Bəri başdan söyləyim: bu yazının yazılma səbəbi hüquq müdafiəçisi statusunda olan bir xanım əfəndimizin keçənlərdə “mediaforum” saytına verdiyi, absurd janrının ən parlaq nümunəsi sayıla biləcək bir açıqlamadır. Kimliyini bilmək istərsəniz, Allahdan gizli deyil, sizdən niyə gizli olsun ki: Səidə Qocamanlı.
Səidə xanımdan sitat: “Bizim üçün ən əsas məsələ dövlətçilikdir. Dövlətçiliyimizə qarşı çıxan insanları siyasi məhbuslar siyahısına salmırıq. Bu, bizim üçün çox önəmlidir”.
Mən xanım əfəndinin bu sözlərini heyrətlər içində oxudum. O, ölkənin ən stajlı hüquq müdafiəçilərindən sayılır, amma görünən budur ki, hüquq müdafiəçiliyinin gerçək mahiyyəti, fəlsəfəsi haqqında yanlış və yarımçıq təsəvvürlərə malikdir.
Niyəsini indi yazacam, amma bəri başdan deyim ki, xanım Qocamanlı bu sözləri həbsdəki dindarları niyə siyasi məhbus siyahısına daxil etmədikləri barədə sualın cavabında bildirib: “Bizim üçün ən əsas məsələ dövlətçilikdir”.
Heç dəxli var? Bir hüquq müdafiəçisi nə vaxtdan dövlətçi olmaq məcburiyyətindədir, dövlətçiliyin təminatçısı olmaq məcburiyyətindədir? Axı bir hüquq müdafiəçisinin ümdə vəzifəsi vətəndaşların hüququnu dövlətdən qorumaqdır. Amma gəl gör ki, Səidə xanım dövlətçiliyi vətəndaşdan qoruyur. Belə hüquq müdafiəçiliyi dünyanın daha harasında var?
Necə yəni “bizim üçün ən əsas məsələ dövlətçilikdir”?. Axı adınız üzərinizdədir: hüquq müdafiəçisi. Deməli, sizin üçün əsas məsələ də hüquq olmalıdır. Hüquqların müdafiəçisinə çevrilmək olmalıdır. Əgər sizin üçün əsas məsələ dövlətçilikdirsə, bəs onda niyə hüquq müdafiəçisi olursunuz? Gedin, elə dövlət müdafiəçisi olun də. Ya da dövlət itthamçısı…
Bir daha yazıram: hüquq müdafiəçisinin görəvi budur – vətəndaşın hüququnu dövlətdən qorumaq. Dövlətin gücündən qorumaq. Dövləti, dövlətçiliyi qorumaq bir hüquq müdafiəçisinin missiyasına daxil deyildir, ola da bilməz. Dövlətçiliyi qorumaq üçün qurumlar var. MTN var, polis var, ordu var. Nə bilim, daha nə var. Bu qədər qurumlar vətəndaşın cibinin, onun vergilərinin hesabına saxlanılır. Zəhmət çəkib dövlətçiliyi də qorusunlar.
Vətəndaş zatən ödədiyi vergilərlə dövlətçiliyi qoruyur. Necəmi? Çox sadə. Onun ödədiyi vergilərlə dövlətçiliyə cavabdeh şəxslər və qurumlar maaş alırlar, yaşayırlar. Vətəndaşın dövlətçiliyə xidməti burada bitir. Geridə qalanını dövlət aparatında oturanlar düşünməlidir, Səidə xanım, vətəndaş yox. Və əgər dövlət aparatında oturanların səbatsızlığı, qarınqululuğu, gönüqalınlığı üzündən dövlətçilik hələ də bir təhdid və təhlükə altındadırsa, burada qorunması gərəkən yenə vətəndaşın haqqıdır. Hüququ pozulan yenə vətəndaşdır. Çünki onun vergiləri ilə maaş alanlar işlərinin öhdəsindən gələ bilməyiblər, vəzifələrini yerinə yetirə bilməyiblər.
Hüquq müdafiəçisinin boynunun borcudur ki, bütün situasiyalarda vətəndaşın yanında olsun, onun hüquqlarının qoruyucusuna çevrilsin. Dövlətin özünü qorumaq üçün sınırsız gücü, səlahiyyətləri var. Bəs vətəndaşın nəyi var? Ədalətli məhkəmə haqqı. Indi o da tapdanırsa, o da ayaqlar altına atılırsa, cinayəti nə olur olsun, fərq etməz, bir hüquq müdafiəçisi həmin vətəndaşın yanında olmağa məcburdur.
Ən ağır cinayətkarın belə, ədalətli mühakimə hüququ var. Hətta bir terrorçunun, vətən xaininin, nə bilim daha kimin ədalətli mühakimə hüququ pozulursa, onun haqqını müdafiə etməyən, “dövlətçiliyi” şərt kimi irəli sürən şəxs hüquq müdafiəçisi ola bilməz. Olmamalıdır da.
Bir hüquq müdafiəçisi üçün yeganə şərt hüququn aliliyidir. Insanların haqlarını dininə, dilinə, əqidəsinə, milliyyətinə, cinsinə görə qoruyan bir hüquq müdafiəçisi anlayışı yoxdur. Olsaydı, hüquq müdafiəçiliyinin ruhuna təhqir olardı.
Həm hüquq müdafiəçiliyinə iddia edib, həm də “dövlətçi” olmağı şərt kimi irəli sürmək gülməlidir. Absurdun pik nöqtəsidir. Hüquq müdafiəçiliyinin mahiyyətini, fəlsəfəsini inkar etməkdir. Yolverilməzdir. Bağışlanmazdır.
Və bu cür hüquq müdafiəçiliyinin sonu saxta deputat mandatı, qondarma millət vəkilliyidir. Tıpkı Çingiz Qənizadə nümunəsində olduğu kimi.
Azərbaycanda hüquq müdafiəçiliyi hara gedir?
•
•