ABŞ Putinə Qəzzafinin aqibətini xatırlatdı

Makkeyn: «Putin Qəzzafinin qətlindən sonra gecə yəqin ki, yaxşı yatmayıb»

 

ABŞ prezidentliyinə keçmiş namizəd, Respublikaçı senator Con Makkeyn Liviya diktatorunun qətlə yetirilməsi xəbərinin yayılması fonunda Rusiyanın baş naziri Vladimir Putinə sərt mesaj ünvanlayıb. Makkeyn açıqlaması ilə Qəzzafinin qətlinin dünya diktatorlarını narahat etdiyini dilə gətirib. “Suriya prezident Bəşər Əsəd, cənab Putin və bəzi çinlilər bu gecə yəqin ki, pis yatıblar”, deyə Makkeyn vurğulayıb. O əlavə edib ki, son dövrün ərəb inqilabları Rusiyada xalq üsyanlarına səbəb ola bilər: “Ərəb dünyasını bürüyən inqilab dalğası Rusiyaya da gəlib çata bilər”.

 

«Putin növbəti dəfə prezident olsa hakimiyyətdəki müddətinə görə Qəzzafiyə yaxınlaşacaq»


Politoloq Vəfa Quluzadənin fikrincə, Makkeynin bu açıqlaması təsadüfi xarakter daşımır. ABŞ prezidentinin də Qəzzafinin taleyinin bütün dünya diktatorlarına mesaj olduğunu dilə gətirdiyini deyən V.Quluzadə vurğuladı ki, sona qədər hakimiyyətdən əl çəkməyən diktatorların axırı məhz Qəzzafi kimi olur: “Qərbdə hazırda Rusiyada baş verənlərə qəribə oyun kimi baxırlar. Putin hakimiyyətdən getmədi, bir müddət baş nazir kimi qaldı, indi də yenidən hakimiyyətə qayıdır. Bəlkə də Putin Konstitusiyanı dəyişsəydi daha səmimi olardı. Artıq heç kimə sirr deyil ki, Putin baş nazir olanda da hakimiyyət onun əlində olub. Özünü dövlət başçısı kimi təqdim edən Medvedev isə sadəcə olaraq Putinin əlaltısı olub”.
Bu baxımdan Putinin növbəti dəfə prezident olacağı təqdirdə hakimiyyətdəki müddətinin Qəzzafiyə yaxınlaşacağını deyən V.Quluzadənin fikrincə, məhz bu cür məqamları nəzərə alaraq Makkeyn Putinə belə mesaj ünvanlayıb. Qərbin Rusiyaya qarşı münasibətinin hələ də dəyişmədiyini söyləyən politoloq vurğuladı ki, buna görə hər il Rusiya milyardlarını silahlanmaya xərcləyir: “Rusiya SSRI-nin yolunu gedir. O zaman da sovet xalqı acından qırıldığı bir vaxtda SSRI rəhbərliyi ABŞ-la silah yarışına girişmişdi. Indi də Rusiya digər sahələrin inkişafına ehtiyac duyulduğu bir vaxtda silahlanmaya başlayıb. Bu siyasətin də başında Putin dayanır. Putin Rusiyaya çox zərbələr vurub. Yerli mətbu orqanların şərhlərinə görə Putin hakimiyyətdən getməyə qorxur. Çünki bilir ki, o zaman bütün etdiklərinin cavabını verməli olacaq”.

Xəyal