Vasif Turanın evində işləyən qaynı Elbrus Ağayev niyə döyülüb?
Oktyabrın 7-də Qobu qəsəbəsindəki evinin yanması nəticəsində iki övladını itirən Bolgexeber.com saytının baş redaktoru Vasif Turan yenidən Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat Istintaq Idarəsində olub. Bu barədə “Azadlıq”a açıqlama verən baş redaktor nazirlikdə hazırda yanğınla əlaqədar işi araşdıran baş müstəntiq Qəhrəman Məmmədovla görüşdüyünü deyir.
Görüş zamanı baş müstəntiqə əlavə faktlar və məlumatlar təqdim etdiyini bildirən V.Turan qeyd edir ki, onların əsasında artıq istintaq yeni istiqamətlər müəyyənləşdirməyə başlayıb: “Yanğından sonra polisin və ekspertizanın gəldiyi qənaət belə olub ki, guya, evdə elektrik xəttinə qoşulmuş avtomat tənzimləyici olmayıb. Ancaq biz həm yanmış avtomat tənzimləyicisinin qalıqlarını tapıb ortaya çıxarmışıq, həm də onun hansı dükandan alındığını təsdiqləyən fakt ortaya qoymuşuq. Hətta avtomat tənzimləyicinin alındığı dükanın qeyd dəftərində belə yazılıb ki, həmin əşya 10 manata və nisyə alınıb”.
Baş redaktor həmçinin digər şübhələndiyi məqamlar və əlavə məlumatlar barəsində də baş müstəntiqə fikirlərini çatdırıb. Ancaq o, bu barədə danışmağa zərurət görmədiyini, çünki istintaqın gedişinə təsir edə biləcəyini deyib. V.Turan onu da bildirib ki, onun dedikləri əsasında Qəhrəman Məmmədovun rəhbərliyi ilə Qobudakı evdə təkrar ekspertiza aparılıb və yeni dəlillər götürülüb: “Evə gəlib təkrar ekspertiza apardılar və yeni faktların əldə edilməsi ilə əlaqədar protokol tərtib olundu”.
Baş redaktor sonda onu da bildirdi ki, FHN-in Istintaq Idarəsində onun evində usta kimi işləmiş qaynı Elbrus Ağayev və qohumu Niyaməddin Muradov dindirilib və izahatları alınıb: “Elbrus Ağayev bizdə evdə işləyən zaman hədə-qorxuya məruz qalıb. Belə ki, evə gələn adamlar onları təhdid edərək, tikintini dayandırmağı tələb ediblər. Və bildiriblər ki, əgər tikinti dayandırılmasa, onu yandıracaqlar. Həmin vaxt yaranmış mübahisə nəticəsində qaynım döyülüb. Niyaməddin Muradov isə insidentin şahidi olmaqla bərabər, həm də bəzi bilgilərə sahib olduğu üçün istintaqa çağırılıb”.
Vasif Turan daha bir nəfərin istintaqa ifadə verəcəyini deyib. Lakin onun adını açıqlamayıb: “Həmin şəxs bəzi məqamlardan xəbərdardır və Istintaq Idarəsinin əməkdaşları onunla görüşüb, izahat alacaqlar. Həmin şəxsin adının açıqlanmasına hələlik gərək yoxdur”.
Ramin DEKO



