Zibil poliqonu – Balaxanı

Milyonçu babaların kasıb nəvələri zibillikdə eşələnir

Hökumət küçə adını da özünə müxalif görüb, problemə diqqət yetirmir

Balaxanı. Bu qəsəbənin adı gələndə adamın gözü önünə öncə Balaxanı zibilliyi gəlir. Bir vaxtlar varlı insanların məkanı olan bu qəsəbənin əvvəlki görkəmindən əsər-əlamət yoxdur. Vaxt var idi, Balaxanı milyonçuları şam yeməyi üçün Fransaya gedirdi. Indi isə o milyonçu babaların kasıb nəvələri Bakının ortabab kafelərində belə, nahar edə bilmir. Necə deyərlər, kiminin əvvəli, kiminin axırı…

Müsavat küçəsi və onun problemləri

Qəsəbənin mərkəzi meydanı Mirzə Ələkbər Sabirin heykəli olan bağdır. Şəhərin istirahət bağlarından bu bağın fərqi ondadır ki, buranın sakinləri yaşlı nəslin nümayəndələridir. Işsizlik Balaxanının da ağrılı yeridir.
Balaxanının özəl xüsusiyyətlərindən biri 1992-ci ilin sonu 1993-cü ilin əvvəllərində qəsəbənin ən böyük küçələrindən birinə Müsavat adının verilməsidir. Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi təklif olunub. Ancaq o vaxt ölkənin hər yerində Rəsulzadənin adının küçələrə verilməsi üçün müraciətlər çox olduğundan adın dəyişdirilməsi məsləhət görülüb. Sonda qəsəbə sakinləri belə qərara gəlib ki, küçəyə Müsavat adını versinlər. Və bu təklif bir anın içərisində qəbul olunub. Kəndin başqa bir küçəsinə yerli əhali “Səfəvilər” adını da verməyi bacarıblar.

Müsavat küçəsində yaşayanlara biganə münasibət var. Ay ərzində cəmi bir dəfə 8 saat su verilir. Onu da “Azərsu” bələdiyyənin öhdəsinə verib. Küçə çox olduğu üçün 1 xətti bələdiyyə paylaşdırır. Elə küçə var ki, 4 gün su verilir, Müsavatdır deyə, bu küçəyə, ümumiyyətlə, su vermirlər.
Su və kanalizasiya problemi Müsavat küçəsinin sakinlərinin ən çox danışdığı mövzudur. Kanalizasiya üçün qazdıqları quyu artıq dolub daşmaqdadır.
“Balaxanının nefti ilə yaşayırlar, ancaq Balaxanıya baxan yoxdur. Qaz problemimiz də var. Ilham Əliyev sərəncam imzaladı. Sərəncama əsasən, köhnə borclar silinməlidir. Indi gəlib deyirlər ki, bu evin sakini 500, digəri isə 1000 manat ödəməlidir. Borc silinibsə, bu qədər məbləğ hardan çıxdı? Gündə özlərindən min hoqqa çıxardırlar”.
“Əgər problemlər Müsavat adıyla bağlıdırsa, niyə müraciət edib küçənin adını dəyişdirmirsiniz” sualını sakinlər “bu, tarixdir, istəsək də, istəməsək də bizimdir. Bir də Müsavat Rəsulzadənin tapındığı bir ideologiya olub. O kişi heç vaxt yalan işlərə qol qoymayıb. Ona sayğımız var” deyə, cavablandırırlar.

Bakının “Dubay”ı

Indi isə keçək iş yerlərinə… Sovetin vaxtında qəsəbədə 5-6 fabrik işləyirdi. Indi bu fabriklərin quru divarlarından da əsər- əlamət yoxdur. Işbazlar kərpicləri də satıblar.
Balaxanı zibil poliqonuna bənzəyir. Bir müddət bundan öncə bu poliqondan imkansızlar bir-iki manat evlərinə çörək aparırmışlar – butulka, alüminium, mis yığaraq əlaqədar müəssisələrə verməklə. Işbazlar bunu da onlara çox görür. Zibillikdə eşələnməyi özünə peşə seçənlərdən haqq alırlar. Son illər isə nə onlardan haqq alınır, nə də onlar zibilliyə baş vurur. Səbəbsə həmin ərazini hansısa xarici şirkətin alıb orada fabrik tikməyi planlaşdırmasıdır. Biryolluq bu işi “sənət”ə çevirənlər, peşələrinə əlvida deməli olurlar.
Balaxanıda vəziyyət həqiqətən də acınacaqlıdır. Pul olmadığından gənclər ailə qura bilmir. Neft-mədən sənayesində də balaxanılılara iş yoxdur. Bir-iki nəfər güclə tapmaq olar ki, neft və milyonlar ocağında işləsin. Əhali ya şəhərdə fərdi işlə məşğul olur, ya da imkanlı adamların uşaqlarına və hətta Bakıya alverə gəlmiş hindistanlı ailələrə yemək bişirməklə çörək pulu qazanır.
Qəsəbə sakinləri Balaxanı zibilliyini Bakının “Dubay”ı da adlandırır. Səbəbini soruşduqda “imkanı olanlar, yaxşı bir əsər ortaya qoymaq istəyənlər Dubay kimi ölkələrə gedirlər. Ancaq bu niyyətli insanlar həm də bizim zibilliyimizə də baş çəkirlər. Ona görə buranı ”Dubay” adlandırırıq” cavabını verirlər.
Bir qism sakin isə buranı “ölüm kamerası” adlandırır. Zibillik buranın sakinlərinə vərəm xəstəliyi “bəxş” edir. Erkən ölmə Balaxanıda adi haldır. Sakinlər deyirlər ki, zibilləri yandırmaqla onları zülmə salırlar: “Gilavar küləyi əsən kimi tüstü düz üstümüzə gəlir. Xəzri də əsəndə tüstü şəhərə gedir”.
Sakinlərin sözlərinə görə, mərhum prezident Elçibəyin dövründə bu işə qol qoymaq üçün müəyyən addımlar atılıb. Belə ki, zibilliyin Qaradağ ərazisinə köçürülməsi planlaşdırılırmış: “O vaxt Qaradağda adam az idi. Onun üçün də bəy belə bir tövsiyə vermişdi. Ancaq sonradan hakimiyyətlə gələn Əliyevlər bu işdən sükutla keçdilər”. Balaxanılılar bununla bağlı dəfələrlə lazımi orqanlara müraciət etsələr də, səyləri nəticəsiz qalıb.

Fırıldaq maklerlər

Qəsəbənin yolu bərbad vəziyyətdədir; palçıq, gölməçələr. Bir il əvvəl qəsəbənin asfalt yolu su borusu çəkilməsi adı ilə qazılıb və qəsəbənin yol problemləri də bununla başlayıb. Hazırda həmin yol sakinlərin və avtomobillərin hərəkəti üçün tam yararsız vəziyyətdədir. Vətəndaşlar həmin ərazidə zibil əlindən də boğaza yığılıblar. Qəsəbə ərazisində zibil qutuları olmadığından zibili hara gəldi tökürlər. Nəticədə antisanitariya hökm sürür.
2009-2013-cü illər dövlət proqramının bu problemləri həll edəcəyi deyilir. Həmin ərazilərin yol, müəyyən yerlərin isə qaz və su problemlərinin həllini tapacağı bildirilir.
Balaxanıda torpağın sotunun qiyməti 2000-2500 dollardır. Alan şəxs də, satan şəxs də bələdiyyəyə “hörmət” etməlidir. Alan şəxs torpağı öz adına keçirmək üçün bələdiyyəyə ən azı 3000-3500 dollar pul verməlidir. Ancaq bir şərtlə ki, maklerlərlə iş görməyəsən. Onlar əksər hallarda vətəndaşları aldadır. Birbaşa bələdiyyənin sədri ilə iş görmək məsləhətdir. Fırıldaqçı maklerlərin adamları bələdiyyədə əyləşiblər. Onlar bilsələr ki, kimsə öz torpağını satır, mütləq onun qarşısını kəsəcəklər. Bələdiyyədəki adamlarına tapşıracaqlar ki, sənədlərini düzəltməsinlər və yaxud da alan şəxsi inandırmağa çalışsınlar ki, sənədlər qeyri-qanunidir. Bununla da maklerlər torpaq və ev alanları özlərinə cəlb edib aldadırlar.

***

Burası Balaxanıdır. Bir vaxtlar milyonçu olan babaların kasıb nəvələri zibil poliqonunda eşələnirlər. Tarix tez-tez təkrarlanır…

Ramin DEKO