Erməni zülmündən Türkiyəyə…
Azərbaycan bəstəkarlıq məktəbi musiqi sənətimizə bir çox ünlü simalar vermişdir. Onların sırasında dahi Üzeyir bəyin tələbələrindən biri olan Səid Rüstəmovun da öz dəst-xətti var. Bakı Musiqi Məktəbinin tar sinfini bitirən bəstəkar 1935 – 1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur. Yaradıcılığında muğam formalarından, aşıq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaradan sənətkar “Beş manatlıq gəlin” (1939), “Durna” (1947), “Rəisin arvadı” (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir.
Səid Rüstəmov 1907-ci il mayın 12-də Irəvanda anadan olmuşdur. Hələ uşaq ikən atasını itirməsinə baxmayaraq, oxumaq arzusunu arxa plan keçirmədi. Onun musiqiyə olan marağı Irəvanda ibtidai məktəbdə oxuduğu illərdən diqqəti cəlb edirdi.
1918-ci ildə Irəvanda baş verən erməni vandalizmindən didərgin düşüb Türkiyəyə gedən Səidgilin ailəsi az vaxtdan sonra yenidən Irəvana qayıdıb. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçüblər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürüblər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşıb.
Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq, yeniyetmə Səid musiqiyə olan marağından geri çəkilmədi.
Professor Elmira Abbasova: “Tezliklə Rütəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan, rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi Musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəyovun yanına aparır. O da Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur”.
Həyatında baş verən maraqlı bir hadisə onu musiqi sənəti ilə demək olar ki, əbədi qovuşdurur. Bu xatirə bəstəkara həsr olunan radiooçerklərin birində öz dilindən belə səslənib:
“Həm musiqi, həm də rəsm dərslərini eyni məktəbdə keçirdik. Bir gün rəsm məşğələsindən çıxmışdım. Otaqların birindən gələn piano səsi məni valeh etdi. Ayaq saxlayıb qulaq asmağa başladım. Birdən müəllimlərdən biri mənə yaxınlaşdı və dedi: Nə üçün burada durmusan? Cavabında – eşitdiyim musiqi çox xoşuma gəlir, ona qulaq asıram – dedim. Müəllim mənim musiqiyə münasibətimi soruşdu. Mən də bu sənətə olan böyük məhəbbətimi və həm piano, həm də truba alətlərində ifa edə bildiyimi söylədim. O mənim başımı sığallayıb musiqi səsi gələn otağın qapısını açdı, əlimdən tutdu və biz içəri girdik. Piano arxasında mehriban çöhrəli bir kişi əyləşmişdi. Onlar salamlaşdılar. Sonra müəllim məni o şəxsə təqdim edib – bu uşağın yaxşı musiqi duyumu var – dedi. Beləliklə, onlar birlikdə mənim musiqi qabiliyyətimi, ifa bacarığımı yoxladılar. Nəhayət, mən başa düşdüm ki, bu mehriban şəxs Üzeyir bəydir. Beləliklə, Üzeyir bəy məni dərhal musiqi texnikumunun tar sinfinə göndərdi. O gündən də həm mənə atalıq qayğısı göstərdi, həm də sənət yolumu müəyyən etdi”.
Korifeylərin dərs otağında
Səid Rüstəmov musiqi texnikumunda muğamları ustad tarzən Mənsur Mənsurovdan, not dərslərini isə dahi Üzeyir bəydən alır. O, istedadlı və bacarıqlı bir tələbə kimi bütün müəllimlərin rəğbətini qazanır. Sonralar 1929-cu ildə, yəni musiqi texnikumunu bitirməzdən bir il əvvəl həmin məktəbdə tar müəllimi kimi fəaliyyətə başlayır.
Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutunu bitirir. Səid Rüstəmovu digər sənətkalardan – sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilinin əsaslarını öyrədən məktəbdə başlayıb.
Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji Institutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaratmışdır.
1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın “Bayatı-Kürd” fantaziyası bu əsərlərindəndir. “Yaxan düymələ” və “Yadıma düşdü” xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir.
Musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk “Tar məktəbi” dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət mahnı və rəqs ansamblının (1951) rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpmışdır. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirmişdir.
Xalq musiqisinin ustadı
S.Rüstəmovun yaradıcılığının mühüm bir istiqaməti də var ki, bu bəstəkarın xalq musiqisinə münasibətidir. Yaradıcılığının ilk dövrlərindən xalq musiqisi ilə, folklorumuzla ciddi maraqlanan bəstəkar bu sahədə müstəsna xidmətlər göstərib. Ilk dəfə aşıq musiqisi nümunələrini məhz S.Rüstəmov nota köçürmüşdü. Daha sonra – 1938-ci ildə ustad xanəndə Cabbar Qaryağdıoğlunun ifasından 50 xalq mahnısını nota salmışdır. Bundan əlavə “100 xalq mahnısı” məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz S.Rüstəmov yaradıcılığına aiddir.
S.Rüstəmovun pedoqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olmuşdur. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutmuşdur. Dahi Üzeyir Hacıbəyovun vəfatından sonra Azərbaycan Bəstəkarlar Ittifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.
S.Rüstəmovun seçiciləri ilə keçirdiyi görüşlərin birində dediyi bu sözlər indi də sevgiylə xatırlanır: “Hər bir bəstəkar kimi mən də xalq üçün yaşamaq və yaratmaq, bütün qüvvə, bilik və istedadımı xalqa vermək istəyirəm, çünki bu ən böyük səadətdir”. S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də sadə insanların mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. Onun səsi-sorağı Beynəlxaq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümumdünya və Ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olmuşdur.
Sənətkar 1938-ci ildə Əməkdar Incəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRI Dövlət mükafatına layiq görülmüşdür. Iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.
Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir