Qəzzafidən sonra Liviya necə olacaq?

Bilirəm ki, bu sual ətrafında səmimi qayğılananlar da ola bilər. Onlar bundan sonra Liviyada çətinliklərin olacağını düşünür. Amma hər zaman olduğu kimi, hakimiyyətimiz daim bu sualla spekulyasiya etməyə çalışacaq. Bu arada Liviyadan hər hansı bir pis xəbər gəldikdə deyəcəklər: gördünüzmü Liviya nə günlərə qaldı?! Bunun da mənası odur ki, Azərbaycandakı həyata xoşbəxtlik kimi baxın, şükür edin və hakimiyyəti dəyişmək fikrinə düşməyin yanlış olduğunu qəbul edin. Açıq spekulyasiya, hiylə və yalan!
Liviyada yüzlərlə dinc etirazçını bir gündə öldürən Qəzzafi rejimi devrilib. Məhvə layiq bir rejim idi. Ölkənin sərvətləri bir ailənin əlində cəmləşmişdi. Söz azadlığı boğulmuşdu. Bu rejim sonda da islahata getmədi, dəyişmədi, xalqı eşitmədi, qan tökməkdən çəkinmədi və özü qanda boğuldu.
Bundan sonra isə Liviyada vəziyyət daha yaxşı olacaq. Çətinliklər də olacaq, amma demokratik idarəetmə qurulacaq. Xalq öz iradəsinə sahib olacaq. Əvvəlkindən də yaxşı yaşayacaq. Liviyalılar buna inanır və elə bunu istəyir. Liviyalıların əvəzinə uzaqdan-uzağa Qəzzafini sevənlərə, onun dövrünün həsrətini çəkənlərə inanmayın. Bu devrim liviyalıların seçimidir…
Öldürənin ölümü
Mən şəxsən Qəzzafinin ölümü ilə kimisə qorxutmaq istəmirəm. Çünki kimlərinsə bunsuz da qorxduğuna əminəm. Əminəm ki, öz xalqlarına zülm edən bütün dövlət başçıları onun tutulmasını və öldürüldüyünü eşidən kimi, ciyərini yedilər. Yox, bu, qara yuxu deyildi. Bir film deyil. Real həyatın özü idi. Hamının gözü qarşısında baş verən bir gerçəklikdir. Onu tutub öldürdülər. Yalvarışına da məhəl qoymadılar. “Mən sizin atanızam, mənə dəyməyin” deməsinə baxmayaraq, ona aman vermədilər.
Mən qətiyyətlə əminəm ki, bu olayın görüntülərinə baxanda, hətta demokratik yolla hakimiyyətə gələn, xalqına xidmət edən dövlət başçıları da səksəndi, həyəcan keçirdi. Bu aqibəti xəyallarına belə, gətirməkdən qorxdular. O ki qala, öz ölkələrinə zülm etməkdən yorulmayanlar. Oğru və özbaşına siyasi rejimlərin başçıları bu anı heç vaxt unutmayacaqlar. Onlar anlayırlar ki, bu, tarixin təsadüfi olaylarından biri deyil. Bu, törədilmiş əməllərin cavabıdır.
Qəti əminəm ki, Qəzzafinin ölümü Azərbaycanın siyasi rejiminə bağlı olan hər kəsin qəlbini sarsıtdı.  Ilham Əliyevdən tutmuş cib müxalifətinin sıravi nəfərinə qədər. Bu hakimiyyəti müdafiə edən adi məmurdan tutmuş hakimiyyətyönlü qəzetin müxbirinəcən. Onlar gözəl bilirlər ki, qurduqları rejim Mübarəkin, Qəzzafinin qurduğu rejimdən möhkəm deyil və yaxşı da deyil…
Xalqların kükrəməsi dağ çayıdır, zülm onu coşdurur, daşdırır. Məsələ də elə bu zülmdədir. Qəzzafi də elədiyi zülmün yaratdığı qəzəbin qurbanıdır….
Görürsünüzmü, dünyanın hər yerində böyük çoxluq bu ölümə sevinir. Həm də onlar daha çoxdur. “Ölümə sevinmək” ifadəsi yaxşı səslənmir. Ölümə sevinmək asan da deyil. Amma bu insanlar adi ölümə sevinmirlər, öldürənin ölümünə sevinirlər. Əslində bu, ölümə sevinmək deyil. Qəzzafinin ölümünə onlar həyatın davamı kimi baxırlar. Həyatın özü kimi baxırlar. Onlar “yaşasın həyat!” deyirlər bu zaman. Axı Qəzzafi təsadüfən qəzaya düşməyib. Xərçəngdən ölməyib, onu kafedən çıxarkən üç dəliqanlı bıçaqlamayıb. Polis döyüb öldürməyib. Qəzzafi öldürərkən öldürülüb. Həqiqət budur.