Onu xatırlamağa bircə “Füzuli” kantatası da yetərlidir…

Ruhu oxşayan musiqi əsərlərinin müəllifi

XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Bu dövrdə Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyəti sisteminə qovuşmuş, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisi səviyyəsinə qalxmışlar. Bu mövzuda söz açarkən təbii ki, dahi Üzeyir Hacıbəyovla başlanan məktəbin nümayəndələri haqqında ayrı-ayrılıqda danışmaq lazım gəlir.
Klassik Azərbaycan bəstəkarları sırasında önəmli yeri olan Cahangir Cahangirovun adı gələndə “Füzuli” kantatası yada düşür. Musiqi xəzinəmiz üçün gözəl bir sənət incisi olan bu əsər belə, böyük bəstəkarın adının tarixdə həmişəlik qalmasına yetərli ola bilərdi.
Bəstəkarın həyat yoluna nəzər salsaq görərik ki, C.Cahangirov musiqisi xalq yaradıcılığı, ümumiyyətlə, milli köklərimiz ilə üzvi surətdə bağlı olmuş, daim ondan qaynaqlanmışdır. 1921-ci ilin 20 iyununda Balaxanıda anadan olan sənətkar ilk musiqi təhsilini A.Zeynallı adına Bakı Musiqi Məktəbində alıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirən gənc musiqiçi xalq musiqisi şöbəsində, dahi bəstəkarımız Ü.Hacıbəyovun rəhbərliyilə şifahi ənənəvi musiqimizin öyrənilməsilə məşğul olmağa başlayıb. Cəsarətlə demək olar ki, bu illər Cahangirovun bir bəstəkar kimi formalaşmasında həlledici rol oynamışdır. Bu, bir tərəfdən Ü.Hacıbəyovun təsiri, digər tərəfdən isə gənc bəstəkarın xor musiqisilə maraqlanmasıyla müəyyən olunur. O, xalq mahnılarını xor üçün işləyir, Filarmoniyanın mahnı və rəqs ansamblının xor bölməsinə rəhbərlik edirdi. Tələbəlik illərində qazanılan bu zəngin təcrübə gələcəkdə Cahangirovun bütün yaratdıqlarında, xor və səhnə üçün yazılmış çoxsaylı əsərlərində parlaq şəkildə əksini tapmışdır. Təsadüfi deyil ki, sənətkarın yaradıcılığında xor musiqisi janrı əsas yer tutur.
Bəstəkar solist, xor və simfonik orkestr üçün “Arazın o tayında” vokal-simfonik poemasının (1949), “Dostluq haqqında mahnı” (1956), “Füzuli” (1959), “Nəsimi” (1973) Kantatalarının, “Sabir” (1962), “Hüseyn Cavid-59″ (1984), ”Böyük Qələbə” (1985) Oratoriyalarının, “Azad” (1957), “Xanəndənin Taleyi” (1978) Operalarının Və Digər Əsərlərin Müəllifidir.
Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Bəstəkarın yaradıcılığındakı “Füzuli” kantatası, mübaliğəsiz onun şah əsəri sayıla bilər. Dahi şairin 400 illik yubileyi ilə bağlı bəstələnmiş bu əsər istər musiqi, kompozisiya, istərsə də mətndən istifadə nöqteyi-nəzərindən bəstəkarın istedadının parlaq nümunəsidir. Kantatanın solo partiyasını ifa edən gözəl müğənni, xalq artisti Şövkət xanım Ələkbərovanın unudulmaz ifası əsəri dinləyən hər bir kəsin yaddaşına həmişəlik həkk olunmuşdur.
Bəstəkarın operaları
Cahangir Cahangirov yaradıcılığı haqqında danışarkən onun operaları haqqında da xüsusi söz açmağa dəyər. O, iki operanın – müasir mövzuya həsr olunmuş “Azad” (1957) və Cənubi Azərbaycan həyatı ilə əlaqədar olan “Xanəndənin taleyi” (1979) operalarının müəllifi olmuşdur.
Qeyd edək ki, bu operalar fərqli üslub xüsusiyyətlərinə malikdir. Belə ki, “Azad” operası ənənəvi opera kimi yazılmışdısa, “Xanəndənin taleyi” Üzeyir bəyin yaratdığı muğam operası janrının davamı kimi nəzərdə tutulmuşdu. “Xanəndənin taleyi” bu səpkili əsərlər arasında özünəməxsus yer tutur – o, Cənubi Azərbaycan həyatından bəhs edən bir səhnə əsəridir.
Operada məşhur xanəndə Seyid Mirbabayevin keşməkeşli həyatının təsviri verilmişdir. Onu da qeyd edək ki, bu ilk milli operadır ki, baş qəhrəman kimi məhz xanəndə göstərilmişdir. Operanın yazılmasında bəstəkarın 40-cı illərdə Cənubi Azərbaycanda yaradıcılıq ezamiyyəti də əhəmiyyətli rol oynamışdır. Məhz o dövrdə C.Cahangirov Arazın o tayında həmvətənlilərimizin həyatı ilə yaxından tanış olmuş, oradan unudulmaz təəssüratlarla qayıtmışdır.
“Məlum olduğu kimi, muğam operalarının bəstələnməsində ən mürəkkəb an klassik opera nömrələrilə muğam parçalarının ahəngdar uyğunlaşmasını əldə etməkdən ibarətdir. Üzeyir Hacıbəyov məktəbinin layiqli davamçısı olan Cahangirov bu çətin vəzifənin öhdəsindən məharətlə gələrək, maraqlı və yadda qalan səhnə əsəri yaratmağa nail olmuşdur”. (Ceyran Mahmudova. musiqişünas).
“Xanəndənin taleyi” Azərbaycan dövlət Opera və Balet Teatrının səhnəsində böyük müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur.
C.Cahangirovun yaradıcılığında mahnılar da xüsusi tutur. Bəstəkar müxtəlif illərdə mahnı janrına müraciət etmiş, bu janrda bir çox yadda qalan əsərlər yaratmışdır. O, istər xor, istərsə də solo ifa üçün nəzərdə tutulan bir sıra yaddaqalan mahnılar yaratmışdır.
Bir-birindən gözəl mahnılar
Bunların sırasında Nizaminin qəzəlinə yazılmış “Gül camalın” qəzəl-romansını, Xaqaninin sözlərinə “Nazənin”, Molla Pənah Vaqifin sözlərinə “Durnalar”, Islam Səfərlinin sözlərinə “Ana”, “Zərif gülüşlüm”, “Buludlar”, “Zəriflik”, “Ağ şanı, qara şanı”, Rəfiq Zəkanın sözlərinə “Məhsul nəğməsi”, “Nigar qızım” və bir çox başqalarını qeyd etmək olar. Onların arasında elələri də var ki, bu janrın klassik nümunələri sayıla bilər.
C.Cahangirovun mahnılarını, digər vokal əsərlərində olduğu kimi, geniş nəfəsli melodiya, xalq musiqi dilinə yaxınlıq, poetik mətnlə məharətlə işləmək bacarığı kimi cəhətlər fərqləndirir. Onun mahnıları səsləndikdə o dəqiqə bu mahnının kim tərəfindən bəstələndiyini təyin etmək mümkündür: Cahangirov dəst-xətti hər ifadədə, hər musiqi cümləsində duyulur.
Bəstəkarın Azərbaycan filmlərinə yazdığı mahnılar da öz gözəlliyi ilə seçilir. C.Cahangirov “Dağlarda döyüş” (1967), “Dəli Kür” (1969), “Evlənmək istəyirəm” (1983), “Koroğlu” (1960), “Qatır Məmməd” (1974), “Qızıl uçurum” (1980), “Yenilməz batalyon” (1965) kimi məşhur filmlərimizdə səslənən mahnıların müəllifidir.
Cahangir Cahangirov şəxsiyyətini yad edərkən onun həyat və yaradıcılığının mühüm sahələrindən biri olan pedaqoji fəaliyyətini də qeyd etmək lazımdır. Bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) “Xor dirijorluğu” kafedrasına rəhbərlik etmiş, neçə-neçə tələbələrə xor musiqisinin incəliklərini tədris etmişdir. Onu da qeyd edək ki, heç də həmişə istedadlı bəstəkar yaxşı müəllim ola bilmir. Cahangir Cahangirova şamilən demək olar ki, onun simasında istər gözəl bəstəkar, istərsə də gənclərə sənətin sirlərini səbrlə öyrədən müəllim birləşmişdi.
Əməkdar incəsənət xadimi (1959), Xalq artisti (1963), SSRI dövlət mükafatı laureatı (1950) Cahangir Cahangirov 1992-ci ilin martında vəfat etmiş və Bakıda dəfn olunmuşdur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir