüsusi mərasim üçün zal üçüncü mərtəbəyə köçürülüb. Üçüncü mərtəbənin üstü şüşə ilə örtülüb və hündürlüyü təxminən 5 metr artırılıb. Onu da deyim ki, burada əsas işlərə 2010-cu ilin oktyabrında başlanılıb.
Biz binaya Italiya üslubu gətirməyə çalışmışıq. Bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüş evi, ikinci hissə isə VVAQ”. “Creacon Construction” şirkətinin prezidenti binanın 9 bal gücündə zəlzələyə davamlı olduğunu da vurğulayıb.
Arxitektor bildirib ki, binanın planlaşdırılması fransız memarları, daxili interyeri isə yerli və italyan mütəxəssisləri ilə birgə həyata keçirilib.
Qeyd olunub ki, “Səadət” Sarayının ikinci mərtəbəsində xüsusi zalın divarlarında binanı tikdirmiş Bakı milyonçusu Murtuza Muxtarovun şəkli, Azərbaycan neftini və qadını tərənnüm edən şəkilləri vurulacaq. Binada əsas yeniliklərdən biri 4 liftin quraşdırılması, binanın bütünlükdə kompüterləşdirilməsidir. O da bildirilib ki, bina fəaliyyətini “Səadət” Sarayı adı altında davam etdirəcək.
Qeyd edək ki, təmir-bərpa işlərinin sifarişçisi Gənclər və Idman Nazirliyidir.


