Füzuli və Nizami Ələkbərovlar rayonun bütün obyektlərini özəlləşdirib
Ismayıllı rayonu ilk baxışdan insana müsbət təsir bağışlayır. Sanki burada hər şey əladır. Heç kəsin problemi yoxdur. Bir daha təkrar edirik, bu yalnız ilk baxışda belə, təəssürat yarada bilər. Ancaq insanların içinə daxil olanda onların iç dünyasında hansı təlatümlərin baş verdiyini çox aydın şəkildə hiss edə bilirsən. Anlayırsan ki, Ismayıllı da başqa rayonlardan fərqlənmir. Yəni tanış mənzərələr, eyni dərdlər, demək olar, eyni sosial problemlər…
Meşə Təsərrüfat Idarəsi hasara alınıb
Ismayıllı rayonu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun kurasiyasındadır. Belə ki, rayon icra hakimiyyətinin başçısı nazirin qardaşı Nizami Ələkbərovdur.
Necə deyərlər, iki qardaş əl-ələ verib rayonu çapıb talayırlar. Gəlin bu iki qardaşın rayonda yaratdığı “xarüqə”lərin bir neçəsinə diqqət yetirək…
Rayonun kooperativlər binasını Nizami Ələkbərov Diaqnostika Mərkəzi adıyla özəlləşdirib. Dövlət büdcəsindən rayonun abadlığına ayrılan pulların hesabına həmin yeri hotelə çevirib.
Ismayıllının RTS adlanan ərazisi də ələ keçirilib. Orada çalışanların heç birinə heç bir çek verilməyib. RTS-in ərazisi 2 hektara yaxındır. Gözdən pərdə asmaq üçün qarajların bir neçəsi kirayəyə verilib. Rayon sakinlərindən aldığımız məlumata görə, yaxın günlərdə adıçəkilən ünvanı yerlə-yeksan edib, nazirin marağına cavab verəcək bir obyekt tikiləcək.
Rayon Meşə Təsərrüfat Idarəsinin ərazisi də hasara alınaraq nəzarətdə saxlanılır. Bir hektara yaxın ola ərazidə hələlik heç nə tikilməyib. Ancaq tez bir zamanda orada ticarət mərkəzinin inşa ediləcəyi gözlənilir.
Rayon sakinlərinin dediyinə görə, 63 nömrəli səyyar mexanikləşdirilmiş dəstənin həyətinin bir hissəsi satılıb. Kvadrat metri 150-200 manata satılan torpaqda yer sahibləri dükan tikməyi planlaşdırır.
Zərifə Əliyeva adına parkla üzbəüz qala hasarları tikilmir
Ismayıllıda özbaşınalıqlar hələ bununla bitmir. Nazir və icra başçısı postunda əyləşən qardaşların daha böyük əraziləri işğalları hələ qabaqdadır.
Rayonun mərkəzi yolu Heydər Əliyev adına prospektdir. Həmin prospektdə Heydər Əliyev adına bağ və mədəniyyət mərkəzi yerləşməklə yanaşı Zərifə Əliyeva adına park da var. Parkın açılışında Ilham Əliyev də iştirak edib. Park boyu Çin səddini xatırladan hasar var. Rayon büdcəsi hesabına tikilən həmin hasar tam tikilib başa çatmayıb. Ayrılan pullar yeyinti sayəsində yoxa çıxıb. Nəticədə tikintisi nəzərdə tutulan ərazilər rayon sakinlərinə kvadratı 200 manatdan satılıb. Indi orada bir-birindən gözəl supermarketlər tikilir. Işin maraqlı tərəfi ondan ibarətdir ki, həmin dükanlar rayonda nüfuz sahibi və imkanlı şəxslərə satılır ki, obyektlər tikiləndən sonra onlardan yüksək məbləğdə haqq alınsın. Parkın içərisində olan atraksionlara isə nazirin oğlu nəzarət edir.
Hər gün əyləncə üçün övladlarını gətirən kasıb ismayıllılardan yığılan pullar vergisiz, heç kəsə haqq ödənilmədən Ələkbərovların cibinə axır.
Rayon su idarəsinin həyətinin bir hissəsi də özəlləşdirilib. Icra başçısının müavini Rövşən Ağayev vəzifəsindən sui-istifadə edib orada özünə obyekt tikdirir. Su idarəsinin rəisi Ağasəf Əliyevdən rayon camaatı tikilinin sahibini kim olduğunu soruşanda isə “bilmirəm” cavabını verir. Halbuki onun rəhbəri olduğu idarənin qarşısı başdan-başa tikinti meydançasını xatırladır. Bir idarə rəhbərinin gözü önündə bu qədər işin getməsi və bundan xəbərsiz olması inandırıcı deyil.
2 ildir 4 ailə idarələrdə sürünür
Ələkbərovların Ismayıllını çapıb-talamaqları bununla bitmir. 14 min əhalisi olan rayonda indiyə qədər 2 bağça fəaliyyət göstərirdi. Qardaşların “işgüzarlığı” sayəsində rayonun mərkəzində 1 nömrəli uşaq bağçası da özəlləşdirilib. Bu ilin sentyabr ayından bağçada işləyən tərbiyəçilərə daha işə gəlməməyi tövsiyə ediblər. Bu isə sonda 100-dən artıq körpənin bağçasız qalması ilə nəticələnib. Indi onların kiçik bir qismi 2 nömrəli bağçaya gedir. Qalanlar isə valideyn tərbiyəsi ilə böyüyürlər.
Rayon sakinləriylə söhbət zamanı məlum olur ki, onlar heç də sakit oturan deyillərmiş. Sən demə, başlarına gətirilən oyunlarla bağlı dəfələrlə Ilham Əliyevdən tutmuş hüquq-mühafizə orqanlarına qədər müraciət ediblər. Ancaq bu müraciətlərin heç bir səmərəsi olmayıb. Müdrüsə kəndinin sakini Əlixan Babayevin ailəsi 8 nəfərdən ibarətdir. O deyir ki, 2009-cu ildə onun və üç qonşusunun evi sürüşmə nəticəsində yararsız hala düşüb. Bakıdan yoxlama gəlib və məlum olub ki, həmin ərazidə yenidən ev tikmək mümkün deyil. Zərərçəkənlər dərdlərinə çarə tapmaq üçün Heydər Əliyev fonduna məktub ünvanlayıblar. Cavab özünü çox gözlətməyib. Icra hakimiyyətinə göstəriş verilib ki, problem tez bir zamanda həll olunsun. Yəni başqa yerdə 4 ailəyə ev tikilsin. Ancaq üstündən iki ildən çox vaxt keçməsinə baxmayaraq onların problemləri həllini tapmayıb. Dəfələrlə rayon icra hakimiyyətinə müraciət edən 4 ailədən Nizami Ələkbərovun birinci müavini Rafael Əhmədov 1800 manat pul tələb edib. Rayonda kirayələrdə qalan, fəhləliklə ailələrini yarıac, yartox dolandıran bu insanların deyilən məbləği ödəməyə maddi imkanı çatmır. Çünki onlar bu pulu borc-xərclə ödəsələr belə veriləcək boş torpaqda daşı daş üstünə qoymağa maddi imkanları yoxdur. Halbuki onlar iki il öncə icra hakimiyyətinin tikdiyi evlərdə yaşamalı idilər. Özbaşınalıq sayəsində hələ də kirayələrdə ömür sürürlər.
Internet və küçələr zibil olan rayon
Internet, texnologiya ismayıllılara yad bir şeydir. Burada internet klub soruşanda adama yadplanetli kimi baxırlar. Rayonda cəmi bir internet klub var. Orada sürət o qədər zəifdir ki, lap adamın hövsələsini tükəndirir. Dağdan, daşdan, hətta qayadan səs çıxır, Ismayıllının internet klublarından net səsi çıxmır. Internetin olmaması əsəbiylə oranı tərk edib, rayon mərkəzinə doğru irəliləyirik. Rayonun mərkəzi küçələrindən başqa hər yan zibillik içərisindədir. Sonuncu dəfə küçələrin payızın gətirdiyi yarpaqlardan nə vaxt təmizləndiyini kimsə xatırlamır.
***
Ismayıllı belədir. Biz nazir və icra başçısının imperiyasına daxil olan bir rayonun azsaylı problemlərini yazdıq. Bu qardaşlar daha nələri zəbt etməyib, nələri öz dədə-baba mülkünə çevirməyib. Bunu yalnız Allah bilir…
Biz də “ya Allah!” deyib Ismayıllını tərk edirik…
Ramin DEKO


