Insan psixologiyası həqiqətən də qəlizdir. Hə, ingilislər deyirdi ki, sonradan Yoxannesburqa sürgün edilən birinci Pəhləvi özünü at tövləsində sarayda olduğundan daha rahat hiss edirmiş. Ikinci Pəhləvilə bağlı amerikalılar belə söyləyirdilər ki, o, uça bilən hər şeyi almağa hazırdır. Beləcə, birinci Pəhləvi özünü ömrünün sonuna qədər bir süvari zabit, ikinci Pəhləvi isə pilot kimi hiss edirdi.
Qəzzafi də belə idi, o da bədəvi olduğunu gizlətmir, çadırda yaşayır, daha nə bilim, nə edirdi… Məni ən çox təəccbüləndirən nədir? Bir çox hallarda bizə elə gəlir, sadə nəsil köklərinə malik olan insanlar bir qədər insaflı, necə deyər, xalqa yaxın olurlar. Amma Pəhləvi, Qəzzafi bir tərəfə, elə bizim MDB diktatorlarının bioqrafiyası məni bu fikirdən çəkinməyə məcbur etdi.
Bir vaxt özlərini baş proletar hesab edən bu sonuncular müstəqillikdən sonra dönüb lap əsilzadə, aristokrat və diktator oldular. Hələ də bir məsələ mənə aydın deyil: bu insanları qeyri-məhdud hakimiyyət korlayır, yoxsa, əksinə, onlar özləri hakimiyyəti korlayırlar?
Hər halda, mən ikinci fikrin tam tərəfdarıyam, təcrübə də bunu təsdiq edir. Mənim “pis ətraf” söhbətinə də elə bir inamım yoxdur. Ətraf da insanın öz psixologiyasına adekvat olaraq formalaşır. Bəli, Vaşinqtonun da ətrafı və hakimiyyəti vardı. Təbii ki, tərifi sevən insan gec-tez özünü yaltaqlarla əhatə edəcək… Bəli, hakimiyyət də gözəl qadın kimidir, adamı yoldan çıxara bilər. Amma adamın iradəsi necə olsun?..
Qərəz, Pəhləvilərin, Qəzzafilərin, eləcə də hələ də ömürlük prezident arzusu ilə yaşayanların bəraəti yoxdur. Onlar təkcə həkimiyyəti və siyasəti korlamırlar, ölkəyə, onun vətəndaşlarının mənəviyyatına ziyan vurur və onlara pis vərdiş aşılayırlar. Bu vərdişlər sonra yenidən diktator yaradır və hər şey dəyirman kimi təzədən başlayır.
Özümüzü götürək. Bəli, bizlərin yetmiş illik tarixi təcrübəmiz var. Bizim insanlar əlində silah tuta bilməyən bir insana “böyük sərkərdə”, artıq özünə nəzarəti itirmiş, zorla yeriyən insana “dahi rəhbər”, “böyük siyasətçi” deməyə alışmışdı. Hakimiyyətə gələnlər məhz bu zəifliyi başa düşməli və onu bilməli idilər. Amma nələr baş verdi? Məlum oldu ki, təzə hakimiyyətə gələnlərin də ürəyindən belə epitetlər və təriflər keçir. Beləcə, başlandı, özü də nə başlandı! Nə isə. Bu haqda çox yazmışıq və çox eşitmişik. Bir də ki, məsəl var, deyirlər ki, axı bu görünən dağlara nə bələdçi?!
Azad asılılıq zonası
Bəli, Putin boş dayanmır. Indi də azad iqtisadi zona söhbətini atıblar ortaya.
Özü də bu Putinin maraqlı xasiyyəti var. O, belə hesab edir ki, hər bir MDB dövlətinin başçısının adından danışa bilər. Mən bunu Qəbələ RLS ilə bağlı məşhur təklif zamanı duydum. O vaxt bizimkilər, eləcə də I.Əliyev özünü elə apardı ki, guya bu məsələdən agahdılar. Amma belə idimi? Indi də Putin ərz edir ki, ilin sonuna qədər digər ölkələr də bu sazişə qoşulacaq, azad iqtisadi zona ideyasını dəstəkləyəcəklər. Kim bilir? Bir ümidverici detal var ki, ilin sonuna bir şey qalmayıb, vur-tut, iki aydan bir qədər artıq.
Amma bir detal məni sakitləşdirir, bizimkilər nəyi bilməsə də, öz gəlir-çıxarlarını çox yaxşı bilirlər. Bunlar heç imkan verərlərmi ki, haradasa azad iqtisadi zona olsun və kimsə bunların zonasına girsin? Əsla. Ona görə də rahat oturmaq olar, o məsələ baş tutmayacaq. Bunlar müstəqilliyi çox sevirlər: ən böyük arzuları da budur ki, dünyada heç kimdən asılı olmasınlar, o cümlədən də millətdən. Buna zərrə qədər şübhəniz olmasın. Müstəqillik bunlara böyük sərvət, rahat həyat bəxş edib. Onlar bunu əldən verərlərmi?
Kiçik sözardı
Bu yazını bəlkə də bütünlüklə elə Qəzzafiyə həsr etməyə dəyərdi. Amma bir məsələ daha vacibdir. Məsələ onda deyil ki, daha bir diktator süqut etdi, bu kimi hadisələr tez-tez baş verir. Məsələ ondadır ki, digərləri bundan gərək yaxşı dərs götürsünlər, hansına ki, şəxsən mənim ümidim çox azdır, çünki insan psixologiyası çox qəlizdir. Həm də tarixin qəlizliyi ondadır ki, o, nəticə etibarilə heç kimi heç nəyə öyrətmir…