Demokratiya dalğası Cənubi Qafqaz və Orta Asiyanı da vuracaq

Rusiya və Iranın narahatlığı əbəsdir

Rahim Hacıyev: «Bundan sonra ABŞ-ın bu regionda xalqların demokratiya və azadlıq uğrunda mübarizəsinə açıq dəstək verəcəyini söyləmək üçün əsas var»

Ərəb ölkələrində inqilab dalğası baş qaldıranda bir çox ekspertlər bu proseslərin tezliklə postsovet məkanına gəlib çatacağını ehtimal edirdi. Liviyadakı inqilabi proseslər kulminasiya nöqtəsinə çatan ərəfədə ABŞ-ın yüksək rütbəli məmurlarının postsovet ölkələrinə səfərə çıxması bu məsələni bir daha gündəmə gətirdi.
Belə ki, dövlət katibi Hillari Klintonun Orta Asiya respublikalarına, onun müavini Uilyam Börnsün isə Cənubi Qafqaza səfəri, bu ölkələrdə insan haqları və demokratiya məsələlərini müzakirə etməsi təsadüfi görünmür. Qeyd edək ki, bu vaxta qədər ABŞ Orta Asiya ölkələrində ehtiyatla davranırdı. Bu da obyektiv səbəblərlə bağlıdır. Vaşinqtonun bu bölgəyə ciddi təsir imkanları yox idi. Lakin Klintonun Orta Asiya respublikalarına səfəri zamanı təhlükəsizlik və insan haqları məsələsini müzakirə etməsi vəziyyətin xeyli dəyişdiyindən xəbər verir.
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, artıq dünyada gedən proseslər müxtəlif regionlara kifayət qədər ciddi təsir edib. ABŞ insan hüquqları məsələlərini, hətta dəhşətli diktatura rejimlərinin rəhbərləri ilə belə, müzakirə etməkdən çəkinmir. Eyni zamanda dövlət katibinin Orta Asiyaya səfəri və insan haqları məsələsinin müzakirəsi göstərir ki, artıq ABŞ diqqətini məhz bu regiona yönəldib. Bundan sonra bu regionda xalqların demokratiya və azadlıq uğrunda mübarizəsinə açıq dəstək verəcəyini söyləmək üçün əsas var. 
Ekspertin sözlərinə görə, ABŞ-ın postsovet məkanına marağı artdıqca, Rusiya müxtəlif yollarla regiondakı prosesləri ləngitməyə çalışır. Rusiya və Irandan Azərbaycan rəhbərliyinə təzyiqlərin artması da bununla bağlıdır. Bu, bir daha sübut edir ki, Moskva və Tehran artıq ABŞ-ın bu regionda vəziyyətin dəyişməsi istiqamətində işlərə başlamasından narahatlıq keçirir: “Amma tam əsasla demək olar ki, artıq dünyada demokratikləşmə prosesi qarşısıalınmaz bir prosesə çevrilib. Bizim yerləşdiyimiz regionda da xalqların azadlıq uğrunda mübarizəsinə bu vaxta qədər olmayan səviyyədə ciddi dəstək veriləcəyini tam əsasla demək olar”.

Fizzə