Zülfüqarlı qardaşlarına Türkiyədə təhlükə

Azərbaycandan qardaş ölkəyə gedən xüsusi qrup iş adamlarını hədələyib

Iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus “Xəzər Boru” zavodunu onların əlindən almaq üçün Azərbaycandan Türkiyəyə xüsusi qrup göndərilib. Əldə etdiyimiz məlumatlara görə, qrupa dövlət məmurları da daxildir. Onlar Zülfüqarlı qardaşları ilə görüşərək cüzi məbləğ müqabilində iş adamlarına adıçəkilən zavoddan imtina etməyi təklif ediblər. Zülfüqarlı qardaşları təklifi qəbul etməyib. Bu halda Azərbaycandan gedən qrup iş adamlarını hədələyib. Onlara bildirilib ki, təklifi qəbul etməyəcəkləri təqdirdə vəziyyətləri daha da pis olacaq.
Məlumatı dəqiqləşdirmək üçün Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılovla əlaqə saxladıq. Vəkil xəbərin əsassız olmadığını deyib: “Bu məlumat həqiqəti əks etdirir. Zülfüqarlı qardaşları özləri mənə bu barədə məlumat veriblər. Mən onlarla görüşən şəxslərin kimliyi ilə maraqlandım. Lakin Zülfüqarlı qardaşları bu barədə heç nə deyə bilməyəcəyini söylədilər”.
Aslan Ismayılov bildirib ki, Türkiyədə iş adamları açıq şəkildə təhdid olunub. “Ehtimal etmək olar ki, Zülfüqarlı qardaşları zavodlardan imtina etməsələr, onların Azərbaycandakı yaxınlarına ciddi təzyiqlər başlayacaq”, –   deyə vəkil vurğulayıb.
Bununla belə Aslan Ismayılov bildirib ki, məsələnin bu qədər dramatikləşməsi Azərbaycan hakimiyyətinin nüfuzuna ciddi zərbə olacaq: “Zülfüqarlı qardaşları bu məsələni beynəlxalq ictimaiyyətə çıxarmaq gücündədirlər. Lakin hələ ki, bu addımı atmaq istəmirlər. Çünki anlayırlar ki, bu, Azərbaycan dövlətçiliyi üçün ciddi zərbə ola bilər. Təəssüf ki, hansısa qruplar öz qanunsuz əməlləri ilə Zülfüqarlı qardaşlarını bu addımı atmaq məcburiyyətində qoyurlar”.
Vəkilin sözlərinə görə, iş adamları zavoddan imtina etməkləri müqabilində ora qoyduqları vəsaitlərin geri qaytarılmasını istəyirlər: “Amma bu adamlar çox cüzi məbləğ verirlər və deyirlər ki, bundan əlavə heç nə tələb etməyin”.
Aslan Ismayılov həmçinin mətbuatı baş verənlərlə bağlı ciddi araşdırma aparmağa çağırıb: “Baxın, ”Bakı Poladtökmə” zavodunun 80 faizinə sahib olan Gəray Məmmədov adlı şəxsin “Yeni Müsavat” qəzetində müsahibəsi dərc olunub. Açıq-aydın görünür ki, bu şəxsin heç nədən xəbəri yoxdur. Çoban olan və Lerikdə acınacaqlı vəziyyətdə yaşayan bu adama sadəcə imza atdırıblar. Bu adam heç düz-əməlli oxuyub yazmağı bilmir. Və özü də bunu etiraf edir. Bütün bunlar ciddi şəkildə araşdırılmalıdır. Bundan başqa bir müddət əvvəl “Xəzər Boru” zavodu SOCAR-ın mühafizə dəstələri tərəfindən zəbt olunmuşdu. Mətbuat bu məsələdə gücünü göstərdi. “Azadlıq” qəzeti, “Azadlıq” radiosu, “Yeni Müsavat”, “Bizim Yol”, “Xural” qəzetləri,  “Qafqazinfo”, digər xəbər portalları və informasiya agentləri bu qanunsuzluğu ictimailəşdirəndən sonra həmin dəstə zavoddan çıxarıldı. Ona görə də mən istəyirəm ki, mətbuat daim bu məsələni gündəmdə saxlasın, bu işlərlə bağlı araşdırma aparsın, əsl həqiqətləri üzə çıxarsın. Və insanlar görsün ki, Azərbaycanda sahibkarların başına hansı oyunları açırlar”.
Zülfüqarlı qardaşlarına təzyiqlər 2005-ci ildən başlanıb. Həmin il Zülfüqarlı qardaşlarından onlara məxsus “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” ASC-nin könüllü təhvil verilməsi tələb olunub. Tələb onunla əsaslandırılıb ki, bu biznesə yüksək vəzifəli dövlət məmuru sahib olmaq istəyindədir. Iş adamlarına deyilib ki, zavodlardan xoşluqla imtina etməyəcəkləri təqdirdə həbs olunacaqlar. Deyildiyi kimi də olub. Zülfüqarlı qardaşları zavodları könüllü təhvil vermədiklərinə görə qondarma ittihamlarla həbs edilib.
Nurədddin Zülfuqarlı həbsxanada tələbi yerinə yetirmək məcburiyyətində qalıb. Iş adamları yalnız “Bakı Poladtökmə” zavodunun 20 faizinə sahib olmaqla kifayətləniblər. Bu sövdələşmə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovla aparılıb. Hətta Zülfüqarlı qardaşları “Bakı Poladtökmə” ASC-nin imtina etdikləri 80 faizindən əldə edilən gəliri hər ay şəxsən Kərəm Həsənova veriblər. Ötən ilin sonundan başlayaraq isə iş adamlarına bildirilib ki, 20 faizdən və “Xəzər Boru” zavodundan da imtina etməlidirlər. Iş adamları növbəti dəfə hədələnib. Vəziyyəti belə görən Zülfüqarlı qardaşları Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Məlumatlara görə, bütün bunların arxasında metal mafiyası dayanır. Bu qrupun isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tərəfindən himayə olunduğu iddia edilir.

Vidadi