«Uzaq sahillərdə»n başlanan uğur
Azərbaycan kinematoqraflarının çəkdiyi filmlər sırasında müharibə mövzusuna həsr olunmuş filmlər xüsusi yer tutur. II Dünya Müharibəsi başa çatandan sonra bütün sovet respublikalarında olduğu kimi, Azərbaycan kinosunda da yeni bir mərhələ başlandı. Bu illərdən başlayaraq “Azərbaycanfilm” müharibə mövzusunda xeyli maraqlı filmlər çəkib.
Tofiq Tağızadənin 1958-ci ildə Sovet Ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filmi bu yaradıcılıq işlərinin zirvəsi idi. Elə həmin il ssenarisi Imran Qasımova, rejissor işi Əjdər Ibrahimova məxsus olan “Onun böyük ürəyi” filmi təhvil verildi.
Rejissor işi Əlisəttar Atakişiyevə aid olan “Bizim küçə” (1961) filmində isə müharibə dövründə itkin düşmüş bir qızın taleyindən söhbət açılır. Filmin ssenarisini yenə də Imran Qasımov qələmə almışdır. Ssenariyə əsasən filmdə yalnız bir neçə epizodda – azyaşlı Saranın partlayış nəticəsində anasından ayrı düşməsi və sonrakı proseslərdə Mixaylo tərəfindən qorunaraq azərbaycanlıların yanına aparılması kimi kadrlar var.
1966-cı ildə “Azərbaycanfilm”in yeni direktoru Adil Isgəndərovun təşəbbüsü ilə Bayram Bayramovun müharibə mövzusunda qələmə aldığı ədəbi ssenari ilin planına salınır. Ədəbi materialın rejissor işi Ramiz Əsgərova həvalə edilir. Ssenariyə əsasən hadisələr, müharibə səhnələri, xüsusən Rostov uğrunda gedən döyüşlər üzərində qurulmalı idi, baxmayaraq ki, söhbət arxa cəbhədən gedirdi. Ancaq pirotexniklərin çox böyük səhvi ucbatından müharibə səhnələri çəkilərkən partlayış baş vermiş, nəticədə çəkiliş qrupunun olduğu qayıq partlamışdı. Ramiz Əsgərov başda olmaqla 4 nəfər həlak olmuş, bir neçə nəfər isə yaralanmışdı.
Bu durumda Tofiq Tağızadə rəhbərliyin etimadını doğruldaraq filmin çəkilişini öz öhdəsinə götürmüş və az müddət ərzində onu tamaşaçılara təqdim etmişdir.
Başqa bir maraqlı yaradıcılıq işi olan “Mən ki, gözəl deyildim” filmində yalnız arxa cəbhə canlandırılır. T.Tağızadə bu filmlə Moskva Bədii Şurasını sözün həqiqi mənasında təəccübləndirə bildi. Çünki “Azərbaycanfilm” kinostudiyası ilk dəfə olaraq məhz bu filmdə arxa cəbhəni olduğu kimi canlandıra bilib. Bu, Moskvanın fikri idi. “Mən ki, gözəl deyildim” filminin çəkilişləri Qarabağın Bayan kəndində aparılıb. Bayan kəndi hər cəhətdən çəkiliş üçün əlverişli məkan olduğu üçün filmdəki arxa cəbhə mənzərələri təbii alınıb.
1969-cu ildə “Şərikli çörək” və “Bizim Cəbiş müəllim” filmləri ekrana çıxdı. Hər iki filmdə arxa cəbhə kimi paytaxt Bakının məhəllələrindən birində yaşayan sakinlərin gün-güzəranı təsvir olunur. Arxa cəbhədə yaşayan uşaqların həyatından bəhs edən “Şərikli çörək” filmində müharibə dövrünün uşaqlarına bənzəyən azyaşlı aktyorların seçimi rejissor Şamil Mahmudbəyov tərəfindən ustalıqla aparılıb. Uşaqların bir qarnı ac, bir qarnı tox təsvirləri buna canlı misaldır.
Bir-birindən maraqlı və gerçək
“Bizim Cəbiş müəllim”də isə bir qədər situasiya fərqlidir. Doğrudur, buradakı hadisələrdə də əsasən uşaqları görürük, ancaq əsas süjet xətti Cəbiş müəllimin saf mənəviyyat sahibi olması üzərində qurulub. Rejissor Həsən Seyidbəyli 1941-45-ci illərin Bakısını, daha doğrusu, Bakı məhəllələrindən birini təsvir etməyə nail ola bilib.. Filmdəki səhnələrin birində Cəbiş məllim (Süleyman Ələsgərov) qonşusu Nəcəfovla (Muxtar Manıyev) ön cəbhədə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparır. Ssenariyə əsasən Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima onların nəzarətdə saxladığı faktlar üzə çıxarılmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində hər 1000 zirehli texnikanın 700-nü yanacaqla Azərbaycan təmin edib.
1976-cı ildə Isa Hüseynovun “Tütək səsi” və “Saz” povestlərinin motivləri əsasında qələmə aldığı ədəbi ssenari Rasim Ocaqova həvalə edilir. Uşaqlıq dövrü müharibə illərinə təsadüf edən rejissor az vaxt ərzində “Tütək səsi” adlı maraqlı bir sənət nümunəsi yaradır. Filmdəki hadisələr müharibə illərində Azərbaycan kəndlərinin birində cərəyan edir.
1985-ci ildə Rasim Ismayılovun quruluş verdiyi “Sizi dünyalar qədər sevirdim” filmi iki dəfə Sovet Ittifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının müəyyən səhifələrini canlandırır. Filmdəki hadisələr Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir. “Uzaq sahillərdə” filmindən sonra bu ikinci filmdir ki, ön cəbhədə gedən döyüşləri tamaşaçıya təqdim edirdi.
Rasim Ocaqovun 1989-cu ildə çəkdiyi “Ölsəm, bağışla” filmi də inandırıcılıq baxımından heç də “Tütək səsi” filmindən geri qalmır. Bu filmdə Rasim Ocaqov müharibədən əzabla dönən insanların vətənində ikinci bir əzaba düçar olmasını göstərməklə II Dünya müharibəsindən sonrakı sovet cəmiyyətinin iç üzünü aça bilmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan kinosunda əsasən arxa cəbhə mövzusundan bəhs edən filmlər (“Şərikli çörək”, “Tütək səsi”, “Bizim Cəbiş müəllim”, “Mən ki, gözəl deyildim” və “Ölsəm, bağışla”) bu mövzuda keçmiş sovetlər ölkəsində çəkilən filmlərdən heç də geri qalmır.
Qarabağ savaşını əks etdirən filmlər
Azərbaycanda müharibə mövzusunda çəkilən filmlərin bir qismini də Qarabağla bağlı filmlər təşkil edir. Bu müharibə sovetlərin çöküşü və ölkənin yeni mərhələyə qədəm qoyduğu dövrə təsadüf etdiyinə görə, milli kinomuz durğunluq içində idi. Bununla belə, Qarabağ savaşının ilk illərindəcə “Fəryad” filmi ekrana çıxdı – baş rolun ifaçısı və quruluşçu rejissor Ceyhun Mirzəyevin ekranda görə bilmədiyi “Fəryad”. Təəssüf ki, bu filmin ardınca dövlət vəsaiti, yaxud sponsor yardımının gücünə, prodüser hünərinə ərsəyə gələn heç bir film “Fəryad”ın Azərbaycan kinomanına təsir gücünü təkrarlamadı. Səbəbi təkcə filmlərin bədii tutumunun zəifliyi deyil.
Bunun bir səbəbi də onunla bağlıdır ki, müasir Azərbaycan tamaşaçısının bu çəkilən filmlərə münasibəti birmənalı deyil. “Müasir Azərbaycan tamaşaçısının Qarabağ savaşına dair filmləri sevməməyinin ikinci, ancaq çox incə psixoloji məqamı var. Biz rəhmdillik və utanc saydığımız xüsusiyyətlərin ekranda qabardılmasını istəmirik. Məsələn, ”Girov” filminin son epizodunda erməni əsirinin taleyini həll etmək ixtiyarı olan qadın “zavallı” ermənini azadlığa buraxır. Insanlıq baxımından həmin fağır erməninin günahı yoxdur, amma ərazisinin dörddə biri erməni işğalı altında olan tamaşaçının bu sonluğa münasibəti müsbət deyil. Yaxud da “Sarı gəlin” filmində zorən əlinə silah almış iki sadə insanın – erməni ilə azərbaycanlının bir-birinə düşmən kimi baxmaması birmənalı qarşılanmır. Bəlkə də həmin sadə insanların müharibəyə nifrəti daha qabarıq göstərilsəydi, müəlliflərin məramı səmimi qəbul edilərdi. Həmin filmdə namusu ləkələnmiş azərbaycanlı qızın çıxış yolunu düşməndən intiqam almaq əvəzinə, özünə qəsd etməkdə görməsi də vətənpərvərlik mövzusunda bir o qədər də ürəkaçan örnək sayıla bilməz (Gülcahan Məmmədova, araşdırmaçı jurnalist).
Təbii, hazırda sayı çox az olan Qarabağ müharibəsindən bəhs edən filmlərin geniş populyarlıq qazanmamasının bir səbəbi də texniki məsələlərlə bağlıdır. Şübhəsiz ki, dünya kinosunun bu mövzuda milyonlar bahasına çəkilən məşhur nümunələri ilə müqayisədə bizim məhdud büdcə hesabına ərsəyə gələn filmlərimizin böyük seyrçi kütləsi toplamasını gözləmək də inandırıcı deyil. Amma bütün bunlar Azərbaycan kinosunun ölkənin ən mühüm problemindən kənarda qalmasına əsas vermir. Istənilən halda, Qarabağ mövzusunda filmlərin çəkilməsinə ehtiyac var və kinematoqrafçılarımız bu haqda düşünməlidir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir