Artıq 20 gündür ki, Cavid Heydərov adlı gənc fəalın barəsində məlumat yoxdur
Dünən RATI-nin ofisində bu təşkilatın Naxçıvandakı əməkdaşı Elman Abbasov muxtar respublikada insan hüquqları və medianın durumu, habelə son günlər üzləşdiyi təzyiqlərlə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Naxçıvanda insan haqları ilə bağlı vəziyyət getdikcə ağırlaşır.
Belə ki, artıq 20 gündür ki, Cavid Heydərov adlı gənc fəalın barəsində məlumat yoxdur. C.Heydərov “Alim Fərəcov” ləqəbi ilə Facebook sosial şəbəkəsində Naxçıvan xəbərləri adlı qrup yaradaraq, Naxçıvanda olan özbaşınalıqlar, qanunsuzluqlar haqqında məlumatlar və şərhlər yazırdı. E.Abbasov C.Heydərovun taleyindən narahat olduqlarını bildirərək, onun həbs olunduğunu ehtimal edib. O deyib ki, tez bir zamanda araşdırma aparılacaq və Heydərovun ailəsi ilə görüş olacaq. E.Abbasov həmçinin bildirib ki, oktyabrın 14-də Türkiyədən gələrkən ÿşəxsi əşyaları Naxçıvan beynəlxalq hava limanının Gömrük Idarəsinin əməkdaşları tərəfindən müsadirə edilib. Jurnalist bunun özünə qarşı təxribat olduğunu bildirib. O hesab edir ki, gömrükdə baş vermiş bu hadisə onun peşə fəaliyyəti ilə bağlıdır. Elman Abbasov MR Gömrük Komitəsini məhkəməyə verəcəyini bildirib.
Hüquq müdafiəçisi Ilqar Nəsibov isə öz çıxışında bildirib ki, son günlər Naxçıvanda müstəqil hüquq müdafiəçilərinə, haqlarını tələb edən vətəndaşlara qarşı təzyiqlər şiddətlənib. Bu cür hallar Babək rayonunun Nehrəm kəndində daha çox rast gəlinir. “Hakimiyyət sadə camaatı hüquq müdafiəçilərinin əleyhinə təxribata çəkir. Bizi Naxçıvanda nüfuzdan salmağa çalışırlar”, – I.Nəsibov əlavə edib. Onun sözlərinə görə, Naxçıvanda insan haqlarının getdikcə pisləşməsi yaxşı nəticə deyil. “Naxçıvanda heç kim təzyiqdən sığortalanmayıb”, – deyə o, vurğulayıb(Turan).



