Sosial ipotekanın həcmi 60 min, adi ipotekanın həcmi isə 100 min manata qədər artırıla bilər
Mərkəzi Bank sosial ipotekanın həcmini 60 min manata, adi ipotekanın həcmini isə 100 min manata qədər artırmaq niyyətindədir. Bu barədə jurnalistlərə Mərkəzi Bankın Bank-Kredit Təşkilatlarına nəzarət departamentinin rəisi Rəşad Orucov bildirib. O, həmçinin qeyd edib ki, yeni təkliflər sosial ipoteka almaq istəyən ailələrin sayını iki dəfə artıracaq. Onun sözlərinə görə, Mərkəzi Bank müvafiq təklifləri işləyib hazırlayıb və onları baxılması üçün hökumətə təqdim edib. Bankın təkliflərində Zəmanət Fondunun yaradılması da nəzərdə tutulur. Fond ailələrə ilkin ödəmə olmadan ipoteka almaq imkanı verəcək.
“Normal maliyyə gəliri olan, amma ilkin ödəməni toplaya bilməyən çox sayda fiziki şəxslər var. Yeni qaydalar onlara Zəmanət Fondunun girovu ilə ipoteka krediti almaq imkanı verəcək”, – deyə Orucov əlavə edib.
R.Orucov bildirib ki, Mərkəzi Bank Nazirlər Kabinetinə ipoteka verilməsi zamanı yeni girov mexanizminin yaradılması haqqında Əsasnamə təqdim edib. Onun sözlərinə görə, Əsasnamə prezidentin “Girovlu ipotekanın yaradılması haqqında” fərmanına əsasən hazırlanıb. O qeyd edib ki, yeniliyə görə, əvvəllər ipoteka ödənmədikdə girovun satılması məsələsi uzun müddət ərzində həll olunurdusa, indi bütün prosedur məsələlərinə 8 ay ərzində baxılmalıdır(Turan).



