Kəmaləddin Heydərovun deputatı Paşayevlərin yaxın ətrafına hücuma keçdi
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun Qəbələ səfəri hələ də müzakirə mövzusudur.
Xatırladaq ki, bu səfərlə bağlı rəsmi məlumatda deyilirdi ki, adıçəkilən məmurlar rayonda arxeoloji qazıntılar nəticəsində tapılan antik dövrə aid yaşayış məskəninə baş çəkməyə gediblər. Məlumatın bu hissəsi inandırıcı görünmədiyindən “Azadlıq” bir-birilə ziddiyyətdə olan bu məmurların səfərinin arxasında siyasi məqsədlər dayanması barədə mülahizə irəli sürmüşdü. Həmin mülahizəyə görə, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubovun Qəbələdə bir araya gəlməsi “Naxçıvan klanı”nın beynəlxalq aləmdə baş verən proseslərin və Qərbin Əliyevlərə münasibətinin mənfiyə doğru dəyişməsinin fonunda hakimiyyətdaxili prosesləri müzakirə etmək olub. “Naxçıvan klanı” ciddi şəkildə narahatdır ki, belə bir vəziyyətdə iqtidardakı başqa bir qrup – daha çox Paşayevlər – hakimiyyəti ələ keçirə bilər. Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Ramil Usubovun bu təhlükənin qarşısını almaq üçün toplanması mümkündür. “Azadlıq”, həmçinin yazmışdı ki, bu ehtimal doğrudursa, hakimiyyətdaxili proseslərdə özünü göstərəcək.
Qəbələ səfərindən sonra Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən deputat Qüdrət Həsənquliyevin Paşayevlərin yaxın ətrafını hədəfə götürməsi “Naxçıvan klanı”nın toplantısı barədə ehtimalları möhkəmləndirir.
Qüdrət Həsənquliyev xarici işlər naziri Elmar Məmmədyarovu tənqid atəşinə tutub. O, bildirib ki, xarici işlər nazirinin Qarabağ probleminə dair sülh sazişilə bağlı açıqlaması Ilham Əliyevin bəyanatlarından kəskin şəkildə fərqlənir. “Azərbaycan prezidentindən fərqli mövqe ortaya qoyan insanlar istefa verərək öz mövqelərini başqa bir formada açıqlaya bilərlər. Hər dəfə Elmar Məmmədyarovun ”malalayıcı” açıqlamalarından dərhal sonra Serj Sarkisyan bəyan edir ki, Azərbaycan prezidentinin bəyanatları daxili auditoriyaya hesablanıb. Buna görə də, düşünürəm ki, hökumət daxilində ciddi nizam-intizam yaratmağın da zamanı çatıb”. Deputat müdafiə nazirini də Elmar Məmmədyarovun “gözünə qatıb” ki, yalnız onun hədəf götürülməsi barədə rəy yaranmasın və bu da şübhələrə yol açmasın. Lakin açıqlamadan açıq-aydın görünür ki, hədəfdə Elmar Məmmədyarovdur. Xarici işlər nazirinin Paşayevlərin yaxın çevrəsinə daxil olması isə sirr deyil. O da sirr deyil ki, Elmar Məmmədyarov Qarabağla bağlı açıqlamaları ölkə rəhbərliyi ilə razılaşdırılmamış şəkildə vermək səlahiyyətinə malik deyil. Bu halda, xarici işlər nazirinin hədəfə alınmasının arxasında qrup maraqlarının dayandığını söyləmək olar.
Azad