Rusiya Qərbin qarşısından geri çəkildi

Sergey Lavrov: «Rusiya Amerika və Avropanın Qafqaz və Mərkəzi Asiyadakı maraqlarını anlayışla qarşılayır»

“Bu ölkələr müstəqilliklərini bəyan edəndən sonra biz bildirdik ki, onlarla münasibətlərdə inhisara iddialı deyilik”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya XIN-in başçısı Serqey Lavrov Cənubi Qafqaz və Mərkəzi Asiyada Amerika ilə toqquşan və üst-üstə düşən Rusiyanın maraqları barədə danışarkən deyib.
Rusiyanın aparıcı radiostansiyalarına müsahibə verən Lavrov qeyd edib ki, Moskva Amerika və Avropanın Qafqaz və Mərkəzi Asiyadakı maraqlarını anlayışla qarşılayır:”Rusiya bu dövlətlərə (Qafqaz və Mərkəzi Asiya – red.) öz tərəfdaşlarını seçmək hüququna malik olan ölkələr kimi tam hörmət edir. Amerika, Avropa və digər dövlətlərin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqları bu ölkələrin terror təhlükəsi, narkotrafiklə mübarizə zərurətindən qaynaqlanır. Söhbət həm də Şərq və Qərbi bir-birinə bağlayan və bu regiondan ötən enerji və nəqliyyat kommunikasiyalarından gedir. Biz bu maraqları anlayırıq, lakin istəyirik ki, regiondan kənar dövlətlərin bu geosiyasi məkandakı obyektiv maraqları həm region dövlətlərinin, həm də Rusiyanın maraqlarına hörmət edilərək həyata keçirilsin. Nəzərə alınmalıdır ki, bizi Qafqaz, Mərkəzi Asiya və Avropa ilə sıx münasibətlər bağlayır”.