İranlı Ayətullahdan Əliyevə qarşı cihad çağırışı

Bir nömrəli dini mərkəzdə Azərbaycanı hədələyən konfrans keçirildi

 

 

Iranın Qum şəhərində Islam ölkələrindən olan tələbə və ruhanilərin iştirakı ilə “Azərbaycan Respublikasında Islami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi” adlı konfrans keçirilib.
Konfransda Qum Dini Hövzəsində təhsil alan Iran, Azərbaycan və digər ölkələrdən olan tələbələr çıxış edərək, Azərbaycan Respublikasında islamofobiya siyasətinin olduğunu iddia edib, azərbaycanlıların bu istiqamətdə apardıqları mübarizəsini dəstəklədiklərini bildiriblər.
Tədbirin aparıcısı Ayətullahül-üzma Məhəmmədbaqir Təhriri çıxışında Azərbaycan dövlətini tənqid edərək, cəmiyyəti kütləvi itaətsizliyə çağırıb, orta məktəblərdə hicabdan istifadəyə qadağanı pisləyib: “Bu hərəkətlər Islam Əməkdaşlıq Təşkilatı üzvü olan bir ölkəyə yaraşan deyil və sona qədər davam edə bilməyəcək. Azərbaycan xalqı müsəlman-şiə dəyərlərinə etiqadda mübarizdir. Bu xalq kommunistlərin dövründə öz dinlərini qoruyub saxladı, azəri cavanlar indi də ilahi hökmlərə hörmətsizlik edilməsinə icazə verməyəcəklər”. M.Təhriri Azərbaycan Islam Partiyasının rəhbərlərinin həbsinə də diqqəti çəkib: “Bakı dövləti hicab qadağasını ləğv və hicab məhbuslarını azad etməlidir”.

Konfransda latın Amerikasından Salvador Müsəlmanlarının Rəhbəri Mustafa El-Salvadorlu, Konqo Ruhanilərindən Höccətul-Islam Zulkifl Konqoi və digərləri də Azərbaycanda, o cümlədən dünyada müsəlmanların qarşılaşdığı problemlər haqda danışıblar(APA).
Konfransın sonunda qəbul olunan bəyanatda isə AIP rəhbərlərinin və dindarların Bakıda keçirilən aksiyaları zamanı həbs olunan şəxslərin azad olunması tələb olunub.